Ru
15:28 / 10 May 2022

Aytən kimi jurnalistlər çox olsaydı, o cinayət baş verməzdi - Elçin Şıxlı

5670
“Azərbaycanda jurnalistlərə qarşı törədilmiş cinayətlərin çoxunun üstü açılmır”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı jurnalist Aytən Məmmədovaya hücum edilməsi məsələsindən danışarkən deyib.


O, A. Məmmədovanın bacarıqlı və peşəkar jurnalist olduğunu bildirib:


“A. Məmmədova kimi öz işini bilən, peşəkar, peşəsinə dönük çıxmayan jurnalistlər tək-tükdür. Onun çox gözəl qələmi, təfəkkürü və yüksək qabiliyyəti var. A. Məmmədova ümumən məhkəmə işlərilə məşğul olan jurnalistdir. O, məhkəmədə olan, dindirilənlərin ifadəsinə istinadən, məntiqə uyğun olaraq araşdırma yazı yazır. Nə özündən fərziyələr yazır, nə də cinayət edir. A. Məmmədova deyilən faktlar, məhkəmə sənədləri əsasında yazılarını yazır. Təbii ki, orada müəyyən dərəcədə öz fikirləri olur ki, bu da normal bir şeydir”.


E.Şıxlı deyib ki, xanım jurnalistin başına gələn hadisə Azərbaycanda jurnalistikanın bərbad vəziyyətdə olmasıyla müəyyən qədər bağlıdır:


“Jurnalist peşəsi bütün dünyada təhlükəlidir. Onlar təhlükəsizliyini 100 halda qoruya bilsələr də, 101-ci halda mümkün olmur. Hər cür hadisələr baş verir. Təəssüf ki, Azərbaycanda jurnalistlərə qarşı törədilmiş cinayətlərin çoxunun üstü açılmır. Demək olar ki, heç açılmır.

Açılanda da elə bir cəza verirlər ki, o cəzanı verməsələr, ondan yaxşıdır. Bu nöqteyi-nəzərdən jurnalistlərin təhlükəsizliyi üçün həm hökumət strukturları, həm də cəmiyyət olaraq çalışmalıyıq. Təəssüf ki, o qədər üzdən iraq jurnalist var ki, digər peşəkar jurnalistlərə də münasibət həddindən artıq pisdir. Aytən xanım kimi peşəkar jurnalistlərin sayı çox olsaydı, o cinayəti törədə bilməzdilər. Görürlər ki, hamının ağzı qapanıb, hamını susdurublar, tək-tük səslər çıxır. Ona görə də tək-tük səslərin üstünə gedirlər. Biz jurnalist olaraq elə etməliyik ki, səsimiz güclü olsun və Aytən kimi peşəkar jurnalistlərin üstünə heç bir kəs bıçaqla hücum edə bilməsin”.


Xatırladaq ki, mayın 8-i, gecə saatlarında tanınmış jurnalist A.Məmmədovaya hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.



Fərid
Baku Post


Həmçinin oxuyun:








Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər