"AXC-Müsavat cütlüyü işğala imkan yaratdı" - Prezident

  • 10 Avq 2020 16:16
  • 1250 Baxış
"AXC-Müsavat cütlüyü işğala imkan yaratdı"  - Prezident


"1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - dövlət başçısı əlavə edib.



X