Ru
20:21 / 08 Yanvar 2020

Abşeronda deputatlığa namizəd olan jurnalist “məlikməmmədlər ordusu” yaradır

3433
45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizəd Musayev Ceyhun Musa oğlu hazırda davam edən seçki prosesi barədə musavat.com-a kiçik müsahibə verib. BakuPost həmin müsahibəni təqdim edir.

- Sizin deputatlığa namizədliyinizin qeydə alınması il bağlı problem yaşanmışdı. Sonradan yayılan xəbərlərdə problemin həll olunduğunu oxuduq. Nə baş vermişdi?

- Namizədliyimlə bağlı prosesi yaxından izlədiklərinə görə jurnalist həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. 31 dekabr gecəsi ovqatıma mənfi təsir edən hadisə baş verdi. Əslində 45 saylı Abşeron seçki dairəsinin mənimlə bağlı, daha doğrusu seçki sənədləri ilə bağlı verdiyi qərar Seçki Məcəlləsinin müvafiq maddələri ilə uyğunluq təşkil edirdi. İki sənəddə uyğunsuzluq var idi, bu da anlaşılmazlıq yaratmışdı. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bu anlaşılmazlığa aydınlıq gətirərərək, bu dəfə Seçki Məcəlləsinin tələblərinə uyğun namizədliyimin qeydə alınması barədə qərar çıxardı. MSK-dan, bu ali qurumun rəhbərliyindən, üzvlərindən və bütün əməkdaşlarından çox, çox razıyam. Şəxsimlə bağlı qərar cəmiyyətdə, xüsusən də jurnalistika camesində böyük ruh yüksəkliyi ilə qarşılandı. Şəffaf, obyektiv və demokratik seçkinin şahidi və iştirakçısı olacağımıza bizdə böyün əminlik yaranıb. Bu əminliklə mətin addımlarla irəliləyirik.


- Hazırda vəziyyət necədir? Təbliğat-təşviqat mərhələsinə hazırsınızmı?

- Hazırda hazırlıqlarımız yüksək səviyyədə davam edir. 45 saylı Abşeron seçki dairəsinin ərazisinə düşən qəsəbələrdə və şəhərdə demək olar, hər kəs bizdən danışır. Təbliğat və təşviqata rəsmən başlanılmadığı üçün bu barədə geniş danışmaq istəmirəm. Bu istiqamətdə namizədlərə ayrılacaq vaxt ərzində möhtəşəm performans göstərməyə hazırlaşırıq. Artıq planımızın nəzəri hissəsi tam hazırdır. Bugündən təbliğat və təşviqat materiallarının hazırlanmasına başlamışıq.


- Fikirlərinizdən çox böyük inama malik olduğunuz aşkar görünür. Seçki günü neqativ halların yaşana biləcəyini heçmi göz altına almırsız? Bildiyimiz qədər əsas rəqibiniz hər mənada güclü bazaya malikdir. Seçki günü hansısa sürprizlərlə qarşılaşa biləcəyiniz ehtimalını hesablamısınız?

- Birinci hissədən başlayaq. İnam olmasa, insanlar yaşaya bilməzlər. Biz dövlətə sədaqətimiz, vətənə sevgimiz, xalqa qayğımız, rəhbərliyimizə böyük hörmətimiz, enerjimiz, savadımız, peşəkarlığımız, ən nəhayət bütün seçiciləimizə əsrarəngiz məhəbbətimizlə yola çıxmışıq. İkinci məsələyə gəldikdə isə tək 45-də deyil, bütün dairələrdə hakim partiyanın namizədləri resurslar baxımından güclüdürlər, biz bu məqamı 100 faiz analiz edərək, seçkiyə qatılmaq qərarı vermişik. Bir nüansı da deyim: xalq parlamentin hansı səbəbdən buraxıldığını bilir və yəqin bu şanlı tarixin unutmayacaq, seçici qismində yeni parlamentin qurulmasına səs verəcək. Seçicinin soruşmağa haqqı var, Məsələn belə: Prezidentin islahat sürətilə ayaqlaşa bilmədiyinizi etirafdan sonra?... Yenə?.. Xahiş edirəm, bu fikirləri mənə aid etməyin, seçicilərin iradı məhz məntiqin diktəsidir. Seçkidə sürprizlərin yaşanacağından geniş danışmaq istəməzdim. Sürprizsiz seçki olmur və 45 saylı dairədə o sürprizi biz yaşadacağıq, nəinki bizə qarşı yaşanacaq. Hələlik açıqlamaq istəmədiyimiz planımızdan bir hissəni diqqətinizə çatdırım: seçkinin taleyi qutuda həll olur. İstərəm seçicilərim seçki prosesinə yönələn inamsızlığa bürünmüş tərəddüdlərindən əl çəksinlər. Əsas və birinci şərt hər bir sakinin seçkiyə gələrək səs verməsidir. O səsləri biz göz bəbəyimiz kimi qoruyacağıq. Artıq müşahidəçilər ordusu yaratmışıq. Ərazimizdə 36 məntəqə olmalıdır. Biz 72 “Məlikməmməd” seçmişik. Onları obrazlı belə adlandırırq. Seçki prosesini izləyəcək məlikməmmədlər gözlərini qırpmayacaqlar, onlar barmaqlarını kəsib, yaraya duz tökməyə hazrdırlar, təki şəffaf və mübarək seçki prosesinə zərrə də xələl gəlməsin. Birincisi, şəffaflıq ölkə başçısının tələbi, arzusu, demokratiyanın öhdəliyidir. İkincisi isə seçicilərin bizə münasibətini çoxdan müəyyənləşdirmişik. Yetər ki, müqəddəs seçki qutusuna yad elemen düşüb, oranı virusa sarmasın. Musayev Ceyhun Musa oğlunun rəhbərlik etdiyi könüllülərdən ibarət müşahidəçi qismindəki məlikməmmədlər ordusu seçki prosesinin xəstəliyə düçar olamasına imkan verməyəcəklər. Seçkidən başlayan xəstəlik o qədər dəhşətli ola bilir ki, bütün ölkə bu mərəzə yoluxur. Biz dövlətimizə, “gözün üstə qaşın var” deyilməsinə belə, imkan vermərik. Hər şey, hamı gəldi gedərdir, təkcə dövlətdən başqa. Biz hüquqi dövlətimizin təməl prinsipi olan seçkidə divlərin almanı oğurlamasına imkan verməyəcəyik.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər