11:04 / 13 Noyabr 2021

26 illik xəyanət dosyesi - Qalan bircə Konstitusiyam…

3929
Çingiz Özgür

Bu gün seçki məntəqələri və seçki prosesi ilə rəsmi tanışlığımdan 26 il keçir! 12 noyabr 1995-ci ildə Milli Məclisə, Naxçıvan MR Ali Məclisinə seçkilər və Konstitusiya qəbulu üçün keçirilən referendumda Naxçıvan şəhərindəki bir seçki məntəqəsində AXCP-tərəfindən müşahidəçi idim.

O gün bu gündür, eləcə müşahidə edirəm...

18 yaşlı, bütün hüceyrələrinə qədər ümid dolu bir gənc idim. Seçkinin sadəcə təyin olunan gün, təyin olunan yerlərdə, qutulara atılan bülletenlər əsasında olduğuna inanan, “həyat seçkilərindən” xəbəri olmayan bir gənc. Bundan əvvəl qapı-qapı imza toplama prosesində, sonra isə toplantılarda, görüşlərdə yaxından iştirak etmişdim. Seçki kampaniyası ilə iç-içəydim. İlk dəfə idi ki, ölkədə proporsional seçki sistemi də var idi – partiyalara səs verilməsi. Futbol şərhçilərinin dili ilə desək, hər saniyəsi mübarizə dolu bir günü arxada qoyub yorğun- arğın qərargaha gəldik. Deputatlar seçildi, partiyalar sıralandı, konstitusiya təsdiqləndi.

Mən yaxşı müşahidəçiyəm, heç nəyi unutmaram. İndiki kimi yadımdadır. Əvvəl mən iştirak etdiyim dairədən seçilən deputat öldü, sonra gözlərim baxa- baxa, təmsil etdiyim, bayrağını daşıdığım partiya çoxalmanın “amöb üsulu”-nu seçdi, amma çoxalmadı, əksinə, bölünə- bölünə yox oldu. Daha sonra ölkədə iki dönəm tətbiq olunan proparsional seçki sistemi “gorbagor oldu”.

Ümidli olduğumuz adamlar əlimizdən ümidimizi alıb öz gözlərinə soxdu, liderimiz, yolbayımız gedəli, liderliyə iddialı olanlar o boyda partiyanı uçurub, qalıqlarından "siyasi komisyonnu" açdı. “Çıxıb düzəldəcək" dediklərimiz çıxdı və “düzəltdi”. Əvvəl gün-dirliyini, sonra vəziyyətini, imkanını düzəltdi.Sonra uşaqlarını yaxşı ali məktəblərə, qutarandan sonra da yaxşı vəzifələrə düzəltdilər. Evlərini, maşınlarını düzəltdilər. Xülasə, biz nəzərdə tutduğumuzdan başqa hər şeyi düzəltdilər.

Gözüm görə- görə oldu, bilirsiz axı, məndə yalan olmaz, müşahidə edirdim...

Partiyalar yarandı, partiyalar birləşdi, ayrıldı, dağıldı. Bölündülər, parçalandılar, qanadlandılar, ama quş olub uça, haqq qapısın aça bilmədilər. Partiya sədrləri dəyişdi, sədrlər müavin, müavinlər köməkçi oldu. Köməkçilər sədr oldu, sonra bir neçəsi birlikdə həmsədr oldu. Yeni-yeni sədrlər gəldi. Həm gəldi, həm getdi. Bir partiya qalxmaq istəsə o birilər dartdı, sonra bu qalxantəhər oldu, onlar aşağı dartdılar. Dartdılar, yaxaları cırıldı.

Müşahidə edirdim axı, beləcə də oldu...

Fəhlələr nazir oldu, nazirlər məhbus olub, həbsə düşdü, həbsdən çıxdı ölkədən getdi. Bəziləri görüşmədən getdi, bəzisi görüşüb öpüşüb getdi, gedəndən sonra “demokrat oldu”. Sonra qayıdıb gəlib Bakının üstündən fırlanıb Ukraynada yerə yenib, tutulub, azad edilib yenə getdi...

Ən ağır söyüşlərlə söydüklərini, ən yaltaq sözlərlə tərifləyənlər oldu. Düşərgəsini alt paltarından daha tez-tez dəyişənlər oldu. Keçmişindən, keçmişdəki özündən imtina edib, gələcəyə getmək istəyənlər oldu. Amma unutdular ki, “keçmişinə atəş açanı, gələcəyi topa tutar”. Bir nəfərə görə bir eli təhqir edənlər, bir eli özünə qurban verməyə hazır olanlar özünü sonradan həmin o elə qurban dedi. Az qaldı özü –özünü yerə yıxa, öz boğazını kəsib, öz əliylə qanını alınlara yaya ki, günahı bağışlana. Sənədlərdə, dəftər-kitabda bağışlandılar, daxildə-ürəklərdə isə əsla. Qandığına qanmamışam, bildiyinə bilməmişəm, görməmişəm, eyləməmişəm, etməmişəm, deyənlər oldu.

Nədi, olmadımı? Oldu axı. Baxırdıq, görürdük, müşahidə edirdik…

Müxalifətin liderliyi uğrunda "yurddaşlarını" bir yerə yığıb, öz liderinə xəyanət edənlərə elə məhz öz "yurddaşları" xəyanət etdi. Həqarət yazdıranlar həqarətin ən qəddar çalarların gördülər. Şər yazdıranlara şər qənim oldu, sayqısızlıq edənlər hələ də sayqı umur.

Yazdıranın dediyini yazanlar bir andaca tərəf dəyişdirdi. Tənqid yazanlar tərif yazmağa, xırda adamlardan sifariş alanlar yavaş-yavaş sifarişçilərini böyütdülər. Sifarişçi böyüdükcə elə bildilər özləri də böyüyəcək. Amma olmadı. Özləri böyümədilər. Di gəl ki, düzün deyək, pis qazanmadılar. Pulu da, nifrəti də. Var dövləti də, söyüş-qarğışı da bol-bol doldurdular diz döşəkçələrinin altına.

Müşahidələrimiz beləcə deyir.

Yekə- yekə məmurların, nazirlərin kürəyini ekstazdan dişi ilə dişləyən, dırnağı ilə qaşıyanlar şirkət rəhbəri oldu, müdir oldu, hətta “patron” oldu, di gəl, lazımlı anda patronun içinin boşluğu bəlli oldu. Bir atımlıq barıtın belə olmadığı ortaya çıxdı. Amma ki, el içinə çıxanda "biz buralara dişimizlə, dırnağımızla gəlmişik" dedilər. Bilməyən elə bildi ki, zülüm çəkiblər, onu deyirlər.

Yaxşı müşahidəçilər bildi söhbət nədən gedir.

Üzə durdular, dirəşdilər, həyasızlıq elədilər...
Gəldilər, getdilər, verdilər, aldılar...
Beləcə 26 il keçdi…

Ümid ölmür deyənlərə inanmayın. Müşahidə qabiliyyətin yaxşı oldusa, ümid elə “ən gənc yaşda ölür”. Heç yas tutmağa da vaxt olmur. Müşahidəçi başını kənar məsələlərlə qatmamalıdır. Fikri seçkidə olmalıdır. Yalnız seçkidə! Həyat seçkilərində!

Əlqərəz…

Bir iki dəfə o yan-bu yanı düzəldilsə, əlavələr edilsə də, o ildən bu ilə bizə qalan elə bircə konstitusiyamızdır. Anayasamız.

Konstitusiya gününüz mübarək, əziz müşahidəçilər!


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər