Ru
10:53 / 03 Oktyabr 2020

30 ildir tapdanan ləyaqətimiz, əzilən şərəfimiz… və İlham Əliyevin savaşı

3058


Anar Niftəliyev

Ali Baş Komandanın 27 sentyabr əks-hücum əmrinin mahiyyətini izah etmək mümkün deyil.

Əminəm, buna tarix qiymət verəcək: bu günü tarixçilər araşdıracaq, çoxsaylı filmlər çəkiləcək, tədqiqatlar aparılacaq.

Amma heç vaxt bu günün Azərbaycan xalqı üçün nə demək olduğunu izah edə bilməyəcəklər; bu günü izah etmək, o Əmrin mahiyyətini açmaq mümkünsüzdür. Bunu ancaq yaşamaq lazımdır.

Biz – bu günü yaşayırıq...

Bu gün Ali Baş Komandan Tarix yazır. Biz İlham Əliyevin yazdığı bu Şərəf Tarixinin canlı şahidləriyik!

Amma bu Tarixi yazana qədər nələr oldu?..

...İndi bu sətirləri yazarkən həmkarlarımdan biri İlham Əliyevin 27 sentyabrdan öncəki çıxışından bir parça atdı. Bu parça hazırda sosial şəbəkələrdə qürurla paylaşılır.

İlham Əliyev orda deyir: "Mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onları (Qondarma “Dağlıq Qarabağ respublikası”nın rəsmən tanınmasını nəzərdə tutur). Tanımırsınızsa, deməli qorxaqsınız!”

Bu söz artıq İlham Əliyevin düşmənin heç bir təxribatına bundan belə dözmək niyyətində olmadığının göstəricisi idi...

***

İlham Əliyev döyüş əmri verəndən sonrakı çıxışlarında görün nələri xatırlatdı: 1992-93-cü illərdə torpaqların necə itirilməsi faktından tutmuş Paşinyanın il yarım əvvəl Şuşaya gəlib, Azərbaycanı aşağılamaq cəhdinə qədər, hər şeyi...

O, bizim qədər yox, bizdən dəfələrlə artıq bu hadisələrə həssaslıq göstərirmiş;

O, bütün bu prosesləri xırdalığına qədər ölçüb-biçib, dəqiq zamanlama aparırmış...

Politoloqlar, siyasi xadimlər hər zaman bunları deyirdi.

Etiraf edin, inanmayanınız da vardı.

İndi gördünüzmü?

***

İlham Əliyev 27 sentyabrda bu millətin qürurunu, 30 ildir tapdanan ləyaqətini, 30 ildir aşağılanan şərəfini özünə qaytardı!

İlham Əliyev bu əmrlə Dağlıq Qarabağın əbədiyyən Azərbaycan olduğunu bütün dünyaya göstərdi!

İlham Əliyev elə bir şey etdi ki... bunu ifadə etməyə sözlər kifayət deyil!

***

İlham Əliyev kimdir və dünya siyasətində yeri hardadır?

Düşündüyümü açıq deyəcəm: Pele dünya futbolu, Fişer dünya şahmatı üçün kimdirsə, İlham Əliyev dünya siyasəti üçün odur!

Pele meydana girəndə, Fişer taxta arxasına keçəndə hamı susur və dördgözlə izləyirdi: çünki bilirdilər ki, heç vaxt standart oyun olmayacaq – hamı daha hansı möhtəşəm qol, daha hansı möhtəşəm kombinasiya göstəriləcəyini gözləyirdi.

İndi dünya İlham Əliyevi bu cür izləyir!

***

Bu aralar çox tez-tez səslənir: “Hamı Ali Baş Komandanın ətrafında sıx birləşməlidir”.

Vaxtı keçmiş şüardır. Bu xalq bu şüarı eşitmək istəmir. Çünki...

Türk dünyasının müdriklərindən olan Mahmud Kaşğari hələ 11-ci əsrdə yazırdı ki, türklər özündən böyüklərə, yaşlılara, ağsaqqallara heç vaxt “sən” demirlər, “siz” deyirlər. Bu, türklərin qarşısındakının yaşına və mənsəbinə hörmətinin əlamətidir.

Yəni bizim böyüklərə “siz” müraciətimizin min illərə dayanan tarixi var.

Yalnız bir fərqlə: biz özümüzə həddən artıq yaxın olan böyüklərə heç vaxt “siz” deməmişik. Hətta öz içimizdə Allaha müraciət edəndə də bizə “şah damarımızdan da yaxın olana” “siz” demirik!

Qardaşımıza, atamıza, babamıza da “siz” demirik – onlar hətta Xaqan olsa da!

Əlbəttə, sayğımız, sevgimizdən dolayı İlham Əliyev hər zaman “siz”dir. Ancaq hazırda bütün xalq daxili müraciətində ona “sən” deyir! Çünki İlham Əliyev o qədər doğmadır bizə!

“Qardaş” sözü təfəkkürümüzdə qan qohumluğundan daha böyük məna ifadə edir. Qardaş – son tikəni böldüyün şəxsdir, yolunda öldüyün şəxsdir, canını göz qırpmadan verdiyin şəxsdir.

“Qardaş” sözü ona görə bizim dilimizdə bu qədər əzizdir!

İlham Əliyev artıq bizimçün qardaşdır, atadır, babadır; o, bizim qan qardaşımız, can qardaşımızdır!

“Sıx birləşmək” nə deməkdir ki?!

İndi İlham Əliyevin idealları uğrunda, onun göstərdiyi yol uğrunda və məhz İlham Əliyev uğrunda gözünü qırpmadan ölümə getməyə hazır 10 milyon... yox, 50 milyonluq Ordusu, Qardaşı var!

***

Dünən gecə övladlarımı yatıranda onlara dua edirdim və sevincimi onlarla bölüşdüm. Dedim, şükürlər olsun Allaha ki, dünyanı, ölkəni dərk etməyə başladığınız bu günlərdə sizin Prezidentiniz İlham Əliyevdir! Siz hardan biləsiniz ki, Vətəni dərk etməyə başlayanda başçı kimi Əbdürrəhman Vəzirovu görmək dəhşəti nə deməkdir?!

Onlar yəqin ki, başa düşmədilər. Ancaq mütləq anlayacaqlar, onlara mütləq anladacağıq!

15 iyunda başlayan Qurtuluş gününü İlham Əliyev Qurtuluş zəfəri ilə tarixə həkk edəndə anlayacaqlar...

...İndi biz o gün üçün yaşayırıq, cənab Ali Baş Komandan!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər