Ru
11:01 / 11 May 2022

Əsas qəbul olmaqdır? - Abituriyentlərə imtahan öncəsi psixoloji dəstək

9045
Qarşıdan abituriyentlərin böyük həyəcanla gözlədiyi qəbul imtahanları gəlir. İmtahan vaxtı yaxınlaşdıqca ali məktəbə qəbul olmaq arzusu ilə gecəsini gündüzünə qatıb, aylardır hazırlaşan abituriyentlər həyəcanlanır, stress keçirməyə başlayırlar. İmtahan zamanı isə bu stress və həyəcan ikiqat artır. Bəzən bu həyəcan və stress abituriyentlərin imtahanda lazımı nəticə göstərməsinə mane olur. İmtahana düşən sualların hər birinə cavab vermək iqtidarında olan abituriyent stress və həyəcan səbəbindən istədiyi nəticəni göstərə bilmir. Bu səbəbdən də arzusunda olduğu universitetə qəbul olub tələbə adını qazanmaq istəyən abituriyentlər çətin bilik yarışından qalib kimi çıxmaq üçün imtahan həyəcanını, qorxu və stressi dəf etməyi bacarmalıdırlar. Onlar imtahana həm bilik həm də psixoloji baxımdan da hazır olmalıdırlar.



Bakupost.az xəbər verir ki, psixoloq Vəfa Əkbərin sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına psixoloji baxımdan hazır olması çox vacibdir.


Çünki imtahanqabağı təşviş və imtahan zamanı həyəcan və stressin yüksək həddə çatması abituriyentlərin bilik, intellektual fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən də yüksək hazırlıqlı abituriyentlərin bəziləri imtahanda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, stress, qorxu hissi, gərginlik onlara imkan vermir ki, özlərini toplayıb sualları cavablandırsınlar. Bu səbəbdən də əsəbləri zəif olan, stressə meyilli abituriyentlərə mütləq şəkildə imtahan öncəsi psixoloq məsləhəti vacibdir. Psixoloqun məsləhətləri abituriyentlərə həyəcanı dəf etməyə, özünə inamı artırmağa, hədəfə yönəlməyə, müvəffəqiyyətə köklənməyə kömək edə bilər:





“Bəzi abituriyentlər imtahan öncəsi çox həyəcan keçirir, “birdən ali məktəbə daxil ola bilmərəm” fikri onları qorxudur. Yalnız imtahan haqqında düşünmək, yorğunluq, beynin həddən artıq yüklənməsi, imtahan yaxınlaşdıqca vaxt çatışmazlığı ilə bağlı həyəcan, gərginlik onlara psixoloji baxımdan mənfi təsir edir. Bu səbəbdən də belə problemlərlə üzləşən abituriyentlərin psixoloq köməyindən istifadə et­məsi mütləqdir. Əgər imtahan öncəsi abituriyentdə diqqət və konsentrasiya problemi, doğru, sürətli və etibarlı qərar verməkdə çətinlik çəkmə, stress, qərarsızlıq, ümidsizlik, ruh düşkünlüyü varsa bu zaman mütləq şəkildə psixoloqa müraciət olunmalıdır. Bu məqamda psixoloq məslahətləri çox fayda verir. Tədricən abituriyentdə diqqət və konsentrasiya bərpa olunur, doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı artır, stress, qərarsızlıq, ümidsizlik, qorxu və s. mənfi ruhi vəziyyətlər ortadan qalxır. Abituriyent imtahan qayğısından xilas olub, daha rahat və məhsuldar çalışmağı və ən əsası zamanı necə düzgün bölməyi öyrənir. Özünə güvən və inam hissi artır”.


Psixoloqun dediyinə görə, qəbul imtahanlarına 1-2 gün qalmış mütləq şəkildə hazırlığı dayandırmaq lazımdır. Çalışmaq lazımdır ki, həddindən artıq həyəcanlı, narahat, gərgin olan abituriyentlər daha çox dincəlsinlər və istirahət etsinlər. Təmiz havada yürüş edərək sakit ortamda vaxt keçirsinlər:


“İmtahandan 1-2 həftə əvvəl keçilmiş materialları təkrarlayıb, öyrəndiklərini möhkəmləndirmək məsləhətdir. Çalışmaq lazımdır ki, imtahana 1-2 gün qalmış bütün təkrarlama və hazırlıq prosesi yekunlaşdırılsın. Əks halda bunun o qədər də faydası olmur. Bütün fikir imtahana yönəldiyi üçün abituriyent oxuduqlarını, öyrəndiklərini tam dərk etmir”.


V. Əkbər bildirib ki, imtahana hazırlaşan abituriyent özünü bütünlüklə hazırlıq prosesinə qapdırmamalı, əyləncəyə, dincəlməyə də vaxt ayırmalıdırlar:


“Qəbul imtahanına hazırlaşan abituriyent gününü elə bölməlidir ki, hazırlığa da, əylənməyə də imkanı olsun. Bütün günü hazırlaşmaq, özünü ətrafdan, əylənməkdən, dincəlməkdən məhrum etmək abituriyentlərdə həddindən artıq yorğunluq əmələ gətirir. Hədsiz yorğunluq onlarda əhvali-ruhiyyə düşkünlüyü, xroniki yorğunluq, gərginlik, yuxusuzluq, iştahasızlıq, intellektual fəallığın azalmasına, anlama, qavrama, dərk etmə, yadda saxlama və s. bacarıqların zəifləməsinə gətirib çıxarır. Ən başlıcası isə sinir sisteminə mənfi təsir göstərir. İmtahana hazırlaşan abituriyentin normal yuxu və qida rejimi də olmalıdır. Onlar vaxtında yatıb dincəlməli və normal qidalanmalıdırlar. Unutmaq lazım deyil ki, yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir. Yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur. Normal və vaxtı-vaxtında qidalanmamaq isə immun sisteminin aşağı düşməsinə və orqanizmin zəifləməsinə səbəb olur”.





Psixoloq bildirib ki, imtahana gedən zaman abituriyent mütləq şəkildə özünü xoş ovqata, pozitivə kökləməlidir:


“İmtahana gedən abituriyentin müsbət əhval-ruhiyyədə olması çox vacibdir. Həyəcanın olması təbiidir. Çox abituriyetin imtahan zalına daxil olduqdan bir müddət sonra həyəcanı azalır. Ancaq stress və gərginlik bəzən keçmir. İmtahan boyu davam edir və abituriyentə istədiyi nəticəni göstərməyə mane olur. İmtahan zamanı bütün diqqətini imtahana, suallara və onların düzgün şəkildə cavablandırılmasına yönəltməlidir. Bəzən abituriyent suallara cavab vermək iqtidarında olduğu halda həyəcan və stressdən yanlışlığa yol verir. Bu səbəbdən də diqqətli olmalı və sualları bir neçə dəfə oxuduqdan sonra cavablandırmaq lazımdır. Əks təqdirdə yanlışlığa yol verilə bilər”.




V. Əkbərin söylədiyinə görə, övladı qəbul imtahanına gedən valideynlər də mümkün qədər təmkinli və səbirli olmalı, həyəcanlı olsalar belə bunu uşaqlarına yansıtmamalıdırlar:


“Təbii ki, imtahan ərəfəsində valideynlər heç də övladlarından az həyəcanlı olmurlar. Ancaq onlar mümkün qədər həyəcanlı olduqlarını övdlarına biruzə verməməlidirlər. Ata, ana narahat, qayğılı, həyəcanlı olursa, bu, təbii ki, uşağa da təsir edir. Ata və anasını gərgin, stressli görən uşaq da istər-istəməz həyəcanlanır, narahatlıq keçirir. Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür. Odur ki, ailə üzvləri imtahan ərəfəsində övladlarına lazımı dəstəyi, qayğını və diqqəti göstərməlidirlər. Valideynlər uşaqlarına qarşı daha həssas olmalı, etdikləri hər hərəkətə, işlətdikləri hər ifadələrdə, sözlərdə çox ehtiyatlı olmalıdırlar. Valideyn gərək uşağı təlaşlandırmasın, həyəcanlandırmasın, qorxutmasın. Əksinə, övladına dəstək verib, hər şeyin yaxşı olacağını, nəticə nə olursa olsun hər zaman onun yanında olduğunu desinlər. Bu məqamda valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Ata, ana uşağa mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. İmtahana gedən uşağın yanında psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir”.


Təhsil eksperti Elşən Qafarov deyir ki, valideynlər imtahana hazırlıq dövründə və imtahan ərəfəsində övladlarına dəstək, dayaq olmalıdırlar.




Bu ərəfədə valideynlərin göstərdiyi dəstək uşaq üçün ən böyük stimuldur. Valideynlərin daim onun yanında, ona arxa-dayaq olduğunu görən uşaq imtahanlara daha böyük həvəslə hazırlaşır. İmtahan öncəsi qorxu, həyəcan və stressi də məhz valideynlərin dəstəyi sayəsində yenə bilirlər. Buna görə də valideynlər öz dəstəklərini övladlarından əsirgəməməlidirlər.



Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər