Ru
16:40 / 27 Fevral 2020

“Ağır mətnlər üzrə redaktor”un dəhşətli taleyi - Ya ünvanı, ya da dünyanı dəyişiblər...

9280


Şahbaz Xuduoğlu

DOSTUMU AXTARDIĞIM GÜN

Həyatınızda rol oynamış insanları axtarmağı unutmayın

Bəzən içində vazkeçilməz bir ehtiyac yaranır: nə zamansa həyatında rol oynamış insanı görmək istəyirsən.

Əl telefonuna zəng edirsən. Bağlıdır. Şəhər telefonuna zəng edirsən: “Burda elə bir insan yaşamır”. Onu daha yaxından tanıyan insanlara baş vurursan. Uşaqlıq dostları, onunla bərabər çalışanlar... ya ünvanını, ya da dünyasını dəyişiblər. O zaman yaddaşına güc verirsən, onu görə biləcəyin ünvanları saf-çürük edirsən. Son dəfə bağdan zəng etmişdi. Bilgəhdən. Bilgəh böyük, onu tapmaq nağıldır...

Eldarın həm atası, həm də anası öləndə evlərinə getmişdim. Sovetskidə Mirzə Fətəli küçəsinə. Zənnimcə, dağıdılan hissəyə düşmür. “Nizami” metrosundan çıxanda soldan dolanbac və darısqal yollarla Mirzə Fətəliyə çatanda onların evi görünürdü. Demək, öncə o dolanbac yolu tapmaq lazımdır.

Yaddaş əlamətlə möhkəm olar.

Vəfa kişi məni Mirzə Fətəli küçəsinə apardı. 6-cı paralel tərəfdən. Vergi Cinayətləri İdarəsinin yanından Mirzə Fətəli küçəsində maşından düşdüm. Öncə dolanbac yolu tapdım, Mirzə Fətəliyə çıxan hissədən, köhnə Sovetski məhəlləsinə baxdım. Artırmalar çoxdur, balkonlar, otaqlar... Əlavə mərtəbə tikən də var, amma ins-cins belə yoxdur, adamlar qeybə cəkiliblər.

Bir məhəlləyə girdim, qapılar bağlıdı, artırmalar məhəllə yolunu daha da darısqal edib, məhəllələrdən evlərə açılan qapıların önündə saplardan paltarlar asılıb. Ümumi həyətdə (o artıq çox az qalıb, hər qonşu bir hissəsini qapazlayıb) qurumaq üçün saplardan kişilərin paltarları, qapılarının ağzında isə uşaqların və qadınların, bir də alt paltarları asılıb. Bir qapıya işıqçı öz nömrəsini yapışdırıb. Hündürdən “salam!” deyə sələndim, bir neçə dəfə təkrarladım...



Başqa məhəllələrə də girdim, demək olar ki, eyni mənzərə...

Özümü başqa bir aləmdə hiss edirəm, çox qəribədir, niyə bu qədər yaxın olmağımıza rəğmən buradakı dünyadan xəbərsizik?

Növbəti məhəllədə qapısında yataq ağı asılmış evdən xanımın cavabı gəldi.

- Eldar Quliyevi axtarıram, qədimdən bu məhlələrdən birində yaşayıb.
- Yox, mən tanımıram!

İçəridən TV səsi eşidilirdi, hansısa türk seriyalına baxırdı.

Digər məhəllədən semeçka qovurmasının ləzzətli qoxusu gəlir, əlim cibimdə semeçka dənəsi axtardı. Sonuncu dəfə semeçka çırtlamağım heç yadıma gəlmir ...

“Burda mütləq kimsə olacaq”, deyə düşündüm. Açıq qapıdan futbol şərhçisinin qızğın səsi eşidilirdi. Yaxınlaşıb qapının yaşmağını taqqıldatdım və başımı içəri uzatdım. Balaca otağın divarlarında köhnə jurnallardan kəsilmiş şəkillər vardı, birini tanıdım, ABBA-nın albomunun üz qapağıydı. Otağın bir tərəfində, qapının ağzında yataq, dərinliyində isə qaz pilətəsi qoyulub, onun qarşısında kiçik bir yemək masası. Masanın arxasında maykada oturmuş tüklü bədənli kişi “gəl!” dedi. Qaranlıq otağı TV-nin mavi işşığı rəngləndirmişdi. Qabağında alüminium nimçədə 6 ədəd soyutma kartof vardı. Cılımları şişmişdi. Ağzındakını udub “nə lazımdır” - deyə laqeyd şəkildə soruşdu. Bir gözü TV də olsa da, Eldarı tanıdı, nişan verdiyi ilk girdiyim məhəlləydi: “Sağ qapını yenə döy, kimsə olmalıdır”.

...Qapını açan qardaşıydı, keşiklər kimi qara bürüncüdə olsa da, dərhal tanıdım.
- Bəlkə görmək istəməzsən?
- Onu görmək üçün gəldim.

Məhəlləyə girdik. Soldakı qapını açdı və “keç” dedi.

Otağın ağır qoxusu təzyiqlə məni bayıra itələdi. Duruxdum. Bu ara qardaşı irəli keçib havanı yardı. Otaqdan futbol şərhçisinin qızğın səsi eşidildi.

Eldar TV-nin qarşısında oturub gözünü ona zilləmişdi. Cılımları doluydu. Yanındakı masadakı nimçədə kotletin yarısı qalmışdı. Gözünü qırpmadan futbola tamaşa edirdi.

Qolumu kürəyinə aşırdım, ona tərəf əyilib başını qoxuladım.

Qardaşı altıma stul çəkdi, televizorla Eldarın arasında oturdum.
“Çox zaman özündə olmur. Bəzən nəyə baxdığının da fərqinə varmır. Qəzaya düşəndən sonra, aldığı beyin zədəsinə görə 7 il olar ki, bu vəziyyətdədir”.


Eldar üzünü qardaşına tutdu. Sifəti qəzəbliydi. Çətinliklə “6 il” deyib mənə baxdı. Yalnız indi tanıdı. Güclə başa düşülən şəkildə səni ... tanımazdım dedi.
(səni küçədə görsəydim tanımazdım)

Eldar dostu Eyvazla 2003-cü ildə Azadlıq prospektini keçərkən hər ikisini maşın vurmuşdu. Eldarın yerində öldüyünü zənn edən təcilli yardım həkimləri təkcə Eyvazı dərhal xəstəxanaya çatdırırlar. Amma Eyvazı xilas etmək olmur. Hadisə yerini müayinə edən polislər Eldarın cəsədini maşına atıb xəstəxanaya gətirilər. Həkim testində canlı olduğu bilinir. Qardaşlarının təkidi ilə əməliyyat masasına alınır. Xəsarətləri ağır olsa da, Eldarın həyatı xilas olur.

Qardaşlarının himayəsi altında yayı bağa köçür, qışı isə Sovetskidə olan evlərinə. Beləcə yarımcan olsa da, yaşayır. 6 il olar ki, aldığı ağır kəllə travmasının əlaməti olaraq özünü idarə etməsi mümkünsüz olub. Danışığını, hərəkətini nizamlaya bilmir. Nə etdiyini bilmir, nə dediyini kimsə anlamır. Yaxşı ki, televizor var. Heç nəyə baxmağının da fərqində deyil.

6 aydan bir sistem qoşulur, dərmanlar vurulur, o zaman nisbətən halı özünə gəlir.

Balaca otaqda Eldarın yatağı, üstündə babası və dayılarının şəkilləri olan bufet və paltar dolabı.
Müşahidəmi görən qardaşı müdaxilə edir: “Təmizləyici bu gün gələcək. Hamıya etibar etmək də olmur. Hər gələn nəsə aparır. Bir dənə paltarı qalmayıb. Hamısını təmizlikçilər daşıyıb”.

Sərdar sözünə davam edir:
“Qışda mən baxıram. Təqaüdə çıxmışam. Məhz ona görə. Yayda isə başqa qardaşım, Fikrət baxır. Bağda. Növbələşirik. Gözləyirəm yay gəlsin, bəlkə harasa dincəlməyə gedim.
İndi yaxşıdır. Yayda halı pis olur. Nə istəyir, uşaqlar alıb verir. Amma ona hər şey vermək olmaz. Mən artıq ona nə lazım olduğunu bilirəm. Özüm nə yeyirəm, ona da verirəm. Bu gün vermişel-kotlet yedim, ona da qoydum. İştahı yaxşıdır. Özü isə daim “marojna” istəyir. Yeyəndən sonra halı pisləşir. Şirini olmaz ona”.

Eldar Quliyev uzun müddət “Yazıçı” nəşriyyatında redaktor işləyib. Mən ona “ağır mətnlər üzrə redaktor” demişəm. Axı o həm də KİTABİ DƏDƏ QORQUDUN redaktoru olub. O, istənilən mətni daş kimi yonmağı bacarırdı.

Sonra Vaqif İbrahimoğlu YUĞ teatrını yaradanda onu direktorluğa dəvət etdi. YUĞ-un ilk təşkilatlanmasında əməyi çox olub.

YUĞ-dan gedəndən sonra Eldar Qutlu imzası ilə mətbuatda yazılar yazır, tərcümələr və mürəkkəb mətnləri redaktələr edirdi. Maşın vuran gecə Eyvazla birgə üzərində işlədikləri pyesi yenicə bitirmişdilər. Növbəti gün ağlama variantını teatra aparacaqdılar... Hadisənin şahidi qadın ifadə verəndə “mən heç zaman küçəyə səpələnən bu qədər vərəq, əlyazması görməmişdim”, demişdi.
Sərdarla danışanda Eldar da arada sözləri horralayır, nəsə deməyə çalışır. “Maşallah, dilin açılıb bu gün”, - Sərdar deyir.

“Mən də o telefondan istəyirəm”. Baxışlarını əlimdəki telefona yönəldir.

“Ona olmaz. İndi belə deməyinə baxma, çox vaxt özündə olmur. Həm də nə zəng edəni var, nə də ona zəng edən”.
Eldar yenə müdaxilə edir: “Şahbaza zəng edəcəm”. “Lazım olanda onu mən taparam”, - Sərdar deyir.

Eldardan ayrılıram. Çoxlu suallarla:

1. Görəsən, Eldarı belə görməkdə düzmü etdim? Qəzadan salamat çıxandan sonra görüşürdüm. Danışığı zəifləsə də başa düşülürdü. “Əllərimin enerjisi ilə özümü sağaldıram” deməklə güclü görünməyə çalışırdı. İndi isə dediklərini yalnız Sərdar anlayır. O da həmişə mümkün olmur.

2. Görəsən, Eldar bu formada yaşamağına razı olardımı? Sərdara görə Eldar uşaq kimidir, gərək, daim nəzarət edəsən, əli çəksən öləcək. Bəzi istisna vaxtları nəzərə almasaq, nə etdiyinin heç fərqində deyil. Heç televizorda da nəyə baxdığını və niyə baxdığını anlamır.

3. Bəs qardaşlar necə etməlidir? Təqaüdə çıxıb qardaşa baxmaq, hər səhər stulda oturtmaq, qabağına yemək qoymaq, təmizliyini etmək... Yəni xəstə ilə yanaşı xəstə həyatı yaşamaq insafdırmı? Buna hər insan tap gətirə bilərmi?

4. Özünü dərk etməyən insan heyvandan pisdir. Hərəkətləri idarə olunmazdır. Onlara gərək, peşəkar qayğı olsun. Qohum-əqrəba qayğısı hər iki tərəfi asta-asta məhv edir; qayğı altında olanı da, qayğı göstərəni də.

Eldarla çəkdirdiyim şəkilləri uşaqlarıma göndərirəm. Bir vaxtlar bizim evin çox əziz qonaqlarından biri olduğuna görə.
Şərhlər
  • Vəsimə İsmayılqızı

    Təşəkkürlər, Şahbaz Xuduoğlu! Mənə çox ağrılı məqamları xatırlatdı...

  • ƏLİ HACI AĞAEVLİ

    EŞQ OLSUN SƏNƏ ŞAHBAZ BƏY ! ÜRƏYİMİ AĞRITDIĞINÇÜN...........!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər