Ru
15:00 / 18 Noyabr 2020

Arif Əliyev: “Azərbaycanda hərbi jurnalistika yoxdur”

6305

Pandemiyadan sonra müasir Azərbaycan jurnalistikası daha bir ekstremal situasiya ilə qarşı-qarşıya qaldı - müharibəylə. Üstəlik də ölkədə internetə girişə, cəbhə bölgəsinə jurnalistlərin buraxılmasına məhdudiyyətlər qoyuldu. Bütün bunların fonunda yerli jurnalistlər işlərinin öhdəsindən gələ bildilərmi?


"Toplum TV” bu suala Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyevlə cavab axtarıb.

- Arif bəy, Azərbaycan jurnalistləri bu müharibədən üzüağ çıxa bildimi?

- Bir üzü ağ, bir üzü boz desək, daha düzgün olar əslində. Açığı, gözlənilmədən çox mürəkkəb bir vəziyyətlə üzləşdik. Böyük əksəriyyət belə tezliklə genişmiqyaslı əməliyyatların başlayacağını gözləmirdi. Amma müqayisəli şəkildə götürüləndə Azərbaycan jurnalistikası bu çətin dövrdə öz öhdəsinə düşən vəzifəni icra edə bildi.

- Bildiyiniz kimi, müharibə başlandığı gündən noyabrın 12-dək internetə məhdudiyyətlər tətbiq edildi. Bunu doğru hesab edirsizmi?

- Əlbəttə ki, zərbəsi çox böyük oldu. Kənar informasiya mənbələrinə çıxış xeyli dərəcədə məhdudlaşdırıldı. Yerli jurnalistlərimiz yalnız bir informasiya mənbəyindən asılı vəziyyətdə qaldı. Digər tərəfdən bunun açıq təsirini sosial şəbəkələrdə gördük. Əslində, internetin məhdudlaşdırılmasına mənim ilk reaksiyam "səhv addımdır” demək oldu. Düşünürəm ki, alternativ yollar tapmaq olardı, amma eyni zamanda bu, bir çox problemlərin də qarşısını almağa şərait yaratdı. Belə müdafiə tədbirlərinin görülməsinə baxmayaraq yenə də ciddi fəsadlar ortaya çıxırdı. Ermənistan tərəfi isə eyni tədbirləri görmədiyi üçün daha çox problemlə üzləşdi. Xüsusilə Semyon Peqovun timsalında xarici jurnalistləri tam nəzarətsiz şəkildə döyüş bölgələrinə buraxması və bununla öyünməsi onlara çox böyük ziyan vurdu. Bu baxımdan düzgün addım olduğunu düşünürəm. Onu da qeyd edim ki, media üçün yaranmış bu məhdudiyyəti diaspora mediamız və diaspora nümayəndəmiz yetərli şəkildə əvəzlədilər.

- Cəbhə bölgəsindəki jurnalistlərin təhlükəsizliyi hansı səviyyədə təmin edilirdi?

- Az öncə də qeyd etdiyim kimi, jurnalistlərimiz müharibənin başlamasına hazırlıqsız idi. Müharibəyə qədər də biz hər zaman deyirdik ki, Azərbaycanda hərbi jurnalistika yoxdur, sadəcə bir-iki nümayəndəsi qalıb. Bu sahə üçün jurnalistlərin hazırlanmasına sadəcə təlimlərin keçirilməsi yox, həm də təhlükəsizlik tədbirlərinin görülməsi və jurnalistlərə həmin şəraitdə davranışların öyrədilməsi aiddir. Buna görə də texniki problemlər oldu. Amma proses Ermənistandakı qədər ağrılı keçmədi. Azərbaycan hökuməti, ordu, jurnalistlər cəbhə bölgəsindəki nəzarəti əllərində saxlaya bilirdilər.

- Sizcə, cəbhə bölgəsinə ezam olunmuş müxbirlər nə qədər operativ idilər?

- Düşünürəm ki, indi müharibə zamanından daha açıq danışa bilərik. Müharibə dövründəki informasiya fəaliyyəti iki hissəyə bölünə bilər. Bunun minimum 50 faizi prezident İlham Əliyev və köməkçisi Hikmət Hacıyevin üzərinə düşürdü. Xarici mətbuatın böyük əksəriyyəti informasiyaları məhz bu iki mənbədən əldə edirdi. Qalan yükün böyük ağırlığı sosial şəbəkələrin və xaricdə fəaliyyət göstərən azərbaycanlı mənbələrin üzərinə düşdü. Ənənəvi media qurumları – televiziyalar isə bir qədər axsadılar. Onların ilk günlərdə göstərdikləri fəallıq sonradan tədricən dəyişməyə başladı. Təəssüf ki, ağlamalı tok-şoulara, şeir deyənlərə daha çox üstünlük verməyə başladılar. Ola bilsin ki, bu onların qarşısına qoyulmuş məhdudiyyətlərlə bağlı idi.

- Gecə saatlarında Gəncəyə raket atıldığı zaman vətandaşlar Azərbaycan telekanallarından informasiya ala bilmədilər. Hadisə yerində olanları sadəcə Türkiyə kanallarından izləyə bildilər. Nəyə görə ölkə daxilində baş verən bir hadisənin yayımında kanallar hər dəfə xarici mediaya uduzdular?

- Konkret desək, Türkiyə media orqanlarına daha üstün şərait yaradılmışdı. Onların hadisə baş verən bölgələrə giriş və çıxış imkanları daha geniş idi. Digər tərəfdənsə bizim peşəkar hazırlıqlarımız, bacarıqlarımız və texniki imkanlarımız onlardan xeyli dərəcədə aşağıdır. Türkiyənin və digər xarici ölkələrin kanalları harada hadisə olursa, onu dərhal işıqlandırmağa başlayırlar. Bizim kanallar isə icazə gözləyirlər. Səbəbi də ehtiyat və qorxudur.

- Müharibə dövründə baş verən olayları Azərbaycan mediası nə qədər obyektiv və qərəzsiz çatdırdı? Ümumiyyətlə, bu dövrdə bizim media qurumları üçün hansı daha ön planda idi: obyektivlik, yoxsa təbliğat?

- Mən bu müharibədə bir şeydən əmin oldum ki, biz nə qədər yüksək peşəkarlıqdan, etik kodekslərdən danışsaq da, bu qaydalar müharibə jurnalistin ölkəsinə gələnə qədər qüvvədə olur. Bu, təkcə Azərbaycana aid deyil. Əlbəttə ki, Azərbaycan mediasının fəaliyyətində təbliğat yükü daha yüksək idi. Heç nədə qərəzsizlik görünmürdü və yəqin ki, görünə də bilməzdi. Gəlin, medianın mahiyyətindən danışanda özümüzü aldatmayaq. Əlbəttə ki, qonşu ölkə olsa belə, Gürcüstanda gedən müharibənin işıqlandırılmasında Azərbaycan jurnalistinin göstərdiyi obyektivlik və qərəzsizlik buradakı müharibədə göstərilə bilməz. Yəni nəticə olaraq təcrübə onu göstərir ki, müharibə jurnalistin özünün ölkəsinə toxunduğu zaman qərəzsizliyə əməl edənləri barmaqla saymaq olar. Amma yenə də bu o demək deyil ki, jurnalist bütün peşəkarlıq qaydalarını unutmalıdır. Çünki o peşəkarlıq sözün inandırıcılığı üçün böyük əhəmiyyət kəsb edir.

- Azərbaycan KİV-lərinin bu dövrdəki fəalliyyətindən gələcək üçün hansı nəticələr çıxarılmalıdır?

- Mən düşünmürəm ki, bu müharibə bizim üçün örnək oldu. Bir misal çəkim: feyk xəbərlər və onlarla mübarizə. Bununla Ermənistan təxminən XXI əsrin ilk illərindən məşğul olur. Xüsusi mərkəz yaradılıb və orada informasiya müharibəsinin döyüşçüləri hazırlanır, onlara xüsusi təlimlər keçilir və burada feyklər hazırlanır. Bunlar yalan informasiyalar deyil, ustalıqla saxtalaşdırılmış həqiqətlərdir. Bu baxımdan bizim tərəfdə hazırlıq üçün heç bir ciddi addım görmürəm. Əslində, bu bizim üçün yeni bir situasiya deyil. 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində Azərbaycanda hərbi jurnalistika bütün regionda ən güclü jurnalistikalardan idi. Bizim jurnalistlər Çeçenistandakı, Gürcüstandakı, Tacikistandakı və Özbəkistandakı hadisələri işıqlandırırdılar. Amma artıq o jurnalistlərin bir hissəsi dünyasını dəyişib, bəziləri də jurnalistikadan uzaqlaşdırılıb. İndi onların təcrübə və biliklərindən faydalanaraq yeni kadrlar yetişdiriləcəkmi? Yoxsa yenə hər zamanki kimi danışılıb sonra unudulacaq? Nəticə bu sualların cavablarından asılıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər