Ru
16:23 / 24 Yanvar 2023

Aİ-nin missiyası sülh, yoxsa müharibə gətirəcək? – “Sülh göyərçinləri” regiona təlatüm daşıyır

1548
Bəlli olduğu kimi, ötən gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Ermənistana yeni müşahidə missiyasının göndərilməsi ilə bağlı məsələ təsdiqləndi. Fəaliyyəti iki ay davam edən əvvəlki missiyadan fərqli olaraq, hazırkı müşahidəçilərin Ermənistanda iki il müddətinə yerləşdirilməsi planlaşdırır.





Qeyd edək ki, hələ bu barədə müzakirələr gedərkən rəsmi Bakı məsələyə öz etirazını bildirmişdi. Belə ki, Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində Avropa İttifaqının daha bir missiyasının Ermənistana göndərilməsinin "çox xoşagəlməz fakt" olduğunu demişdi:

“Bizdə olan məlumata görə, fevralda Ermənistana yenidən böyük nümayəndə heyəti göndəriləcək. Və yenə bizim razılığımız olmadan. Növbəti missiyanın göndərilməsi təbii ki, çox xoşagəlməz faktdır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə danışıqların hazırkı formatı ciddi sarsıntı keçirəcək”.

Prezident eyni zamanda Azərbaycanla razılaşmadan Aİ-nin yeni missiyasının Ermənistana göndərilməsinin bu beynəlxalq qurumun himayəsi altında aparılan danışıqlara mənfi təsir göstərəcəyini bildirmişdi.

Artıq qeyd etdiyimiz ki, missiyanın Ermənistanda fəaliyyətə başlaması sadəcə, vaxt məsələsidir. Azərbaycan tərəfi isə bu gün sözügedən narazılığını bir daha dilə gətirib. Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatından da aydın olur ki, Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə bu qurumun Ermənistanda missiyasının mövcudluğunun rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib: "Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”.




Bəs, Avropa İttifaqının Ermənistana belə uzun müddətə missiya göndərməsinin səbəbi nədir? Bu hansı ölkələrin marağındadır?

Əslində, Prezidentin sözügedən müsahibəsində bu sualların da cavabı vardı. Orada dövlət başçısı üstüörtülü şəkildə bütün bu təşəbbüslərin Fransadan gəldiyini, hətta bu ölkənin regiona ATƏT-in missiyasını göndərməyə çalışdığını da açıqlamışdı:

"Ermənistanın ən yaxın müttəfiqi, eyni zamanda, ATƏT-in missiyasını da göndərmək fikrində idi, biz isə buna etiraz etdik. Çünki ATƏT-də belə məsələlər konsensus əsasında qəbul edilir, həll olunur. Biz əlbəttə, dedik ki, biz konsensus verməyəcəyik. Onda orada qaydalarda bir boşluq taparaq ATƏT-in bir heyətini də konsensussuz oraya göndərmişdilər. Yenə də manipulyasiya, yenə də saxtakarlıq. Bu saxtakarlıq üzə çıxandan və biz etirazımızı bildirəndən sonra Ermənistanın ən sevimli müttəfiqi bunu ATƏT-in fəaliyyətdə olan həmsədrinin - Polşanın üstünə yıxmağa çalışırdı ki, bizim xəbərimiz yoxdur, bunu Polşa edib. Yəni, bu detalları bir az açmaqla, sadəcə olaraq, mən riyakarlığın dərəcəsini sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, biz öz haqqımızı tələb etmək üçün görün, kimlərlə və nələrlə üzləşməli oluruq".

Beləliklə, Fransa Aİ-yə təzyiq edərək, Cənubi Qafqazda öz nüfuzunu gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Növbəti müşahidə missiyasının göndərilməsi də məhz bunun təzahürüdür. Paralel olaraq, Qərbin Laçın yolu məsələsi ilə bağlı Azərbaycana qarşı təzyiqlərini artırdığı da müşahidə olunur. ABŞ dövlət katibi Antoni Blinkenin dünən Prezident İlham Əliyevlə telefon söhbətində Laçın dəhlizinin dərhal kommersiya daşımalarına açılması ilə bağlı fikirləri də bunu təsdiq edir.





Görünən odur ki, son vaxtlar Ermənistan rəhbərliyinin Qərbə daha çox meyillənməsi, KTMT ilə birgə təlimlərdən imtina etməsi, İrəvan və Gümrüdə Rusiyanın 102 saylı hərbi bazasının ölkədən çıxarılması ilə bağlı aksiyaların keçirilməsi müqabilində rəsmi İrəvana dəstək artır. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, Ermənistan isə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan, eləcə də birgə bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.

Çünki Aİ missiyasının öz ərazisinə göndərilməsinə şərait yaratmağa Ermənistan bu qurumun himayəsi altında keçirilən danışıqlar prosesini dondurulmuş vəziyyətdə saxlamaq imkanı qazanır. Artıq Aİ Praqa prosesini dalana dirədiyi üçün Ermənistana təzyiq etməyəcək. Digər tərəfdən, əvvəlcə iki ay, indi isə iki il müddətinə Ermənistana missiya göndərən Avropa İttifaqı güman ki, gələcəkdə bu missiyanın mandatının daimi olmasına çalışacaq. Hətta artıq mətbuatda gələcəkdə missiya üzvlərinin sayının 2 min nəfərədək artırılacağı barədə məlumatlar yayılır.

Ancaq ötən missiya kimi hazırkı missiyanın da Aİ rəhbərliyinin dediyi kimi, sülhə və sabitliyə töhfə verəcəyi haqda fikirlər məntiqsizdir.

Birincisi, bu missiya tərəflərdən birinin - Azərbaycanın razılığı olmadan regiona göndərilib. İkincisi, rəsmi Bakı kimi, rəsmi Moskva da bölgəyə Aİ-nin uzunmüddətli missiyasının göndərilməsindən narazıdır və təbii ki, bu narazılıqlar özünü yalnız quru bəyanatlarda göstərməyəcək. Üçüncüsü, sabitliyə, atəşkəsə nəzarət edəcək missiyanın fəaliyyət imkanları məhduddur. Ən azından ona görə ki, Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiqləşməyib.

Əgər iki ölkənin sərhədləri, hansı ərazilərin kimə məxsus olduğu dəqiq bilinmirsə, onda sərhəddə hansı monitorinq və müşahidədən söhbət gedə bilər? Ona görə də hazırkı missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verəcəyi haqda fikirlər cəfəngiyatdan başqa bir şey deyil.




Yeri gəlmişkən, rəsmi Moskva XİN başçısı Sergey Lavrovun timsalında artıq Aİ-nin müşahidə missiyasının effektiv fəaliyyət göstərəcəyini şübhə altına alıb. Belə ki, Lavrov bu missiyanın fəaliyyətinin regionda situasiyanı stabilləşdirməyə deyil, əksinə gərgiləşdirməyə xidmət edəcəyini deyib. Onun sözlərinə görə, Azərbaycanın razılığı olmadan onun sərhədinə müşahidəçilərin yerləşdirilməsi əks nəticə verə bilər.

"Bu missiya sərhəddə etimad əvəzinə əlavə qıcıqlandırmalar yarada bilər”, - deyə Lavrov bildirib.

Rusiya mətbuatında isə yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın gələcəkdə bu missiyanın müşahidəçilərinin sayının 2000 nəfərə çatdırılması, onun hərbi sülhməramlı missiyaya çevrilməsinə çalışacağı haqqında fikirlər səslənir. Qeyd olunur ki, rəsmi İrəvanın bu yöndə fəaliyyəti Rusiyanın Ermənistanda mövcudluğuna son qoymağa hesablanıb.

Beləliklə, mövcud vəziyyət Aİ-nin missiyasının regionda situasiyanı daha da gərginləşdirəcəyi və bu gərginlikdən ən çox elə Ermənistanın ziyan çəkəcəyini proqnozlaşdırmağa imkan verir.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər