Ru
15:36 / 05 Avqust 2019

20 yaşlı qızın başqasının uşağına ana olması

20242

Səidə İsmayılova

 

Elə olur ki, qəfildən həyatın boyunca həmin ana qədər duymadığın, aşinası olmadığın hislər keçirirsən. Hansı ki nə yaşına-başına, nə sosial mövqeyinə, nə iqtisadi vəziyyətinə, nə fikirlərinə...  

Stop! Məgər hislər (guya ürək) fikirlərə (guyasız beyin) uyğunmu olur? Bəlkə, elə fikirlər hislərə uyğunlaşır? Ya da hislərlə fikirlər arasında elə bir assosiasiya filan yoxdur?


 Yəqin ki, düzgün olan məhz sonuncu variantdır. Çünki "böyüyüm, sevdiyim və ən əsas da ailəmin uyğun gördüyü adamla evlənim, bəyaz gəlinlik içində bir gəlincik olum, şirin uşaqlarım, isti yuvam olsun" təfəkküründə yaşamayan, yaşamaq nədir, bu tip düşüncələr ağlının ucundan belə keçməyən, yaşadığı cəmiyyətə, xalqının malik olduğu dəyərlərə, milli mentalitetə uyğunlaşmaqda bir xeyli çətinlik çəkən, heç uyğunlaşmaq istəməyən 20 yaşlı qızın başqa bir adamın valideynlik duyğusuna şərik ola bilməsinin səbəbini digər variantlarla izah etmək mümkün deyil. 


Ümumiyyətlə, valideyn olmaq nə deməkdir ki? Təbiətin qanunlarına və ehtirasa, şəhvətə bəzən qərarlılıqla, bəzən ehtiyatsızlıq ucbatından tabe olub qadın və kişi cinsi hüceyrələrinin birləşib mayalanmasını təmin etməkmi, 9 ay boyunca qarnında daşıyıb doğmaqmı, "ah, gecələr yatmamışam, mən sənə lay-lay demişəm"lərmi, böyüyüb-başa çatdırmaqmı, təhsil almasına şərait yaratmaqmı, evləndirib yerbəyer eləməkmi, onun da uşaqlarını "mənə bir köynək aralısan, amma səni dədəndən-nənəndən də çox istəyirəm, köpək uşağı" deyib əzizləmək, qayğısına qalmaqmı?

 

Nədir axı bu valideynlik? Hərdən fikirləşirəm ki, çox güman, valideynliyin nə olduğunu min əzabla, zülm-zillətlə böyütdüyün övladın bir gün sənə "Sən mənim üçün neyləmisən ki?" sualını verəndə anlayırsan. Anlayırsan ki, ayə, onun üçün ömrünü-gününü sözün əsl mənasında çürütdüyün, məhv elədiyin, sənin üçün hər şey olan insanın yanında artıq heç bur dəyərin yoxdur, sən artıq onun üçün heç nəsən, heç nə! Elə həmin andaca övladından ötrü indiyə qədər nələr elədiyin kinolent kimi keçir gözünün qabağından, bir-bir epizodlara baxırsan, deyirsən ki, a haramzadə, sənə görə elədiklərim gözündən gəlsin, bütün əziyyətlərimin qarşılığı bu idimi?


Adəmoğlunun belə bir aqibətlə valideynliyin "mahiyyəti"ni anladığını fikirləşməkdə olsam da, günlərin bir günü dostum dedi ki, həyatda uşaq böyütməkdən gözəl nə var ki? Onun nazını çəkmək, onu sevindirmək valideyn üçün ən böyük həzdir, ləzzətdir. Düzü, əvvəl matım-qutum qurudu, öz fikirlərimlə müqayisə edib anlamağa çalışdım ki, nə deyir bu adam? Axı mən həmişə düşünürdüm ki, uşaq böyütmək ən çətin, ən məsuliyyətli işdir. Əşi yenə buna dözmək, hətta xoşhallanmaq olar. Amma, ən pisi odur ki, uşaq böyütmək valideynə "sən mənim yaşaya biləcəyim gözəlliklərə mane olmusan" dedirdəcək qədər bezdirici, yorucu olur axı...


Dostumun həyatın gözəlliyini niyə uşaq böyütməkdə gördüyünü dərk edə bilmədim. Ta ki onun öz övladını necə əlahiddə, necə məxsusi sevdiyini başa düşənə qədər. O hər dəfə övladına olan həsrətindən danışanda kövrəldim, gözlərimdə yaş gilələndi, ağladım, hönkürdüm, bu ədalətsizliyə fəryad etmək istədim. İstədim deyəm ki, dünyanın ən həssas adamına niyə dünyanın ən böyük dərdi, ələmi düşür axı. Fəqət yenə də sadəcə başa düşə bildim, tam anlamı ilə hiss edə bilmədim... 

 

Qayıtdıq başaaa. Demək ki, başa düşməklə, qavramaqla, dərk etməklə hiss etmək ayrı-ayrı şeylər imiş. Demək ki, fövqəladə olan fikirlər, düşüncələr, təfəkkür deyil, hislər imiş. Və burdaca yada düşər Füzuli:

Elm bir qilü-qal imiş ancaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər