Ru
17:35 / 18 Oktyabr 2019

Vətən – nə qığılcım oyanır, nə də ehtiras coşub-daşır...

7340

Səidə İsmayılova

18 oktyabr Milli Müstəqillik Günü!

Bu gün içində müstəqilliklə, bağımsızlıqla əlaqədar nəsə hiss eləyən də, eləməyən də status paylaşır, profilinə bayraq şəkli qoyur, biri “Bir kərə yüksələn bayraq bir daha enməz” deyir, o biri “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyir, bir başqası da deyir ki, “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”.
Hələ bu təntənəli bayrama məktəblərdə əzbərlənən neçə-neçə “Azərbaycan” şeiri, qalaq-qalaq yığılan müstəqil vətən mövzulu məzmunsuz inşalar, məcburi yazdırılan imlalar da qoşulur. Bəs bütün bu canfəşanlıqlar adamın içində göyün üzünü darmadağın eləyən atəşfəşanlıq qalsın bir yana, heç olmasa, kiçik bir qığılcım oyadırmı?

Görəsən, o güzgü qarşısında məşq edilmiş şeirlər iliyə dəyirmi? O yazılan inşalardan vərəqə daxili təlatüm, həyəcanmı keçir, yoxsa elə ancaq hazır internet mətni köçürülür? O imlanı oxuyan müəllim şagirdlərinin gözündə nə görür? Vətənə sevginin coşğusundan, azadlıq ehtirasından doğan parıltımı? Ya “vətən” sözünün harada kiçik, harada böyük yazıldığını bilməməkdən doğan tərəddüdmü?

Yəqin ki, nə qığılcım oyanır, nə iliklər oynayır, nə də ki ehtiras coşub-daşır. Bəs bu formal təntənənin mənasızlığından çıxış yolu nədədir? Necə olmalıyıq ki, vətən sevgisini içimizdə yanğı ilə hiss edək? Dahası, nələr eləmələyik ki, o sevgini hiss etdirək? Bəlkə, o şeirləri kitablardan çıxarıb, yaddaşımızdan silib yenilərini yazmalıyıq? Bəlkə, o hazır internet mətnlərini yerli-dibli yoxa çıxarmalıyıq? Bəlkə, o “vətən” sözünü dildən çıxarıb başqa bir sözlə əvəz etməliyik ki, vərəqə yox, qəlbimizə yazılsın?

Bu “bəlkə”lər çox uzanar, bir nəticə də hasil olmaz. Amma bir bunun bəlkəsiz olduğuna şübhəm yoxdu, elə etməli idik ki, hər hansı bir tələbə uzun illər keçəndən sonra 2019-cu ilin 18 oktyabrını tədbir adı ilə dərsdən qaçmaq yox, müstəqilliyi, bağımsızlığı bütün varlığı ilə hiss etməyin verdiyi qürurla xatırlamış olsun.

Şərhlər
  • Məmmədova Mahirə

    Çox mükəmməl .. Uğurların bol olsun

  • lale Aliyeva

    Tebrikler ,qizim.Yene sensen ,ozunexsus,ferqli baxis ...Halal olsun Fexrimizsen

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər