Ru
15:38 / 09 Sentyabr 2019

“Ağzımı açıb yenidən kislota tökdü” - Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL

5605

Arvadının üstünə kislota tökərək onu yandırmaq istəyən Fuad Axundovun cinayət işi üzrə məhkəmə keçirilib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə zərərçəkən Xatirə Axundova dindirilib.


“Ailəmin istəyi ilə ailə həyatı qurmuşam. Hər gün bir problem, hər gün bir söz-söhbət olurdu. Mənə heç bir söz haqqı vermirdi. Mənim bir ana kimi uşaqlarıma həyətə çıxmağa icazə vermək haqqım yox idi. Deyirdi ki, sən kimsən ki, icazə verirsən? Evdə nəsə olanda mən danışa, cavab verə bilməzdim.


Son zamanlarda münasibəti çox pis oldu. Yatmışdım, mənə zəng elədi ki, ya boşanırıq, ya da ikinci arvad alıram. Dedi ki, razılaşmasan, boşayacam. Dedim ki, mən ailəmə nə deyim? Niyə boşandığımı deyim? Sonra Fuad evə gəldi, ailəmə dedi ki, ailəsini qorumaq istəyir. Artıq özünü başqa cür aparırdı. Bu olmuşdu mələk, ailəsini dağıtmaq istəyən kimi ortada mən qalmışdım”.


Hadisə günü baş verənlər haqda danışan Xatirə Axundova deyib ki, evə gələn zaman Fuad onu aldadıb.


"Evə gələndə kislotanı üzümə atdı. Hər yer toranlaşdı, heç nə görmürdüm. Yalvardım ki, məni buraxsın. Əlindən çıxıb hamam tərəfə qaçdım. Arxamca gəlib orda da tutdu. Yenə də üstümə kislota tökməyə başladı. Yalvardım ki, məni burax. Əlindən çıxıb uşağın otağına girdim. Qapını sındırıb içəri girdi. Ağzımı açıb yenidən kislota tökdü. Məcbur edirdi ki, udum. Amma udmadım. Əlindən çıxıb qaçanda dedi ki, təslim olmağa gedir. Hələ deyirdi ki, mən çıxana qədər ölməsəm, gəlib özüm öldürəcəm”


X.Axundova bildirib ki, daha əvvəl də Fuad Axundov onu döydüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib.



F.Axundovun vəkili zərərçəkmişə suallar verib. Soruşub ki, əgər Fuad "kislota"nı onun ağzına tökübsə, indi necə danışır?


Xatirə Axundova 9 aydır müalicə aldığını, həmin xəsarətlərlə bağlı ekspert rəyi olduğunu bildirib.


Qeyd edək ki, hadisənin baş verməsinə səbəb qısqanclıq olub. Belə ki, Fuad Axundov həyat yoldaşı Xatirə Axundovanın üzərinə turşu maddəsi tökərək onun üzünü və bədəninin müxtəlif nahiyyələrini yandırıb.


Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər