Ru
20:51 / 02 May 2021

3 devalvasiyadan sonra “ayıldıq”: nəticəsi isə budur - Şok statistika

1987
Azərbaycan hökuməti 2015-ci il böhranından, 3 devalvasiyadan, neftin qiymətinin kəskin enməsindən sonra birdən ayıldı və aqrar sahəni prioritet elan etdi. Amma hər sahədə olduğu kimi, aqrar sahəyə də elmi, “vizioner” yanaşma olmadı. Pambıq sevdası qabardı, əmrlə pambıq əkildi – suvarma problemi yaşandı, digər sahələrə su çatmadı; heyvandarlığın örüş yerlərinə pambıq əkdilər, yem bazası daraldı, yem bahalaşdı, nəticə etibarı ilə ət də bahalaşdı.

Sonra şərabçılıq sevdası yarandı, elə bildilər ki, şərab bazarı asan bazardır, elə üzüm əkdin, sıxdın, şüşəyə doldurdun – vəssalam, hamı alacaq. Son 3 ildə şərab ixracı hər il azalır, idxalı isə artır, çünki şərabdan öncə onun hekayəsini yaratmalısan, o hekayəni “satmalısan”, yeni bazarlara çıxış əldə etmək haqqında düşünməlisən, sertifikatlaşma məsələsini həll etməlisən, məhsulun keyfiyyətli, həm də ucuz olmalıdır. Heç bir hədəf tutdurulmadı, bu sevda da xəyal olaraq qaldı.

Sonra fındıqçılıq sevgisi baş qaldırdı, amma yenə də sertifikat, keyfiyyət və qablaşdırma öncədən həll edilmədiyindn bazarlara çıxmaq çətinləşdi, ildən-ilə fındıq istehsalı və ixracı azalmağa başladı.
Pomidor-xiyar, xurma ənənəvi sevdamız idi, bu sahədə də yeni bazarlara çıxış strategiyası olmadığı, tək bir Rusiya bazarından asılılıq yarandığı üçün Şimal Ayısı istəyəndə sərhədi bağladı, təzyiqlər etdi, istəyəndə açdı, bu sahədə də dayanıqlı inkişaf strategiyası yaranmadı.

İnsan övladı, təxminən 10-12 min il əvvəl Mesopotamiyada ilk dəfə əkin-biçinlə məşğul olmağa başladı, suvarmanı, əkməyi, primitiv seleksiyanı öyrəndi, insanlıq tarixi dəyişdi, oturaq həyat yarandı. Azərbaycan hökumətinin aqrar siyasəti fəlsəfi olaraq hələ də qədim Mesopotamiya səviyyəsində qalıb: əl əməyindən geniş istifadə, məhsuldarlıqla bağlı problemlər, suvarmaya primitiv yanaşma, seleksiya işinin zəifliyi, kənd təsərrüfatında elmin özünə yer tapmaması – bütün bunlar aqrar sektorun zəif nöqtələridir.

Hökumət anlamır ki, indiki yanaşma ilə aqrar sektor valyuta gətirən deyil də, dollar aparan sahədir. Məsələn, bu ilin ilk rübündə 500 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edilib, bura qızıl, qara və əlvan metallar da daxildir. Amma bir rəqəmə diqqət edək: Fəxr etdiyimiz meyvə-tərəvəz ixaracı 3 ayda cəmi 97 mln. dollar olub, elə həmin kateqoriyada, yəni meyvə-tərəvəz idxalımız isə 73 mln. dollar təşkil edib – cəmi 24 mln. dollarlıq müsbət saldomuz var.

Və ya, çay ixracı ilə öyünürük, bu ilin ilk 3 ayında 2 mln. dollarlıq çay satmışıq, amma 12,7 mln. dollarlıq idxal etmişik, almışıq, deməli, bu sahədə 10,7 mln. dollarlıq mənfi saldomuz var.

Alkoqollu və alkoqolsuz içkilərdə 3 aya ixracımız 3,4 mln. dollar, idxalımız isə 13,3 mln. dollar olub – mənfi saldomuz 10 mln. dollara yaxındır.

Bitki və heyvan mənşəli piylər və yağların ixracı bu ilin ilk 3 ayında 8,4 mln. dollar, idxalı isə 63 mln. dollar olub – mənfi saldo 54,6 mln. dollar təşkil edib.

Bu hələ məsələnin görünən tərəfidir. Güclü aqrar sektor yaratmaq üçün ölkə olaraq bizim güclü elmi bazamız olmalıdır. Bu gün toxumlar, gübrələrin böyük bir qismi, dərmanlar, damazlıq heyvan, quş, yumurta, qablaşdımada istifadə elən materiallar, suvarma sistemləri, nəhayət avadanlıqlar, texnika və onların ehtiyat hissələri – bütün bunlar xaricdən alınır. Və bu gün əminliklə demək olar ki, xaricə satdığımız aqrar sektor məhsullarından əldə edilən valyutanın azı 3-4 qatını xaricə çıxartmaqla, elə həmin aqrar sektora lazım olanları almaqla məşğuluq.

Belə aqrar sektor inkişafı olmur. Elmi labaratoriyalar, toxumçuluq, seleksiya, avadanlıq, gübrə və dərman istehsalı olmadan aqrar sektor inkişaf edə bilməz. Əl əməyindən mümkün qədər imtina, aqrar sektorun rəqəmsallaşması baş verməsə, rentabellik və məhsuldarlıq olmayacaq. Əkin sahələrimizin, su ehtiyatlarımızın az olması elmi aqrar-sənaye kompleksinin yaranmasını diktə edir, bizim hökumət isə insanların əlinə bel, arxasına yel verməklə aqrar sektoru inkişaf etdirmək istəyir – tipik “Mesopotamiya” yanaşmasıdır.

Böyük Hərbi Qələbədən və torpaqlarımızın yağı düşməndən azad edilməsindən sonra aqrar sektorun yeni perspektivləri açılır, amma hökumət burada da “Potyomkin kəndləri” haqqında danışır – 30 ildə, məsələn, Kürdəmirdə “ağıllı kənd” qura bilməyən sistem, bunu, məsələn, Qubadlıda bacararmı?!

Məncə, cavab aydındır, bu idarəetmə və düşüncə ilə mümkünsüz görünür. Deməli, “ağıllı kənddən” öncə ilk növbədə “ağıllı sistem” qurmaq, təsis etmək lazımdır…

Natiq Cəfərli, iqtisadçı ekspert
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər