Ru
18:00 / 18 Oktyabr 2019

Afaq Bəşirqızı- Azərpaşa davası: kim haqlıdır? - RƏYLƏR

7773


Xalq artisti Afaq Bəşirqızı teatrın ümumi problemləri və aktyorlar məsələsini yenidən gündəmə gətirib. Sənətkar Azərbaycanın əsas teatrı hesab edilən Akademik Milli Dram Teatrının və Teatrlar İttifaqının rəhbəri Azərpaşa Nemətov barədə ciddi ittihamlar səsləndir
ib.

Mətbuatın mədəniyyət yazarları qalmaqala səbəb olan bu açıqlama ilə bağlı BakuPost-a öz fikirlərini bölüşüblər:

Lent.az-ın əməkdaşı Ramilə Qurbanlı hesab edir ki, prezidentə müraciət edən Xalq artistinin tarixi faktlarda diqqətli olması vacib idi: “Afaq xanım digər ittihamlarında haqlıdır, ya yox, onu deməyəcəm. Amma bir halda ki, xalq artisti ölkə başçısına müraciət edirdi, gərəkdi tarixi faktlarda bir az daha diqqətli olaydı. Professor İlham Rəhimlinin Akademik teatrın tarixi ilə bağlı üç cildlik kitabının 1-ci cildində 1919-cu il teatr tarixi ilə bağlı bölümdə faktlar açıq-aydın verilib. “Azərbaycan teatrının 147 yaşı var. Ona dövlət statusu isə 1919-cu il oktyabrın 24-də verilib”. Yəni Azərbaycan teatrının 147 yaşı var. Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyidir bu il. Mədəniyyət naziri Əbülfəs Qarayev də çıxışında aydın deyir: “Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, Yuğ teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.




“Sputnik”in müxbiri Kamal Almuradlı hesab edir ki, Azərpaşa Nemətovun teatr sahəsində təsadüfi adam kimi qiymətləndirilməsi doğru deyil: “Məsələyə iki cür yanaşmaq lazımdır. Azərpaşa Nemətov həm yaradıcı insandır, həm də idarə edən şəxsdir. Çox vaxt bu iki funksiyanı yerinə yetirmək hər adamda alınmır. Azərpaşa müəllim rejissor kimi öz dəsti-xətti olan şəxsdir. Onun Azərbaycan teatr səhnəsində maraqlı və fərqli tamaşaları olub. Bu baxımdan onu təsadüfi adlandırmaq məncə, yumşaq desək, günah olar. İdarəedən şəxs kimi isə subyektiv fikir kimi bildirim ki, müəyyən nöqsanları var. Amma bu da onu təsadüfi adam kimi qiymətləndirməyə haqq vermir. Adam uzun illərdir Teatr Xadimlər İttifaqına rəhbərlik edir. Təbii ki, dəyişiklik lazımdır. Ölkə rəhbəri bu günlərdə çıxışında da bildirdi ki, savadlı gənc kadrların qarşısını almaq olmaz. Onlara meydan verilməlidir. Məncə, A. Nemətov rejissor kimi fəaliyyət göstərsə, mədəniyyətə daha çox xeyiri dəyər”.



“Kaspi” qəzetinin mədəniyyət müxbiri Xəyalə Rəis bildirib ki, Afaq Bəşirqızının bu çıxışı alqışlanılası deyil: “Afaq Bəşirqızının çıxışını izlədim. Onu deyim ki, mart ayında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Afaq Bəşirqızının aktyorların maaş məsələsini qabartması və həmkarlarının sosial vəziyyəti ilə bağlı toxunduğu məsələdə hər kəs onu dəstəklədi və hətta onu dəstəkləyənlərdən biri də mən idim. Çünki bu məsələ uzun müddət idi ki, öz həllini gözləyirdi və Afaq xanımın çıxışından sonra cənab Prezident məsələni diqqətində saxladı. O ki qaldı Afaq Bəşriqızının xalq artisti Azərpaşa Nemətov haqqında səsləndirdiyi fikirlərə, məni bir sual maraqlandırır: görəsən, nə üçün Afaq Bəşirqızı bu qədər müddət susdu və Akademik Milli Dram Teatrının 100 illiyinin keçirildiyi ayda danışdı? Bu bir təsadüfdürmü? Afaq xanımın bundan əvvəlki etirazında hər kəs ona dəstək çıxdı, çünki bu məsələdə sonacan haqlı idi. Ancaq yeni səsləndirdiyi ittihamında nə qədər haqlı olub-olmadığı haqqında ortaya kifayət qədər dəlil qoymadığı üçün onun bu etirazı birmənalı qarşılanmır. Dəlili olarsa və fikirlərini əsaslandırmağı bacararsa, əlbət ki, hər kəs də ona dəstək çıxar. Əks təqdirdə, bu, heç də alqışlanası hal deyil. Çünki Azərpaşa Nemətov da bu sənətə təsadüfən gəlməyib”.





Jurnalist Zülfiyyə Qurbanova isə həmkarlarının fikrinin əksi olaraq Afaq Bəşirqızının haqlı olduğunu, onun çağırışına qoşulduğunu bildirib: "Mən Afaq Bəşirqızının haqlı olduğuna şübhə etmirəm. Afaq xanım həmişə doğrunu söyləyib və özündən əvvəl aktyorların mənafeyini düşünüb. Bu göz qabağındadır. Onun Azərpaşa Nemətov barəsində söylədiklərinin həqiqət olduğunu düşünürəm. Çünki A.Nemətovdan narazı olan aktyorlar az deyil. Sadəcə danışmağa ehtiyat edirlər. Teatrın yaşını təhrif etməsinə söz tapa bilmirəm".




Xatırladaq ki, bu günlərdə “Qafqazinfo” saytı vasitəsi ilə prezidentə müraciət edən Xalq artisti Azərpaşa Nemətov haqqında sərt fikirlər səsləndirib. Onu teatr tarixini təhrif etməkdə, 15 ildir Teatrlar İttifaqı üçün heç bir iş görmədiyini iddia edib.

Günel Musa
BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər