Ru
13:24 / 05 May 2022

30 İLLİK OYUN - Yenilməyən iqtidarın yenilənməyən müxalifəti – İlginc faktlar

1810
Bir il sonra – 2023-də düz 30 il olacaq ki, Azərbaycan xalqı bir siyasi qüvvənin – YAP-ın hakimiyyətdə, onun hakimiyyətdən yıxdığı siyasi qüvvənin - AXC-Müsavat tandeminin isə müxalifətdə rol aldığı eyni tamaşanı, siyasi serialı seyr edir.


İqtidarda və ya müxalifətdə durmasından asılı olmayaraq, istənilən siyasi qüvvənin, liderin nəyə qadir olduğunu görmək və göstərmək, tanımaq və tanıtdırmaq üçün 30 il kifayət qədər böyük bir zaman kəsiyidir.

Konstitusiyamızla prezidentli respublika olan ölkəmizdə bu 30 il ərzində 6 dəfə prezident, 6 dəfə də parlament seçkiləri keçirilib: 1993 və 1998-ci ilin prezident seçkilərində YAP sədri Heydər Əliyev, 2003, 2008, 2013 və 2018 seçkilərində isə varisi - oğlu İlham Əliyev qalib gəlib.

Son 30 il boyunca ata-oğul Əliyevlərin əsas alternativi olduqlarını iddia edən, özlərini “ana müxalifət”, digər partiyaları “cib müxalifəti”, indi isə “avtobus müxalifəti” adlandıran AXC və Müsavat partiyaları bu 6 prezident seçkisinin 4-nü boykot edib, 2-nə isə qatılaraq uduzublar.

Hər dəfə də prezident seçkilərinin nəticələrini tanımadıqlarını və hakimiyyəti qeyri-legitim elan etsələr də, seçkilərdən sonrakı etirazları davamlı, sistemli və təsiredici xarakter daşımayıb və məğlubiyyətləriylə, faktiki olaraq, barışıblar. Hətta qeyri-legitim elan etdikləri hakimiyyətin qanunverici orqanında – parlamentində yer almaq üçün ayrı-ayrılıqda separat danışıqlara gedərək, 1995, 2000, 2005 seçkilərində deputat mandatı da əldə ediblər...


Bu 30 il boyunca AXC-Müsavat tandemi hər seçki məğlubiyyətini hakimiyyətin onlara qarşı sərt repressiv siyasət aparmasıyla izah etməyə çalışa da, reallıq budur ki, cəbhəçilərlə müsavatçılar arasında hökm sürən ənənəvi qeyri-səmimi və qeyri-sağlam münasibətlər vaxtilə Elçibəy hakimiyyətinin zamansız çöküş səbəbi olduğu kimi, müxalifətdəki uzunmüddətli uğursuzluqlarının da əsas səbəbinə, ictimai dəstəyin sürətli itirilməsinin ana xəttinə çevrilib.



Baxmayaraq ki, 30 il boyunca eyni siyasi təşkilatda və eyni hakimiyyət komandasında təmsil olunublar, eyni masa və süfrə arxasında əyləşiblər, eyni siyasi blokda birləşiblər, ancaq hər dəfə də bir-birinin üzünə gülə-gülə eyni adamlar bir-birinin çörəyinə bal içərisində zəhər sürtüblər, bir-birinin ayağının altını, hətta bir-birinin siyasi məzarını həvəslə qazıblar; iqtidardakının yox, öz düşərgə və komanda yoldaşlarının məğlubiyyətinə sevinib, əl çalıb, bunun üçün çalışıblar!


Təbii, hakimiyyət də rəqib cinahındakı bu qeyri-sağlam və riyakar mühitdən, münasibətlər sistemindən məharətlə yararlanaraq, hər iki tərəfi uzun illər boyu ustalıqla idarə edib, bütün prosesləri zamanında öz lehinə dəyişməyi bacarıb...
O dövr hadisələrinin iştirakçıları təsdiqləyər: bu düşərgənin ən güclü vaxtı və hakimiyyətə gəlmə imkanı yalnız ikicə dəfə - 1998 və 2003-cü ilin prezident seçkiləri ərəfəsində olub.



1998-ci il seçkilərində rəhmətlik Elçibəyin prezidentliyə vahid namizədliyi müzakirə olunsa da, hətta vaxtilə Heydər Əliyev komandasında yer alan və sonradan müxalifətə keçmiş İlyas İsmayılov, Rəsul Quliyev, Lalə Şövkət kimi nüfuzlu partiya sədrləri belə, eks-prezident Elçibəyin namizədliyini müdafiəyə hazır olduqlarını bildirsələr də, məhz keçmiş komanda və hərəkat yoldaşları - Müsavat Partiyası və AMİP Elçibəyin önünə sədd çəkmiş, beləcə, müxalifətin vahid namizədlə seçkiyə qatılması prosesini pozmuşdular...




2000-ci ilin parlament seçkiləri ərəfəsində isə eks-prezident Elçibəyin qəfildən xəstələnib Türkiyədə dünyasını dəyişməsi ilə Xalq Cəbhəsi iki təşkilata parçalanmış, hakimiyyət legitim tərəf kimi Əli Kərimlinin rəhbərlik etdiyi qanadı, Müsavat Partiyası isə Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qanadı “gerçək Cəbhə” kimi tanımışdı. Hətta həmin ilin seçkilərində Əli Kərimlinin AXCP-si “ana müxalifət” kimi parlamentə də buraxılmışdı. Ancaq rəhmətlik Heydər Əliyevin səhhəti haqqında məlumatlı olan amerikalıların parlament müxalifəti ilə apardıqları intensiv iş Əi Kərimli AXCP-sinə hakimiyyətin isti münasibətini də dəyişmiş və hakimiyyət dəyişikliyi mexanizmini əldə saxlamaq üçün 2002-ci ilin avqustunda Konstitusiya referendumuna gedilməsini zəruri etmişdi...

Beləcə, Heydər Əliyevin Klivlenddə ölümcül xəstə halında yatdığı, hakimiyyət düşərgəsində qeyri-müəyyənliyin və çaşqınlığın yarandığı bir şəraitdə 2003-cü ilin prezident seçkilərinə gedilmişdi.

Xatırlayanlar olar: xarici ölkə səfirləri həmin aylar ərzində müxalif partiya qərargahlarından çıxmaq bilmir və bütün diplomatik etiketləri, qayda-qanunları bir kənara tullayaraq, açıq şəkildə ölkənin iç işlərinə də qarışaraq, partiya sədrlərinə çağırış edirdilər: “Qələbə istəyirsinizsə, gedin, vahid namizədinizi müəyyənləşdirin, biz də dəstək verək”.


Müxalif düşərgə isə müsavatçılarla cəbhəçilərin ənənəvi intriqası ucbatından bölünmüşdü, birləşə və vahid namizədini, liderini müəyyənləşdirə bilmirdi. Müsvatçılar cəbhəçiləri, cəbhəçilər də müsavatçıları hakimiyyətə işləməkdə suçlayır və əllərindəki media resursları ilə bütün müxalifəti şantaj edir, pozuculuqla məşğul olurdular.



Elə bu sayaq didişə-didişə, bir-birinin ayağından çəkə-çəkə də 2003-cü il seçkilərinə qatıldılar: Əli Kərimlinin cəbhəsi Elçibəy hökumətinin yıxılmasında əsas rolu olmuş Etibar Məmmədovun, Mirmahmud Mirəlioğlunun cəbhəsi isə Elçibəyin son arzusunu ürəyində qoymuş İsa Qəmbərin namizədliyini dəstəklədi...


Hakimiyyət isə ata Əliyevin tövsiyəsinə uyğun olaraq, öz vahid namizədini və gələcək liderini asanca müəyyənləşdirdi – gənc İlham Əliyev...

Müxalifətin pərakəndəliyini, hakimiyyət komandasının monolitliyini və cəmiyyətin ona aşkar dəstəyini görən beynəlxalq aləm də
hakimiyyətin namizədindən yana oldu. Bu səbəbdən Azərbaycanda hakimiyyət dəyişikliyində rolu və imkanı olan güclərin hamısı – Rusiya, Türkiyə, ABŞ və Avropa Birliyi birmənalı şəkildə hakimiyyətin cızdığı dəyişiklik ssenarisini qəbul etməyə məcbur qaldılar...


...Canavar kimi ağız-ağıza yatan cəbhəçilərlə müsavatçıların ikrah doğuran seçki oyunları isə sonrakı müddətdə - 2005, 2008, 2010, 2013, 2015 seçkilərində də oxşar ssenarilərlə təkrarlandı: bir-birini hökumətə işləməkdə, satqınçılıqda suçlayanlar hər seçkiqabağı dövrdə ictimai qınaqdan qorxaraq, yığışıb birlik görüntüsü yaratdılar, seçkidən sonra da yenə bir-birini hökumətə işləməkdə suçlayaraq, parçalanıb, dağılışdılar...


...Ən qəribəsi odur ki, bu qədər zaman və insan itkisinə, səhvlərə baxmayaraq, eyni ab-hava 30 ildən sonra – bu gün də həmin düşərgədə və həmin insanlar arasında ən eybəcər formada davam edir. Sübutu - bir neçə gün əvvəl Müsavat Partiyasının Milli Şura rəhbərliyində təmsil olunan üzvü Tofiq Yaqublunun AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli haqqında yayılmış məlum səs yazısı! Bu səs yazısı bir daha təsdiqlədi ki, bu qədər məhrumiyyətlərə, basqılara baxmayaraq, adamlar 30 il boyunca alışdıqları intriqa təkrarçılığını, pis vərdişlərini qətiyyən tərgitmək niyyətində deyillər, belə gəlib, belə də gedəcəklər. Müdriklər çox yaxşı deyib: “Təkrarlar vərdiş, vərdiş xarakter, xarakter isə tale yaradar”.


İndi belə görünür ki, 30 ilin ənənəvi cəbhəçi-müsavatçı intriqası Sizifə yazılmış acı tale kimi, bu siyasi təşkilatların da qədərinə çevrilib, onu dəyişmək qətiyyən mümkün deyil və bu, onlar ölənədək də davam edəcək!


30 il boyunca özünü dəyişə bilməyənlərin və 30 il sonra da etdiyi səhvləri təkrarlayanların hakimiyyətdən dəyişiklik tələb etməsi və bütün təqsirlərini də qıp-qırmızıca cəmiyyətin üzərinə yıxaraq, onu dəstək verməməkdə qınaması və borclu çıxarması isə təkcə itirilmiş mənəviyyatın yox, həm də ağır psixoloji travmanın, xəstəliyin ifadəsi, təzahürüdür!


Adamlar, gerçəkdən də, özünütənqid hissini tamamilə itiriblər və hələ də anlamırlar ki, hakimiyyəti dəyişmək üçün əvvəlcə özlərini - müxalifəti dəyişməli, öncə müxalifəti yeniləməyin yolunu tapmalı, səhvlərinə görə üzr istəməli və yalnız bundan sonra cəmiyyətə üz tutmalıdırlar!


Yenilənə bilməyən, kininin, nifrətinin və yalanlarının əsirinə çevrilmiş müxalifətin onu dəfələrlə yenmiş bir hakimiyyətdən çarəsiz dəyişiklik tələbi, nə qədər bağırtıyla deyilsə belə, vallah, cəmiyyətdə zəhlətökən köhnə qapı cırıltısından başqa bir səsi andırmaz!
...İkinci Qarabağ savaşından sonra artıq təkcə ölkəmizdə, yerləşdiyimiz regionda yox, bütün dünyada yeni bir dövr başlayıb! Bu yeni dövrə adaptasiya olunmaq və öz milli maraqlarımızı bu yeni şəraitdə ləyaqətlə və uğurla müdafiə etmək istəyiriksə, keçmişinin və hisslərinin - kininin, nifrətinin girovuna çevrilmiş, xarici güclərin maşası funksiyasını yerinə yetirən uğursuz siyasətçilərin yox, ölkəsini və insanlarını sevən, ümumun uğurunu istəyən və gələcəyə dair aydın baxışları olan insanlarımızın siyasət səhnəsinə çıxmasında hamılıqla maraqlı olmalıyıq!


Bu, hakimiyyətdəkilərə də aiddir, müxalifətdəkilərə də - ölkəni inkişafa aparan bütün yollar tıxaca çevrilən, ayağa dolaşan maneələrdən, köhnə çürüntü və tullantılardan mütləq təmizlənməlidir ki, daha sürətlə yeni münasibətlərə keçid və rahat addımlamaq mümkün olsun!
Əksi daha bir 30 ili də faydasız yerə itirməyimiz olacaq!


Elxan Şükürlü
Siyasi şərhçi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər