Ru
16:35 / 06 Noyabr 2020

Anarın Anara müraciəti: Əgər it quduzdursa…

3622
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara açıq məktub:

Hörmətli Anar müəllim!

Bu məktubu sizə açıq şəkildə göndərməyimin əsas səbəbi tabeliyinizdə çalışan Saman Həsənzadənin hər zaman sizin və Azərbaycan Yazıçılar Birliyinin adından sui-istifadə etməsi, hər yerdə bu adı hallandırmasıdır.

Qısa arayış üçün deyim ki, özünün Sayman Aruz olduğunu iddia edən bu şəxs sosial şəbəkədə 28 iyulda yazdığım statusla bağlı məhkəməyə müraciət etmişdi. Şikayəti Xətai Rayon Məhkəməsində 22 sentyabrda rədd edilsə də, adam əl çəkmək niyyətində deyil. Bu dəfə ədalətli qərar verən hakimdən şikayətlər yazmaqla bərabər, yenidən, “təkmilləşdirilmiş”, hüquqi çatışmazlıqları “aradan qaldırılmış” ərizəsini məhkəməyə təqdim etdi. Tələbi ona ETTALAAT-ın agenti dediyimə görə mənə 2,5 il həbs cəzasıdır.

Məhkəmə ötən gün baş tutdu və bu şəxsin ərizəsi yenə də rədd edildi.

Amma adamın özünü mötəbər şəxs olaraq göstərmək üçün yenə AYB və sizin adınızdan məhkəmədə istifadəsindən sonra artıq qərara gəldim ki, sizə bu dəfə açıq məktubla müraciət edim. Çünki bundan öncə sizə məktub göndərmiş və bütün təfərrüatı yazmışdım. Təəssüf edirəm ki, o məktubun nəticəsi olmayıb.

Hörmətli Anar müəllim!

Sizə ötən dəfə yazdığım birbaşa məktubda bu barədə ətraflı bəhs etdiyim üçün açıq məktubda qısaca qeyd edəcəyəm: S.Həsənzadə adlı şəxsin tərcümeyi-halı qətiyyən şəffaf deyil.

Səbəblərini bir-bir qeyd edirəm:

1. Bu şəxs məhkəmə hazırlıq iclaslarında Azərbaycanı və Azərbaycan xalqını birləşdirməklə bağlı böyük işlər gördüyünü, bütün həyatını bu işə sərf etdiyini, hətta buna görə lənətlədiyi İranda 2,5 il həbs cəzası aldığını bildirir.

Onun İranda həbs yatması ilə bağlı yalnız özünün danışıqlarından başqa heç bir sübutu yoxdur. Əksinə, özünün təqdim etdiyi tərcümeyi-halında 2001 və 2007-ci ildə İranda keçirilən şeir müsabiqəsində birinci yer qazandığını bildirir. İndi özünüz deyin: İran “millətçi düşüncəsinə görə” həbs etdiyi bir şəxsi iki dəfə ölkə üzrə keçirilən şeir müsabiqəsində qalib edərmi? Bu şəxs ya tərcümeyi-halına doğruları yazmır, ya da İran zindanlarında millətçi olması səbəbindən işgəncələrə məruz qalması haqda tərcümeyi-halına saldığı və hər yerdə bəyan etdiyi sözləri yalandır.

Bütün hallarda şəxsin tərcümeyi-halının saxta olduğu gün kimi aydındır.

2. Bu şəxs Azərbaycana gəldikdən sonra nə diasporda, nə CAMOH-da, nə DAK-də və s. təmsil oluna bilib. Çünki onun Bakıya gəldikdən sonra İrana bağlı mədəniyyət mərkəzində işlədiyinə iranlı siyasi mühacirlər şahidlik edirlər. Buna görə də onu heç vaxt yaxın buraxmayıblar.

İndi isə sual olunur: bu şəxs niyə ictimai şəkildə tirajladığı tərcümeyi-halında haralarda çalışdığını qeyd etməyib?

3. Mənim onun haqda yazdığım statusu “AYB və şəxsən Anar Rzayevin təhqir edilməsi” kimi məhkəmədə təqdim etməyə cəhd göstərdi. Bu insan şəxsi zəmində olan hansısa gərginliyi niyə çalışdığı qurumun və şəxsən sizin adınıza bağlamaq istəyir? Ümumiyyətlə, bu şəxs çalışdığı qurumun adından nə vaxta qədər sui-istifadə etməli, ardıcıl olaraq məhkəmələrdə bununla şantaj etməli və hər dəfə də ərizəsi rədd edilməlidir?

4. Bu şəxsin sizin adınızdan istifadə edərək “Fəxri fərman” satdığı faktını da təqdim etdik. Sadəcə, onu hüquq-mühafizə orqanlarının təsdiqləməsi üçün hazırda İranda yaşayan şəxs şahidlik etməlidir ki, o da bütün nəsli ilə risk edib, bu faktı təsdiqləməz. Ancaq faktlar və səs yazıları ortadadır və sizə də təqdim edilib: müdrik və dünyagörmüş şəxs kimi sizin həqiqətin harada olduğunu müəyyən etməyə heç bir çətinliyiniz yoxdur.

5. Mən ümumiyyətlə sutka ərzində 16-17 saat işləyirəm. Son vaxtlar isə bəlli vəziyyətlə bağlı həddən artıq gərgin rejimdə çalışırıq. Bu şəxs heç bir sübutu və əsası olmadığını bilə-bilə məhkəmələrə məktublar yazmaqda davam edir. Onun işinin miqyasını və həcmini siz daha yaxşı bilirsiniz. Ancaq heç bir normal adam – illah da o özünü ziyalı hesab edirsə və hardasa çalışdığını bildirirsə - hazırkı şəraitdə öz şəxsi və əsassız intriqasını həyata keçirmək üçün bir media mənsubunun başını bu qədər mənasız ərizələrlə məhkəmələrdə qatmaz.

Məsələ burasındadır ki, xüsusi ittiham qaydasında olduğu üçün mən hazırlıq iclaslarında iştirak etməliyəm. Təəssüf ki, hər dəfə bu hazırlıq iclaslarında onun və vəkilinin tam böhtan, şər dolu ittihamlarını eşitməyə, onun hər dəfə mötəbər şəxs olduğunu bildirməsi nağıllarını, eyni zamanda, Azərbaycana “xidmətləri” haqda yalanlarını dinləməyə və sonra onların hamısını darmadağın etməyə məcbur oluram. Nəticə də təəccüblü olmur: 3 hazırlıq iclası və 3 imtina.

Sizcə, yenidən şikayət məktubu yazmaq, ona hazırlaşmaq və prosesdə saatlarla vaxt itirmək indiki halda normal fəaliyyətlə məşğul olan, “Azərbaycanın gələcəyi üçün çalışdığını” iddia edən bir insanın işi ola bilərmi?

Ümumiyyətlə, hesab edirəm ki, indiki informasiya savaşında istənilən media nümayəndəsinin başını bu cür qatmaq və onu işdən ayırmaq erməniyə xidmətin ən ideal formasıdır. Hazırda bütün fəaliyyətimizi erməni yalanlarına, böhtanlarına qarşı istiqamətləndirdiyimiz halda özünü “ziyalı” sayan hansı normal şəxs özü bu sahədə heç bir iş görmədiyi halda yalnız əl-ayağa dolaşmaqla məşğul ola bilər? Sualın yeganə cavabının olması məni artıq təəccübləndirmir.

Hörmətli Anar müəllim!

Saman Həsənzadə bütün oyunlarını dövlətin, onun rəhbərinin, sizin – bu ölkədə onun “əli çatan” nə qədər ləyaqətli adam varsa, onun adı ilə aparır. Bu şəxsə kim bu səlahiyyəti verib, nə vaxta qədər bu mənzərəyə seyrçi qalmalıyıq?

Hakimlər dəfələrlə bu şəxsə xatırladıblar ki, dövlətin, onun rəhbərinin və digər şəxslərin adını çəkmə - onlara qarşı hansısa məqbul olmayan iş olubsa, bu şəxslər özləri və yaxud ətrafındakı minlərlə hüquqşünas-vəkillər lazımi addım ata bilərlər.

Ancaq xeyri yoxdur – bu şəxs öz niyyətini və ona verilən sifarişi icra etmək üçün hər zaman bir çoxlarının, o cümlədən sizin adınızı hər yerdə istismar etməklə məşğuldur.

Əziz Anar müəllim!

Mən bilmirəm bu şəxsə Azərbaycan vətəndaşlığını kim və hansı əsasla verib. Azərbaycan dövləti İrandan siyasi mühacir adı ilə gələn heç bir şəxsə vətəndaşlıq vermir. Bəs, bu şəxs necə alıb vətəndaşlığı? Deməli, ya siyasi mühacir deyil, ya da onun vətəndaşlığa alınmasında “istisna” xahiş edən şəxs var.

Bildiyim qədəri ilə siz özünüz də onu iki il öncə işdən qovmusunuz, ancaq artıq hamımıza bəlli tərzdə vəzifədən çıxarılan bir məmurun müdaxiləsi ilə geri qaytarmısınız. Yəni siz özünüz də Saman Həsənzadənin kim olduğunu bilirsiniz.

Mən onunla bağlı sosial şəbəkədə status yazandan sonra AYB-nin özündən nə qədər şəxs əlaqə saxlayıb, bu şəxsin necə hörmətsiz olduğu, nələr etdiyi barədə məlumatlar veriblər. Hesab edirəm ki, AYB mərkəzi aparatında çalışanların bu barədə fikirlərini öyrənə bilərsiniz.

O cümlədən güneyli mühacirlərdən də (yalnız mühacirlərdən, İrana tez-tez gedib-gələn şəxslərdən deyil) bu şəxsin kimliyi haqda kifayət qədər məlumat almaq mümkündür.

Bu sözlərimi səmimi qəbul etməyinizi, sizə nəsə öyrətmək istəmədiyimi bilməyinizi xahiş edirəm. Ümumiyyətlə, sizə böyük sayğı bəsləyən bir ailədə tərbiyə aldığımı hər halda daşıdığım addan bilirsiniz (Mənim adım valideynlərimin sizə hörmətindəndir və mən bütün həyatım boyu bu hörməti qorumağa çalışmışam).

Yeri gəlmişkən: adın insan həyatında oynadığı rolu siz daha gözəl bilirsiniz. Bu şəxs isə adının Saman deyil, Sayman olduğunu, guya İranda türk adı qadağan edildiyi üçün onun rəsmi adının Saman olaraq yazıldığını hər yerdə, xüsusilə məhkəmədəki hər çıxışında dönə-dönə vurğulayır.

Saman - fars şahzadəsinin adıdır, İranda məşhurdur və bu ailə də o adı fars tarixinə, mədəniyyətinə vurğunluqla övladına qoyub. İranda türk adlarına heç bir qadağa yoxdur. Bu adi həqiqətləri pərdələmək olar? Nə vaxta qədər bu yalanlar danışılacaq? Bu da Sədinin farsca qəzəlidirmi ki, tərcümə edib öz adına kitaba salasan və farsca bilməyən Azərbaycan cəmiyyəti bundan xəbərsiz olsun?

Daha bir “yeri gəlmişkən”: bu şəxsin öz kitabına Fikrət Sadığın da şeirini daxil edib, mənimsədiyi indi də lətifə kimi danışılır.

Hörmətli Anar müəllim!

Bu üslubda bir məktub yazmağa məcbur olduğuma görə isə təəssüf edirəm. Bu məktubun yazılmasına və oxunmasına sərf edilən vaxt daha səmərəli istifadə edilə bilərdi.

Ancaq bu adam düşmənə qarşı olan hər kəsə qarşıdır. Və bütün vətəndaşlarımızın düşüncəsinin Qarabağda olduğu bir məqamda Azərbaycan Respublikasının vətəndaşlığını hansısa formada almağı bacaran, ancaq bu şərəfi daşımağa hazır olmadığını hər addımda göstərən bu şəxs öz əməllərindən əl çəkmir.

Bir neçə ildir hansı yollasa Azərbaycan vətəndaşlığı alan bu şəxs mənə - ömrü bu vətəndaşlıqda keçən və bununla qürur duyan şəxsə, bu ölkənin müstəqilliyi uğrunda başlayan xalq hərəkatında sıravi üzv kimi iştirak edən vətəndaşa Azərbaycanı daha çox sevdiyinimi göstərmək istəyir? Mənim özümün qurduğum dəyərlərimi 2007-dən sonra bu ölkəyə lüt şəkildə gəlib, indi hansısa yollarla bir neçə mülkə və konfort həyata sahib olan birisi mənəmi öyrədir?

Hörmətli Anar müəllim!

Atalar məsəli var, deyir, itə yiyəsinə görə hörmət qoyarlar. Bəs, əgər it quduzdursa?

Bu suala cavabınız maraqlı olardı...

Hörmətli Anar müəllim!

Bu şəxsin ifşası ilə bağlı bütün detalları vaxtaşırı olaraq yazacağam. Sadəcə, indi başım çox qarışıqdır. Bir daha deyirəm, təəssüf edirəm ki, hazırda bu sətirlərə vaxt ayırmağa məcbur oldum.

Gerisinə özünüz qərar verin və hər halda (bildiyim qədərilə) xəyanətinə görə qovulan bir məmurun vaxtilə himayə etdiyi bir şəxsi indi kimin və niyə himayə etdiyi artıq mənə məlum deyil.

P.S. Əslində, bu, sizə “açıq məktub”dan daha çox, ictimaiyyəti məlumatlandırmaq istiqamətində bir formaya çevrildi.

Ardı olacaq...

Sizə böyük sevgimlə,

Anar Niftəliyev,
Axar.az xəbər portalının baş redaktoru
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər