Ru
18:09 / 16 Sentyabr 2020

“20 Yanvar” qaziləri Nazirlər Kabinetini məhkəməyə verir

8197
“20 Yanvar” İctimai Birliyi (İB) Nazirlər Kabinetini məhkəməyə verməyə hazırlaşır.

Bu barədə Birliyin sədri Sultan Əzimzadə “Facebook” hesabında məlumat paylaşıb.


Onun fikrincə, “20 Yanvar” əlillərinin əlillik sənədində səbəb kimi “əmək zədəsi”, “bədbəxt hadisə” terminlərinin yazılması nəinki onlara, eyni zamanda xalqımıza qarşı hörmətsizlikdir:

“1990-cı ilin “20 Yanvar” hadisələrindən 30 ildən çox vaxt keçməsinə, “20 Yanvar” İB adından çoxsaylı müraciətlərimizə baxmayaraq, Nazirlər Kabinetində 20 yanvarda hansı hadisənin baş verdiyini ya anlamırlar, ya da anlamaq istəmirlər. Artıq müraciətlərin heç bir nəticə verməyəcəyini düşündüyümüzdən qərara gəldik ki, Nazirlər Kabinetini məhkəməyə verək”.

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu da bununla bağlı narahatlığını ifadə edib. Qazi bildirib ki, əslində bu məsələ uzun zamandır müzakirə edilsə də, həllini tapmayıb:

“Bu, bizi narahat edir. Çünki Azərbaycanda qaziliyin əsasını qoyan “20 Yanvar” qazilərinin əlilliyinin səbəbinin “əmək zədəsi” kimi yazılması biabırçılıqdır və yolverilməzdir. Onlar Azərbaycanın müstəqilliyi uğrunda əlil olublar və təbii olaraq bu hal onların sənədində öz əksini tapmalıdır. Biz, Qarabağ qaziləri dövlət orqanlarına məsələyə yenidən baxmaları, ədalətli qərar vermələri üçün müraciət edirik. Ümidvarıq ki, problem tezliklə həllini tapacaq”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “BakuPost”a bildirdilər ki, bu məsələ artıq həllini tapıb:

“Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.2. yarımbəndinə əsasən Şəxsin əlilliyinin xüsusi səbəblərdən biri kimi “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbi müəyyən edilib. Əvvəlki tarixlərdə qüvvədə olmuş qanunvericilik aktlarında göstərilmiş əlillik səbəblərinin dəyişdirilməsi üçün vətəndaşlar DTSREA-ya müraciət edə bilərlər. Bildiririk ki, əvvəlki tarixlərdə qüvvədə olmuş qanunvericilik aktlarında göstərilmiş səbəblər (1990-cı il 20 yanvar gecəsi “əmək zədəsi”, “bədbəxt hadisə”) qeyd olunan vətəndaşların sosial təminat hüququna hər hansı bir maneə yaratmır. Belə ki, onlar müharibə əlillərinə bərabər tutulmaqla, müvafiq əlillik dərəcəsinə uyğun Prezident təqaüdü, habelə, mənzil və avtomobillərlə təmin edilirlər”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər