Ru
17:20 / 03 Avqust 2022

ABŞ-Çin gərginliyi: sərt ritorika savaşa dönə bilərmi? - ŞƏRH

2703
Rusiya-Ukrayna müharibəsinin yaratdığı tektonik çat Çin-ABŞ münasibətlərində də dərinləşir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Çinin ərazi-suverenlik prinsipi ilə incə strateji həssaslıqla yanaşdığı Tayvana səfəri Pekin-Vaşinqton əlaqələrinin üzərinə benzin tökməkdədir.

Sual meydana çıxır: Görəsən, Pelosinin səyahəti Tayvan boğazında misli görünməmiş eskalasiyaya səbəb olacaqmı?


Məsələ ilə bağlı Bakupost.az -a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov açıqlama verib.


Politoloq bildirib ki, Pelosinin səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da gərginləşə bilər:




“ABŞ vəziyyətin çox gərgin olacağını proqnozlaşdırırdı. Eyni zamanda yaxşı başa düşürdü ki, Çin kifayət qədər rasional siyasi mövqe ortaya qoyacaq, hansısa eskalasiyaya getməyəcək. İstənilən halda bu, Tayvan ətrafındakı vəziyyətin daha da gərginləşməsilə nəticələnəcək. Pelosinin səfərindən sonra Çinin Tayvanla sərhəd bölgələrdə hərbi təlimləri genişlədəcəyini güman edirəm. Həmçinin bu, ABŞ-la Çin arasındakı iqtisadi-ticari münasibətlərin gələcəyi üçün müəyyən təhdidlər yaradır”.


Bununla belə politoloq hesab edir ki, ABŞ və Çin potensial rəqib olsalar da, eyni zamanda bir çox sahələrdə bir-birindən iqtisadi cəhətdən asılıdırlar: "Bu gün ABŞ-ın dəstəklədiyi şirkətlərin bir çoxu xammalı Çindən əldə edir. Həmçinin ABŞ-da “Chine Town” dediyimiz Çin sənaye məhəllələri var. Bu səbəbdən qarşılıqlı eskalasiya hər iki tərəfin iqtisadi mənfəət və gəlirlərinə mənfi təsir göstərə bilər. Lakin hazırkı vəziyyət diplomatik münasibətlərin daha da soyuqlaşması ilə yekunlaşacaq. Bir müddət Çin və ABŞ-ın bir-birinə qarşı sərt ritorikadan istifadə edəcəyini düşünürəm”.



T. İsmayılov Üçüncü Dünya Müharibəsinin başlayacağı barədə proqnozlara da toxunub: "Pandemiyanın, Rusiya-Ukrayna müharibəsinin dünyanın qlobal ərzaq zəncirinə və iqtisasi-siyasi münasibətlər sisteminə vurduğu zərbələrin təsiri göz önündədir. Böyük güclər bu təsirlərdən mənfi mənada yararlanmağa başlayırlar. Lakin postpandemiya dövrünün iqtisadi təlatümləri aradan qalxmamış Üçüncü Dünya Müharibəsinin baş verməsi real görünmür”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər