Ru
12:40 / 23 Sentyabr 2019

“Alim Qasımovun evində kirayə qalıram” – Fərqanə Qasımova sirləri açdı (MÜSAHİBƏ)

30156
“Sevdiyim insan üçün vuruşmağı bacardım, sevgimə görə hər şeyimi fəda etdim...”


Azərbaycan xalq mahnıları və muğamların ən yaxşı ifaçılarından biri kimi tanıyıb sevdi tamaşaçı onu. BakuPost-un müsahibi hər zaman qalmaqaldan uzaq, sadəliyi ilə diqqət çəkən Əməkdar artist Fərqanə Qasımovadır:



- Bu günlərdə Fərqanə xanımda nə yeniliklər var?


- Bəzi sənətçilər var ki, həqiqətən bir iş görmək üçün, həm maddi, həm mənəvi çox əziyyət çəkirlər. Amma mənim kimi sənətçilər daha çox kənardan təklif gözləyir. Gözləyirik ki, konsert, hər hansı bir ciddi layihə təklifləri gəlsin. Ona görə də bizim işimiz bir qədər çətinliklə gedir. Milli Konservatoriyada təhsil alan iranlı bir tələbənin Nəsiminin “Sığmazam” qəzəlinə yazdığı mahnı üzərində işləyirəm. Demək olar ki, son hazırlıq işləri gedir. Müəllif Nəsiminin eyniadlı qəzəlinə çox fərqli yanaşıb. Əslində Nəsimini sözügedən qəzəlinin çox bəsit şəkildə təqdim edilməsi məni aylardır, narahat edirdi. İçimdə buna qarşı kəskin bir etiraz var idi. Eşidəndə ki, belə bir musiqiçi var və belə bir mahnı bəstələyib, onunla görüşüb tanış olmaq istədim. Mahnını dinlədim xoşum gəldi. Hələ heç yerdə ifa etməmişəm. İstəyirəm bu il mahnını tamaşaçılara klip kimi təqdim edim.


- Nəsiminin bir çox qəzəlləri var. Amma bütün musiqiçilər nədənsə “Sığmazam”a fokuslanıb...


- Əslində, bunun çox qıcıqdoğuran bir səbəbi oldu. Mənə elə gəlir ki, Nəsimiyə edilən bu hörmətsizlikdən sonra insanların diqqəti bu qəzələ yönəldi. Bunu bir növ sahiblənmək kimi də qəbul etmək olar. Amma Nəsiminin “Allahu Əkbər, ey sənəm, hüsnünə heyran olmuşam” qəzəli 20 il bundan əvvəl elə mənim öz toyumda Rasim Balayevlə Alim Qasımovun ifasında səsləndi. O gündən sonra Alim Qasımov Rasim Balayev dueti yarandı. İndi də həmin qəzəl dillər əzbəridir.





“Atamı o vəziyyətə salmağımı özümə bağışlaya bilmirəm”


- Əvvəllər toy məclislərinə getmirdiniz. Bunun səbəbi ailədən qaynaqlanırdı, yoxsa öz seçiminiz idi?

- Səfərlərimiz həddindən artıq çox olurdu. Bizim çamadanlarımız demək olar ki, qapı ağzında olub həmişə. Alim müəllimlə işbirliyinə başlayandan toy haqqında düşünməmişəm. Bəzən təəssüf edirəm ki, niyə düşünməmişəm. Niyə də olmasın? Çünki maddi tərəfdən toydan əldə olunan gəlir sənətçiyə böyük dəstəkdir. Biz elə olur ki, həftələrlə səfərdə oluruq. Gecəmiz gündüzümüz qarışır. Bütün rejimimiz pozulur, amma demək olar ki, toya gedən müğənnilərin bir saatda qazandığı pulun heç yarısını da qazana bilmirik. Onların bir saatda qazandığını biz həftələr, aylar ərzində qazanırıq. Düzdü, bu səfərlərin mənə qazandırdığı mənəvi zənginlikləri heç bir toyda əldə etmək mümkün deyil. Amma maddi cəhətdən toy vacibdir. Çünki həyata keçirmək istədiyimiz arzularımız, layihələrimiz var ki, burda maddiyyat əhəmiyyətli rol oynayır. Ona görə də artıq dəvətlər gələndə imtina etmirəm.





- Hər kəsin bəyəndiyi bir nöqtəyə gəlmək nə qədər çətindir?


- Mənim üçün çox çətindir. Bu artıq mənim libasımdan da bəllidir. Hicablı xanımın konsertlərdə, səhnələrdə çıxışına hansısa bir maneə törədilə bilər. Bu gün hansısa bir müğənninin öz ətrafına asanlıqla böyük tamaşaçı kütləsi toplamaq şansı məndə yoxdur. Mənim şansım ancaq istedadımla, avazımla, fərqliliyimlə, səsimlə ola bilər. Bu gün mənim pərəstişkarlarım illər ərzində, ancaq sevgi ilə topladığım tamaşaçılardır.


- Tənqidə qarşı dözümlüsünüzmü?


- Açığı indiyə qədər tənqid olunmamışam. Amma düşünürəm ki, bu mövzuda olduqca həssasam...



- Alim müəllim danlamır sizi?


- Mən icazə vermirəm ki, Alim müəllim məni danlasın. Mən onun nəfəsini o qədər duyuram ki, artıq bir baxışından bilirəm, o nə istəyir, onun yanında necə davranmaq lazımdır. Ona görə də mən danlanmıram. Amma sizə bir əhvalat danışım İsraildə səfərdə idik. Onda mənim 19 yaşım var idi. Qaldığımız otelin yanında böyük bir park vardı. Mən bir az tez-tez yeriyirdim. Atam mənə dedi ki, gəz dolan, amma axırda gəl bu ağacın altında dayan. Məni burda gözlə, heç yerə getmə. Axşam düşdü, hava qaraldı. 5 dəqiqə gözlədim. Sonra hövsələm çatmadı, çıxıb getdim otelə. Sən demə, atam orda məni necə ürək döyüntüsü ilə axtarıb. Mən onun otel otağına girişini görəndə özümü çox pis hiss etdim. Onun o pərişan halı gözümün önündən getmir və hələ də, orda danlanmağımı, atamı o vəziyyətə salmağımı özümə bağışlaya bilmirəm.


- Mənə elə gəlir, Alim Qasımovun qızı olmaq çətindir...


- Kənardan Alim Qasımov aqressiv görünə bilər, amma o sənətinin o qədər zirvəsindədir ki, onun tələbləri ərkəsöyünlük kimi görünür. Onun tələbləri yersiz deyil. Nizam-intizamı çox sevir, gecikməyi sevmir. Onu sənətçi kimi dəyərləndirmək lazımdır. Atam təbiətən o qədər sadə insandır ki, hərdən mən ona övladı kimi yox, qonşusu kimi baxıram. Onu sevən bir pərəstişkarı kimi baxıram. Uşaqlarımın babası kimi baxıram, anamın həyat yoldaşı kimi baxıram, valideynlərinin övladı kimi baxıram, Allahın bəndəsi kimi baxıram və sonra görürəm ki, bu nə qədər gözəl insandır. Heyrətə gəlirəm ki, bu qədər gözəllik balaca bir bədənə necə sığa bilib.


- Siz də hər zaman sakit görünürsünüz. Bu sakitlik nə zaman pozulur?


- Hər bir insanın içində əsəb də, nifrət də, kin də, sevgi də var. Baxır onu necə idarə edirsən. Əgər insanın içində Allah sevgisi varsa, o hissləri cilovlaya bilir. Kənardan mələk kimi görünə bilərəm, amma mənim də içimdə insana aid olan bütün bu xüsusiyyətlər var. Sadəcə yüyənlərini möhkəm saxlayıram (gülür). Pis insan yoxdur, pis xasiyyət var.



- Bu aləmdə qalmaqalsız ötüşməyi necə bacarırsınız?


- Çətin olmur. O zaman çətin olar ki, öz xoşumla qalmaqalın içərisinə girib özümü orda itirim. Kiminsə təhqirini eşidib özümü küncə sıxılmış kimi hiss edim. Qalmaqladan uzağam. Hətta kiminsə mənim adımdan dediyi sözü eşidəndə belə gecəni səhərə qədər yata bilmirəm ki, “mən axı belə söz deməmişəm, niyə mənim adımdan danışırlar”. Müğənni var ki, özü bilərəkdən qalmaqal yaradır.



- Bir müddət əvvəl boşanma xəbərləriniz yayıldı...


- Boşanma xəbərim çıxanda mən hələ bir il deyildi ailə qurmuşdum. Heç indiki qədər tanınmırdım, şöhrətim yox idi. Belə başa düşdüm ki, insanlara başqalarının ayrılmaq söhbəti, kiminsə ailəsinin dağılması xəbəri xoş gəlir. Onlar bu cür xəbərləri yaymaqdan, danışmaqdan zövq alırlar. Amma mən insanları bu mövzuda sevindirmədim. Çox gərginliklər yaşandı ailəmdə, çətinliklərlə üzləşdim, amma təslim olmadım. Sevdiyim insan üçün vuruşmağı bacardım. Bəzən oldu sevgimə görə hər şeyimi fəda etdim.


- Hər şeyiniz var: sənətiniz, sizə hər zaman dəstək olan atanız, həyat yoldaşınız övladlarınız... Bəs Fərqanə Qasımova qadın kimi xoşbəxtdirmi?


- Mən şöhrətimə, ad-sanıma baxmayaraq, ailəmi hər zaman qoruyan qadın olmuşam. Başa düşmüşəm ki, bu həyatda qadın üçün ailədən gözəl bir şey yoxdur. Övladlar, ata –ana, dünya bir yanadır həyat yoldaşı, ailə bir yana. Sənətim üçün nə qədər çalışmışamsa, ondan beş qat çox ailəm üçün çalışmışam. Mən bəzən dünyada ən xoşbəxt qadın olmuşam, bəzən ən bədbəxt qadın olmuşam. Bəzən çox gülmüşəm, bəzən çox ağlamışam. Məndə bütün qadınların obrazı var. Hərdən deyirəm ki, məni bir filmə çəksələr, bütün qadınların obrazını oynaya bilərəm. Çünki mən onların hamısını yaşamışam. Bu gün deyə bilərəm ki, xoşbəxt qadınam. Çünki hər zaman mübarizə aparmışam.


- Övladlarınıza qarşı mühafizəkarsınız?

- Qətiyyən mühafizəkar deyiləm. Mən övladlarıyla dost olmağa çalışan bir anayam. Onlarla söhbət etməyə çalışıram. Amma bəzən qaydaları pozduqları zamanlar da olur. Bu da təbiidir. Kim deyə bilər ki, ananın qoyduğu qadağanı pozmayan uşaq var?



- Çox erkən yaşda ailə qurmusunuz. Qızlarınıza qarşı bu mövzuda həssas yanaşırsınız, yəqin...


- Mənim ailə həyatı qurduğum o mərhələlər o qədər ani baş verdi ki, hər şey mənə yuxu kimi gəldi. 16 yaşımda elçi gəldilər, 18 yaşımda nişanım oldu, 20 yaşında ailə qurdum. Qızlarımın erkən ailə qurmasına razı olmaram Ailə qurandan sonra bir bağlılıq, məsuliyyət meydana gəlir. İstər- istəməz insan böyük bir yükün altına girir. Subaylıq həqiqətən də sultanlıqdır. İstəyərəm qızlarım o sultanlığı yaşasın.



- Bəzi sənətçilər “mən səhnəsiz, sənətsiz yaşaya bilmərəm” deyib səs və səhnə görünüşləri itirsə də, səhnəni tərk etmək istəmirlər...


- Mən sənətimi sevirəm, amma bu sənətdən asılı deyiləm. Əgər bir gün lazım gəlsə, mütləq gedərəm. Amma hələ ki bunun üçün bir səbəb yoxdur.



- Şöhrətiniz kimlərisə qıcıqlandırır?


- Qulaqlarımla eşitmişəm deyirlər ki, “Hara baxırsan bunlar ordadır”. Hətta elələri olub üz ifadələrindən hiss etdiriblər ki “Niyə siz varsınız?” Amma mən onlara bu hisslərinə görə nifrət etmirəm. Mənim onlara bir insan kimi yazığım gəlir. Yazıq ki, o içlərindəki nifrəti boğa bilmirlər. Amma bilmək lazımdır ki, bu sənət elə bir sənətdir ki, burda hər qapını Allah açır.


- Bəlkə də elə buna görə çoxları elə bilir ki, dəbdəbəli bir həyatınız var...


- Çoxları bizim maddi gəlirimizi, qonorarlarımızı gözlərində böyüdür. Amma düşündükləri kimi dəbdəbəli həyatım yoxdur. El məclisilərinə əgər hər ay getsək, normal qazancımız olur. Amma ayda, ildə iki-üç toya gedirik və demək olar ki, bizim gəlir yerimiz yoxdur. Bəlkə də heç kim inanmayacaq ki, mənim evim yoxdur.




- Kirayədə yaşayırsınız?


- Bəli, Alim Qasımovun evində kirayə qalıram (gülür). Atam evinin birini verib orda yaşayırıq. Özümün şəxsi mənzilim yoxdur.


Günel Musa

BAKUPOST


Şərhlər
  • Cavabsiz suallar

    Sizi qinamiram bildiyim yerecən hicabli xanimlain səsi yüksəkdən çixmamalidi naməhrəm qaisinda????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər