Ru
11:05 / 27 Noyabr 2019

"Atam bizə şəkil və video göndərmək istəmir" - Dilqəm Əsgərovun oğlu

2100
Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır.

BakuPost xəbər verir ki, bu sözləri axar.az-a erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər:


“Qırmız Xaç Komitəsi atamla bağlı bizə ancaq şifahi məlumat verir. Biz komitənin fəaliyyətindən çox razıyıq, ən azından bizi nigaran saxlamayıb məlumat verirlər. Komitə atam Dilqəm Əsgərova baş çəkib saxlanma və sağlıq durumu ilə yaxından tanış olub. Komitənin məlumatına görə, atamın saxlanma şəraiti və sağlıq durumu normaldır, səhhətində elə də ciddi problem yoxdur. Ancaq Skaypla görüntülü danışıq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan bir iş deyil. Ancaq Azərbaycan və Ermənistan dövlətlərinin arasında razılıq əldə olunarsa, Skaypla görüntülü danışığa Qırmızı Xaç Komitəsi şərait yaradar”.

K.Əsgərov bildirib ki, D.Əsgərovun ailəsinə foto-video göndərmək istəməməsinin səbəbini bilmirlər:

“Ümid edirəm ki, atam razılıq versə, komitə əməkdaşları atamdan nəinki foto, hətta video-görüntü də gətirər. Çox təəssüf ki, atam özü şəkil və video-görüntü göndərmək istəmir. Düzü, bunun səbəbini bilmirik. Məktub yazmamasının səbəbini bilirəm ki, bu sırf 2-3 cümlənin yazılmasına icazə verilməsi ilə bağlıdır. “Salam. Mən yaxşıyam. Siz necəsiz? Vəziyyətim yaxşıdır. Səhhətim yaxşıdır” tipli cümlələrdən başqa nə isə yazmağa icazə yoxdur. Məhz bu səbəbdən atam daha bizə məktub yazmır”.

Kəlbəcərli girovun oğlu atasının və digər girov Şahbaz Quliyevin bu ilin sonuna qədər azad edilməsinə inamlarının qalmadığını da bildirib:

“Sözün açığı, bu ilin sonuna olan ümidlərimiz puç oldu. Ancaq biz ümidimizi itirməmişik. Ümid edirəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və atamla Şahbaz Quliyev girovluqdan azad ediləcək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər