Ru
15:14 / 24 May 2019

Qarabağ münaqişəsinin həllinin bir yolu var - İlham Əliyev

2268
 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi.


Bakupost xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxışı zamanı dilə gətirib.


Ölkə başçısı torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğal altına düşdüyünü xatırladıb. Onun sözlərinə görə, ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin:



 "O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır.


Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır”.


"Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur”, - deyən dövlət başçısı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyini xatırladıb:


"Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. 


Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik.


Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilib, qəsəbə salınıb, oraya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. 


Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər