Ru
12:37 / 07 May 2022

Abşeronda silsilə tədbirlər keçirildi - FOTO

799
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Abşeronlu igidlərimiz, onların ailə üzvləri və qazilər Ramazan bayramı ərəfəsində yad edilib.



Bakupost.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndəlikləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri İkinci Fəxri Xiyabana, Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına və o cümlədən, rayonun kənd və qəsəbələrinə gedərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin məzarlarını ziyarət edib, abidələri üzərinə tər çiçəklər düzüb, əziz xatirələri ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.





Bildirilib ki, xalqımızın cənab Prezidentimiz və “Dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan ordusunun döyüş əzmi, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində 30 illik vətən həsrətinə son qoyulmuş, torpaqlarımız düşmən tapdağından azad edilib. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların qarşısı yerindəcə məhv ediləcəyi vurğulanıb.


Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqətin göstərildiyi, onların həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etdikləri bildirilib.


Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağı önə çəkilərək Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyi qeyd edilib.





RİH başçısı şəhid ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.


Daha sonra RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ağakişiyev Nurlanın atası, Birinci Qarabağ Müharibəsi qazisi Etibar Ağakişiyevin evinə gedərək onun bayramını təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.


Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid İbadov Rauf Məhərrəm oğlunun 26-cı doğum günü qeyd edilib.


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Saray qəsəbəsindəki Şəhidlər Xiyabanına gələrək şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.


Anım tədbirdində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmət və şücaətdən bəhs edilib.



Günün sonunda RİH başçısı Abdin Fərzəliyev şəhid R.İbadovun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evlərinə gədərək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.


Şəhid ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib.


Hökməli qəsəbəsində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.


İştirakçılar əvvəlcə Hökməli qəsəbə tam orta məktəbin həyətində ucalan Şəhidlər Abidəsini ziyarət edib, ölkəmizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini anıblar.




Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Vətən Müharibəsində qazanılan zəfərdən, respublikamızdakı ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq qeyd edib ki, Hökməli qəsəbəsində gedən kütləvi məskunlaşma bir sıra sosial və infrastruktur məsələlərinin ortaya çıxmasına səbəb olub. Yerlərdə müşahidə edilən problemlərin dərindən araşdırıldığını və həlli istiqamətində layihələrin hazırlandığını vurğulayan RİH başçısı sakinlərin istək və arzularının, eləcə də onları narahat edən məsələlərin öyrənilməsi baxımından səyyər qabulların əhəmiyyətini qeyd edib.


Daha sonra çıxış edən sakinlər şəhid adlarının küçələrə verilməsində, qəsəbənin inzibati ərazisinə daxil olan və “Sevil”, “Sonalı”, “Nübar” və “Atyalı” adlandırılan yaşayış massivlərində illərdən bəri yığılıb qalan mülkiyyət problemlərinin həll olunmasında, su-kanalizasiya, o cümlədən digər kommunikasiya xəttlərinin çəkilməsində, daxili küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.




Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.



Tədbirdə sakinlər rayon ərasisində salınan yeni yaşayış massivlarınə qaz xəttinin çəkilməsində, “AAAF Park” Yaşayış Kompleksində vətəndaşların üzləşdikləri problemlərin həllində, işlə təmin olunmaqda və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.


Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər