Ru
10:23 / 04 Dekabr 2021

Avropa Komissiyası vaksinasiyanı məcburi edəcək: Azərbaycanda nə gözlənilir? - Açıqlama

5747

Avropa Komissiyası vaksinasiyanın məcburi olunmasını istəyir.


Komissiyanın Prezidenti Ursula Fon der Lyayen bildirib ki, dövlətlərin artıq məcburi vaksinasiya barədə fikirləşməsinin vaxtı çatıb.


Xanım siyasətçi bununla belə, məsələyə üzv dövlətlərin özlərinin qərar verəcəyini deyib.


Bəs belə bir halda Azərbaycanda vaksinasiyaya məcburi ola bilərmi?

"Bu asan məsələ deyil...”

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Bakupost.az –a açıqlamasında qeyd edib ki, dövlətlər vətəndaşlarını qorumaq üçün məcburi vaksinasiyaya keçə bilərlər. Lakin bütün dünyada buna nail olmaq çətindir:


“Vaksinasiya ÜST-ün qərarı ilə dünya ölkələri üçün hələki məcburi addım kimi dəyərləndirilmir. Eyni zamanda, vaksinasiyanın məcburi olması bütün dünya tərəfindən nə dərəcədə əməl ediləcək, bunun özü də çox ciddi məsələdir. Bu gün dünya ölkələrinin böyük əksəriyyəti normal vaksinasiya olunmayıb. Ona görə də xəstəlik davam edir, infeksiya zənciri qırılmır, proses yayılır, yeni mutasiya növləri əmələ gəlir. Vaksinasiyanı intensivləşdirmək üçün peyvənd istehsal edən şirkətlərin yeni ştammları nəzərə alması çox vacibdir. Çünki bu koronavirusun artıq 6-cı ştammıdır. COVID-19 mutagen formada yeni-yeni davranış sərgiləyir və ona görə də birmənalı olaraq nəsə demək çətindir. Çünki növbəti dalğalar necə olacaq, onu hələki bilmirik. Amma istənilən halda bu gün vaksinasiya məsələsi vacib bir addımdır. Çünki kollektiv immmunitetin yaranması üçün vaksinləşmə çox vacibdir. Lakin bunun bütün dünyada məcburi olması asan məsələ deyil”.

"Vəziyyət dəyişərsə, vaksinasiya məcburi ola bilər...”

Məsələ ilə bağlı millət vəkili Kamilə Əliyeva isə əlavə edib ki, vaksinasiyanın məcburi olması yalnız ÜST-ün tövsiyəsi ilə ola bilər:



“COVID-19 pandemiyası elan olunduqdan sonra ən vacib çıxış yolu peyvəndləşməyə başlanıldı. Ümumiyyətlə bir çox insanlar bu virusun mövcudluğuna belə inanmırdılar. Lakin epidemioloji vəziyyətin gərginləşməsi, yüzlərlə insanların xəstələnməsi, müəyyən sayda insanların ölümü artıq bu məsələnin daha ciddi şəkil almasına gətirib çıxartdı. Eyni zamanda, peyvəndlənmə prosesi başlayanda insanlarda o qədər də inam yox idi. Lakin saytlar, televiziyalar vasitəsilə maarifləndirmə işlərinin aparılması ilə insanlara faktiki olaraq peyvəndlərin müsbət təsirləri göstərildikdə artıq buna inandılar. Çünki doğurdan da “2+1” dozanı vuran insanlar bu xəstəliyi çox yüngül simptomatik əlamətlərlə keçirdirlər. Bu gün xəstəxanalarda, reanimasiyalarda yatan xəstələr və gün ərzində həyatını itirənlər məhz koronavirusa qarşı peyvənd olunmayan insanlardır. Bu faktlar məlum olandan sonra insanlar doğurdan da peyvəndlənməyə könüllü getməyə başladılar. Bu gün hər iki dozanı qəbul edənlərin sayı 50 %-dən artıqdır. Azərbaycanda bu proses könüllü şəkilkdə aparılır. Gələcəkdə vaksinin məcburi olmasına gəldikdə isə bu yalnız ÜST-ün tövsiyəsi əsasında ola bilər. Əgər gələcəkdə yeni bir xəstəlik yaranarsa, pandemiya elan olunarsa, epidemioloji vəziyyət məcburi peyvəndə keçməyi tələb edərsə, ÜST də bunu təsdiqləyərsə, əlbəttə ki, qanunvericilikdə dəyişiklik etmək şərtilə məcburi peyvəndləməyə keçmək mümkündür”.

F. Söhrabqızı
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər