Aqşin Yenisey: “Bu cür həyatı intiharla bitirmək…” - MÜSAHİBƏ

  • 27 May 2019 14:19
  • 2969 Baxış
Aqşin Yenisey: “Bu cür həyatı intiharla bitirmək…”  - MÜSAHİBƏ



"Ədəbiyyatımız dəb düşkününə, şöhrət sürtüyünə çevrilib”




"Musa Yaqub da, Ramiz Rövşən də ədəbiyyat tarixinə sonuncu dəfə ad almış şairlər kimi düşəcək”




Şair, yazar Aqşin Yeniseyin BakuPost-a müsahibəsi: 




- Gəlin, belə başlayaq, Aqşin Yenisey imzası müasir poeziyamızda bir dalğa kimi gəldi, var gücü ilə qayaya çırpıldı və çıxıb getdi. Təzədən dalğalanmaq fikriniz var?




- Bu sualınız mənə imkan verir ki, indi və burada özüm və yaradıcılığım haqqında seçilmiş sözlərlə dil boğaza qoymadan basım-bağlayım. Ancaq mən narsist deyiləm, özü və cızmaqaraları haqqında ciddi-ciddi danışmağı sevən adamlara da həmişə karikatura kimi baxmışam. Ədəbiyyata dalğa kimi gəlmək, yalçın qayalara çırpılmaq, sonra çıxıb getmək, bir də təzədən gəlmək kimi texniki məqsədlərim heç vaxt olmayıb. Heç vaxt performans düşkünü olmamışam.   

 

-  Sizcə, "Unutmaq sözünün şəkli"ni çəkə bilmisiniz?




- Yazı adamı kimi həmişə bu suallara cavab axtarmışam, yazıçı hansını yazmalıdır, reallığı, yoxsa həqiqəti? Beş-altı gündür Mişel Fukonun "Həbsxananın doğuşu” kitabını oxuyuram. Məsələn, bu kitab nə reallığın kitabıdır, nə həqiqətin. Vərdiş etdiyimiz prozaik heç nə yoxdu bu kitabda. Adam işgəncənin təkamülü üzərindən mədəniyyətin tarixini danışır; şaqqalanan cinayətkarı təsvir edir, amma monarxiyanın adını çəkmir, yaxud dağ basılan əsirdən yazır, faşizmi lənətləmir. Hərdən mənə elə gəlir ki, biz reallıq, həqiqət kimi anlayışlara köklənərək ədəbiyyatın mexanika qanunlarında, mədəniyyətin zahiri, əlçatan qatında ilişib qalmışıq. "Unutmaq sözünün şəkli” kitabı tamamilə dilin müəllifliyi ilə yazılmış şeirlər idi. Elm deyir ki, bu cür yaradıcılıq bizim iradəmizdən asılı olmayan beynin özfəaliyyətidir. Mənim düşüncəmə görə, bu, bizim beynimizdə sonradan avtonomluq qazanan dilin özüdür. Bütün insanlar dünyaya lal doğulurlar. Və dünyanı dil vasitəsilə idrak etməyə başlayırlar. Beləliklə, dil bizim beynimizin düşüncə mexanizmini yaradır və idarə edir. Ona görə avtonom dedim. Dil təkcə bizim yazdıqlarımızda deyil, oxuduqlarımızda da iştirak edir, seçdiyi cümlələrin, misraların altından bizim əlimizlə xətt çəkir. "Unutmaq sözünün şəkli” kitabında da mənim müəlliflik payım çox azdır, oradakı şeirlərin, demək olar ki, hamısını gözüyumulu yazmışam. Yəni ikinci, avtonom müəllif nə deyibsə, onu köçürmüşəm. 




- Hazırda Azərbaycan ədəbiyyatı ilə bağlı sizi ən çox narahat edən nədir?




- Fotoşopla sulu boyanı calaq etmiş müasir bir Amerika rəssamı var - Erik Fişl. Zəmanəmizin sənət tədbirlərini vəba xəstəliyi ilə müqayisə edir. Yaradıcılığının böyük bir qismi sənət fuarlarına yönəlik tənqidi əsərlərdir. Məni də narahat edən əsas məsələ budur; ədəbiyyatımız dəb düşkününə, şöhrət sürtüyünə çevrilib, şeirlər məhlə, romanlar köşə dili, mediativ kölə dili ilə yazılır. Ancaq deyingənlikdən də xoşum gəlmir. Məncə, günümüzün dahisi həyatın yox, sənətin eybəcərliklərindən ilham almağı bacarmalıdır, çünki artıq onları bir-birindən ayırmağa ehtiyac qalmayıb. 




- Hələ də "Cənnətdə terror aksiyası" olur?




- Yüz illik nəsr tariximizə baxsaq, müasir hekayə və romanlarımızda da aşağı-yuxarı eyni adamların personaj olaraq avaralandığını görəcəyik. Hüqo ilə Kunderanın obrazları arasındakı təkamül bizim nəsrdə baş verməyib. Bizim nəsrin qəhrəmanı Verterdən Qrenuya uzanan yoldan xəbərsizdir. Halbuki dünyanın hər yerində bədii əsərlərə yeni mövzular, yeni ədəbi personajlar gəlib və gəlir. Məsələn, madam Bovari Floberin yox, Marksın yetirməsi idi, bu gün İlon Maskın Marsa ekspedisiya göndərməyə hazırlaşdığı bir dünyanın yazıcısı Endi Uir də özünün "Marslı” romanında qəhrəmanlarını Maskdan əvvəl bu planetə göndərir. Bizim ədəbi tənqid ədəbiyyatımızın ideyalar mühitini genişləndirmək əvəzinə get-gedə daha da daraldaraq, az qala, öz təxəyyülü ilə məhdudlaşdırmaq istəyir. XXI əsrdə mənim haqqımda "kafirdir, onu oxumayın” deyən əcinnə təfəkkürlü ədəbiyyatşünasların mühasirəsində yaşayırıq. 

 

Günümüzün Azərbaycan nəsri ənənəvi hadisəçilikdən bir addım belə uzaqlaşmayıb. Dilin ağırlığı ittihamı ilə yazıçıları mürəkkəb mövzulardan çəkindirən, hamını ucdantutma yüngül, axıcı dillə yazılan hadisə, rəvayət mirzəsinə çevirən bir ədəbi mühitdən bəhs edirəm. Yazıçılarımız mənalandırmağa borclu olduqları dünyanı deyil, özlərinə qədər mənalandırılmış dünyanı yazır. Hadisənin dilə deyil, dilin hadisəyə çevrildiyi bir çağda Azərbaycan ədəbiyyatının mövzusu müəllifin dili yox, hadisənin təfsiridir. Halbuki ətrafımızda ədəbiyyat hadisənin özünü yox, dilini yazır, oxucunu hadisənin deyil, dilin; mənzərənin deyil, rəngin; süjetin deyil, xaosun həyəcanı ilə ofsunlayır. Ona görə də hamının ənənəyə uyduğu bu ədəbi "cənnətdə” mən həmişə "terror aksiyası” törədəcəyəm. 




- "Sizin eradan əvvəl"də nə var nə yox? 




- "Orta əsrlərin intellektualları” kitabında fransız tarixçisi Jak le Qoff yazır ki, bu gün texnoloji, sosial yeniliklər kimi bizə təqdim olunan hər şeyin bünövrəsini, əslində, orta əsrlərin intellektualları qoyublar. Məsələn, bu gün bir çox insan ailə institutunun əleyhinə çıxır, yaxud insan haqları deyib homoseksuallığı təbliğ edərək, özünün müasir düşüncəli biri olduğunu gözümüzə soxur. Halbuki 7-8 əsr əvvəl bizim coğrafiyada sufi təriqətlərində həm "insanın ulaq saxlaması, uşaq saxlamasından daha faydalıdır” deyib heç vaxt evlənməyən, həm də homoseksual münasibətdə olan çox ciddi kişilər var idi. Şairi deyə bilmərəm, ancaq nəsr yazan bir müəllif tarixi bütöv şəkildə xəyalında canlandırmağı bacarmalıdır. "Sizin eradan əvvəl” kitabı ilə mən şeirlə vidalaşdım, ona görə daha orda nə baş verdiyindən xəbərim yoxdur.  




- Sizcə, "Məbədin sükutu"nu poza bildiniz?




- O, kitabı uğursuz hesab edirəm, gərək çap etməzdim. 

 

 




- Əsəd Cahangir müsahibəsində deyir ki, Aqşin Yeniseyin ilk kitabı uğurlu idi, qalan kitabları uğursuzluğun təkrarıdır. Siz nə düşünürsünüz?

 

- Hardasa razıyam. Ancaq bütün kitabları uğurlu olan müəllif deyə bir ölçü də yoxdur. Guya Əsədin "Xaç atası” olan Anar müəllimin bütün kitabları uğurludur, "Ağ qoç, qara qoç”, məsələn? Türk şairi Nəcib Fazil Qısakürək ömrünün sonlarına yaxın səkkiz kitabından ən yaxşı hesab etdiyi şeirlərini seçib "Çilə” adlı bir kitabda cəmlədi. Mən də qırx yaşım üçün belə bir kitab hazırlayıram. Üç kitabımda getmiş ən yaxşı şeirləri bir kitabda cəmləyib gənclik dövrü ilə vidalaşmağı düşünürəm.    




- Əvvəllər publisistik yazılarınız daha çox idi və birmənalı qarşılanmırdı. Yazılarınıza görə tənqidlər, bəzən isə təhqirlər olurdu...




- Dünya ədəbiyyatında "Fələstinizm” deyilən bir anlayış var. Fəlsəfəni, sənəti, ağlı, elmi və s. sahələri xor görən, rəzil və təcavüzkar bir qisas hissiylə cəhalətə qapanan anti-intellektual tərz deməkdir, sosial davranış formalarından biridir və daha çox inkişaf etmək olan ölkələrdə yayğındır. Ədəbiyyata XIX əsrdə almancadan keçmiş "Philistine” sözü qədim yəhudilərin barbar qonşuları olan fələstin xalqının adından götürülüb. XVII əsrdə alman tələbələr təhsilsiz həmyerlilərini "philister” adlanırırmışlar. Şopenhauer onları heç bir zehni ehtiyacı olmayan ağıl düşmənləri adlandırır. Heç bir intellektual həzz duyğusuna sahib deyillər, astar üzləri vəhşilik və dəlilikdən ibarət olan bu adamların ən yaxşı bacardığı iş linç etməkdir. Potensial cinayətkardırlar. Qorxaq olduqları üçün həmişə sürü halında hücum edirlər. Heç bir estetik həzzi təcrübədən keçirmədikləri üçün sənətə də düşməndirlər. Bu cür adamlar tək mənim yazılarıma deyil, 1500-cü ildən bəri dünyada baş verin bütün təhsil prosesinin nəticələrinə müqavimət göstərirlər. Televizoru daş-qalaq edən adamlardır bunlar. Gəncləri qorumaq lazımdır bu qaraguruh zehniyyətdən.   




- Bir dəfə debatlarınızın birində dediniz ki, allah haqqı, Allah yoxdur. Qəsdən dediniz, yoxsa...




-  Allah həmişə olub, həmişə də olacaq, ancaq göydə yox, insanlığın psixoloji ehtiyaclarında. Onu sinaqoqda, kilsədə, məsciddə axtaracaqlar, ancaq o, həmişə ölüm ayağında insana görünəcək.  

 

 




- Başınıza bu qədər hadisələr gəldi, xəstələndiniz, ölkəni tərk etdiniz…

- Rol oynamayanda həyat adamı sarsıda bilmir. Qaraciyərimi içki ilə məhv edib xəstəxanaya düşəndə dostlarımın bir qismi deyirdi ki, burda boş-boş uzanmaqdansa, Allaha yalvar. O biri qismi də deyirdi ki, müsahibələrində demə ki, içkidən bu vəziyyətə düşmüsən, sağ qalsan, millət fitə basacaq. Heç birini eləmədim. Nə Allaha yalvardım, nə də insanlara yalan danışdım. Psixoloji asılılıq da maddi asılılıq kimidir, gərək çalışıb kimdənsə, nədənsə asılı vəziyyətə düşməyəsən. O zaman yaşadığın ən ağır an belə adama güc verir. Özünə inanan insana zaval yoxdu.  

 

- Bu yaxında Murad Köhnəqala intihar etmək istəyirdi, birtəhər tutub saxladıq, səhərəcən keşik çəkdik. Biz gənclər həmişə Muraddan, sizdən şən olmağı, həyat eşqinə inanmağı, heç nəyi vecinə almamağı öyrənmişik. Heç intihar haqqında düşünmüsünüz?




- Bu barədə sizdən eşidirəm. Murad Köhnəqala həyatını bir roman süjeti kimi yaşayıb. Mənə həmişə elə gəlib ki, Murad hansısa bir romandan qaçmış faciəvi, eyni zamanda öz faciəsindəki yumoru görə bilən mürəkkəb bir personajdır. Təəssüf ki, bizim ölkə bu cür insanların yaşaması üçün münasib deyil. Bizim cəmiyyət İslama inansa da, gündəlik həyatında sosial Darvinizmə tapınır. Murad heç vaxt bu reallığı qəbul etmədi. Ancaq bu cür həyatı intiharla bitirmək doğru qərar deyil, çünki bütün tamaşaçılar sonda intiharın olacağını zənn edirlər. Ona görə də tamaşaçıların, oxucuların ağlına gəlməyən bir sonluq olmalıdır. Şəxsən mən Murad Köhnəqalanın yerinə olsaydım, roman kimi yaşadığım həyatı elə roman kimi də bitirərdim. İntihar daha çox etik sonluqdur, cəmiyyətimizin istəklərinə uyğundur. Bu cür həyatların sonu estetik bir vurğu ilə yadda qalmalıdır.  

 




- Bu günlərdə Musa Yaquba, Ramiz Rövşənə də xalq şairi adı verildi. Ümumiyyətlə, fəxri adlar barədə fikirləriniz nədir?




- Azərbaycanda, eləcə də post-sovet ölkələrində bir nəsil var ki, yaradıcı talelərini bu cür inzibati şöhrətləndirmə üzərində qurublar. Qədim bir cəngavər kilsə tərəfindən necə vaftiz olunur və ucaldılırdısa, bu nəslin nümayəndələri də ad almağa o cür müqəddəsləşdirilmə ayini kimi baxırlar. Məncə, artıq bu gün yuxarılarda da bu cür şöhrətləndirmənin lüzumsuz olduğunu anlayırlar, ancaq neyləyək ki, aşağılar hələ də göydən düşəcək üç almanın iştahası ilə yaşayırlar. Bəlkə də, Musa Yaqub da, Ramiz Rövşən də sonuncu dəfə ad almış şairlər kimi düşəcəklər ədəbiyyat tarixinə. Çünki yeni ədəbi nəsil bu cür inzibatı şöhrətin peşində deyil.     




- Gələcək planlarınız nədir, nə eləmək istəyirsiniz? Xüsusi bir məqsədiniz varmı, yoxsa eləcənə yaşayırsınız?




- Müəyyən yaşdan sonra yaşamağın özü də "xüsusi məqsədə” çevrilir. Ən pisi odur ki, yeganə məqsədin yaşamaq olsun. İndiki halda planım Türkiyədəki işlər bitdikdən sonra Bakıya qayıdıb, yazmaq üçün sakit bir otağa qapılmaq. İdeyalar çoxdu.




Elşad Barat

Baku Post
Aqşin Yenisey: “Bu cür həyatı intiharla bitirmək…”  - MÜSAHİBƏ
Aqşin Yenisey: “Bu cür həyatı intiharla bitirmək…”  - MÜSAHİBƏ
Aqşin Yenisey: “Bu cür həyatı intiharla bitirmək…”  - MÜSAHİBƏ