Ru
20:32 / 19 Fevral 2019

Anam sənə əmanət...

11926
 


Qanun Nəşrlər Evində yeni kitablar işıq üzü görüb.

 

BakuPost kitabların siyahısını təqdim edir:
 


Birnəfəsə və maraqla oxunan kitab!


Guardian

Persi Cekson-İldırım Oğrusu – Rik Riordan

Картинки по запросу İldırım Oğrusu

 


Rik Riordanın bu gün ən məşhur olan əsəri uşaqlar üçün nəzərdə tutulan Persi Cekson silsiləsindən olan romanlarıdı. 2005-ci ildə onun bu silsilədən olan ilk əsəri – «Persi Cekson və ildırım oğrusu» dərc olunur. Əsərin əsas qəhrəmanı günlərin birində qədim yunan tanrılarından biri olduğunu anlayan, disleksiyadan əziyyət çəkən on iki yaşlı oğlandır. Qəhrəmanın başına gələn fantastik hadisələrin hamısı yunan mifologiyasından məlum olan əsatirlərə uyğunlaşdırılıb. 


Persi Ceksonla bağlı ilk kitabı işıq üzü görən gündən yazıçının hər yeni çıxan əsəri «New York Times»ın best­sellerləri arasında ilk sıralarda yer alır.


Tərcüməçi: Zülfiyyə Abdullayeva


Öz bisnesini bənzərsiz və faydalı et!


 Bənövşəyi İnək – Set Qodin

Картинки по запросу Bənövşəyi İnək

 

Ənənəvi marketinq daha işləmir... Keçmişdə mükəmməl işləyən "reklam – distribüterlərə paylama – satış – reklam...” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli ol­du­ğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çe­virməkdir.   


Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. "Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen. 


Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mü­­­­təxəssisləri, reklamçılar, sahibkarlar, istehsal mene­cerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin "xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.


Tərcüməçi: Kazım Səlimov


 

Milyon nüsxə ilə satılan bestseller!


Anam sənə əmanət – Şin Qyonq-Suq


Картинки по запросу Anam sənə əmanət – Şin Qyonq-Suq 


İncə və dərin düşüncələrin tərənnümçüsü, yazıçı Şin Qyonq-Suqun şah əsəri hesab edilən ana hekayəsi, ana vasitəsilə danışılan ailə hekayəsi, ən böyük sevgi hekayəsi...


Park Sonyo – ərinə sadiq, övladlarını sevən, dörd uşaq­lı anadır. Bəzən sevilən, bəzən nifrət edilən, bəzən minnətdarlıq hissi duyulub, bəzən də şikayət edilən, ancaq torpaq kimi saf və möhkəm bir ana. Bir gün ehtiyatsızlıq ucbatından itkin düşür. Artıq yaşlı və xəstə olan ana. Seulda yaşayan övladlarına rahat olsun deyə, atalarının ad gününü qeyd etmək üçün kənddən gələrkən, Seul metro stansiyasında ərinin əlini buraxdıqdan sonra heç var olmamış kimi yox olur. Bütün üsullardan istifadə edərək övladları onu axtarmağa çalışır. Yalnız bu hadisədən sonra qədrini bilmədikləri varlığın əslində həyatlarında ən əhəmiyyətli varlıq olduğunu, həmişə onlarla birlikdə olan ananın dəyərini onun boşluğu vasitəsilə başa düşürlər.


Anasına verdiyi sözü tutmayıb arzusunu ürəyində qoyan böyük oğlu, dost kimi güvənsə də, ona qarşı laqeyd olan böyük qızı, istədiyi kimi böyüdə bildiyi kiçik qızı, bütün ömrünü həsr edib qulluğunda durduğu əri ana itdikdən sonra onunla olan acı xatirələri yada salır, danışarkən peşmançılıq çəkirlər. Bir insan, bir qadın. Arzu və ümidlərinə sarılan, gülən, ağlayan, sevinən, sevən, övlad dünyaya gətirib əlindən gələn hər şeyi edərək onları böyüdən insan. Uşaqları utanmasın deyə, başqasına olan sevgisini qəlbində gizlədən bir qadın, bir ana. Nəhayət, ana evə, geri gələ biləcəkmi? Ana geri gəlmək istəyirdimi? Görəsən ana həyatda qalmağı bacarmışdımı? Qəlbinizdə yatan ən dərin hisslərə toxunan dəyərli bir roman.


Tərcüməçilər: Rəfail Babazadə, Həsənova Vüsalə



Həyat və Biznes haqda beynəlxalq bestseller!


 Dayanma, Başla! – Riçard Branson

 

Картинки по запросу Dayanma, Başla! – Riçard Branson

Dünya səviyyəli iş adamı, "Virgin” Şirkətlər Qrupunun təsisçisi Riçard Bransonun qələmə aldığı "Dayanma, başla” kitabını avtobioqrafiya da adlandırmaq olar. Yaxın çevrəsində "doktor Bəli” kimi tanınan Branson bu kitabda keçdiyi həyat yoluna nəzər salır, qazandığı uğurların sirlərini ən xırda detallarına qədər oxucu ilə bölüşür. İlk biznesindən gələcək ideyalarına qədər bütün mərhələləri təfsilatı ilə oxucuya çatdıran müəllif özünü iş dünyasında görən, hədəfləri olan insanlar üçün bələdçilik etməyə, yol göstərməyə çalışır. Həyata, biznesə, iş dünayasına baxışlarını ayrı-ayrı fəsillərdə, müxtəlif başlıqlar altında sadə, anlaşıqlı və ən əsası səmimi dillə ifadə edən iş adamı oxucunu öz daxili aləmi, ruh halı ilə də tanış edir, ailə, dostluq, yaxşılıq kimi anlayışların həyatında oynadığı rola toxunur. 


Nəşrin ana ideyası, müəllifin əsas fikri insanları hədəf­­lərinə doğru cəsarətləndirmək, onları ətalətdən xilas etməkdir. Kitabın "Dayanma, başla” adlandırılması da təsadüfi deyil. Müəllif öz həyatından nümunələr gətirərək hansı risklərə imza atdığını, bunun üçün nələri qurban verdiyini dilə gətirir, insanları "Sadəcə başla” deyərək, cəsarətli olmağa səsləyir. 


Siz də bu kitabı oxumaqla əsl iş adamına xas keyfiyyət­lərlə tanış olacaq, həyatınızda, məşğul olduğunuz sahədə faydalı ola biləcək məlumatlar əldə edəcəksiniz.

                                  

Xoş mütaliə diləyi ilə!


Tərcüməçi: Sadiq Musa


 

Sirli Aqata Kristi vadisinə daha bir səyahət!


Vadi – Aqata Kristi


Картинки по запросу Vadi – Aqata Kristi

Aqata Kristi məşhur İngiltərə yazıçısı, detektiv janrının kraliçasıdır. Onun əsərləri dünyanın 100-dən çox dilinə tərcümə olunub. Bəşəriyyət tarixində əsərləri ən çox çap olunan yazıçıdır. Aqata Kristinin 60 detektiv romanı, 6 psixoloji romanı, 19 hekayə almanaxı çap olunub, 16 pyesi London səhnələrində tamaşaya qoyulub.


Həmin məşhur əsərlərin sırasında "Vadi” (ing. Hollow) detektiv romanı da hadisələrin qurulmasına, obrazların fərqliliyinə görə yazıçının yaradıcılığında olduqca önəmli yer tutur. Bu əsər ilk dəfə 1946-cı ildə Britaniyada "Collins Crime Club” nəşriyyatında, eyni zamanda da ABŞ-ın "Dodd, Mead and Company” nəşriyyatında çap olunub. Bu roman da Aqata Kristinin Erkül Puaro haqqında olan əsərləri seriyasındandır.


Tərcüməçi: Xanım Aydın

 


Heyrətlənməyə hazır olun!


Karolina – Nil Geyman

 


"Koralina” povesti tanınmış ingilis yazıçı-fantastı Nil Geymanın ən məşhur əsərlərindəndir. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş bu əsərdə cəsarətli, ağıllı və hər şeylə maraqlanan balaca Koralinanın başına gələnlər təsvir edilib. 


Real dünyada daim məşğul görünən valideynləri Kora­li­nanı çox sevsələr də, ona yetərincə vaxt ayırmırlar. Buna görə də qızcığaz darıxaraq özü üçün macəra axtarışına çıxır və başqa bir aləmə – paralel dünyaya düşür. Olduqca şirnikləndirici təsir bağışlayan həmin aləmdə Koralina düyməgözlü cadugər ananın tələsində çətin sınaqlarla üz-üzə qalır. Qondarma ana ona həmişəlik orada qalmağı təklif edir, lakin bundan ötrü qızın da gözlərinin yerinə düymələr tikilməlidir. Koralina bundan imtina edir, ona yardımçı olan pişiyin və gözmuncuğu olan dəlikli daşın köməkliyi ilə bütün çətinliklərə sinə gərərək özünü və ifritənin əsarətinə düşmüş valideynləri ilə üç kabus uşağı da xilas edir. Bütün bunlar əsərdə maraqlı bədii ifadələrlə qələmə alınıb.


"Koralina” əsəri  2003-cü ildə "Hugo”, "Nebula”, "Bram Stoker” mükafatlarına, həmçinin "Locus” jurnalının və Britaniya elmi fantastika assosiasiyasının ödüllərinə layiq görülüb. Povestin motivləri əsasında 2009-cu ildə animasiya filmi çəkilib. 


Tərcüməçi: Əli Nəcəfxanlı


Bulqakov 3 dildə!


İt ürəyi - Bulqakov



«İt ürəyi» povesti, əslində, bir çevrilmənin tarixidir və fabulası müəyyən qədər H.Uellsin «Doktor Moronun adası» romanından götürülüb və süjetin əsasında heyvanların insanlaşdırılması ideyası durur. Xüsusən, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası da yer tutur.


Povestdə hadisələr 1924-cü ilin dekabrında Mosk­vada, yeni iqtisadi siyasətin çiçəkləndiyi dövrdə baş verir. Xeyirxah professor Filipp Filippoviç Preob­rajenski «Şarik» adlı bir iti evə gətirir. Profes­sorun elmi maraqları yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahə­sinə aiddir. O, sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. Öz sahibinin bütün işlərini dərindən mənimsəyən Şarik tədricən özü eksperimentlərin obyekti olur.


«İt ürəyi» povestini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya kimi, təbiət işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciy­yələndirmək olar.


Tərcüməçi: Ramiz Duyğun
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər