Ru
09:47 / 22 İyun 2022

Allahın söyülməsinə görə üsyan etmək olarmı? - Din nə deyir?

2135
Bir qrup şəxs dindarların hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı polisin Allahı təhqir etdiyini iddia edir.



Taleh Bağırzadə və onu dəstəkləyənlər aclıq aksiyasına başlayıblar. Onlar həmin polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər. Hətta Sumqayıtda 3 nəfər ictimai yerdə “Allahı təhqir edənlər cəzalandırılsın!” şüarı səsləndiriblər. Daxili İşlər Nazirliyi isə polisin Allahı təhqir etdiyi ilə bağlı iddianı təkzib edib.


Bəs ümumiyyətlə, Allahı təhqir etməyə görə hər hansı cəza nəzərdə tutulurmu? Bir çoxları bunun Allahla bəndə arasında məsələ olduğunu deyir. İslam dinində buna görə cəza varmı?


Bakupost.az -a açıqlamasında ilahiyyatçı Elşad Miri dində Allahın təhqir olunması qarşılığında cəza olmadığını deyib:




“Peyğəmbərimizin sağlığında ona nə qədər zülm ediblər, Allahı söyüblər, təhqir ediblər, lakin Peyğəmbərimiz onları döymədi, söymədi. O deyirdi ki, Ey Allahım, onları bağışla, çünki onlar bilmirlər. Allah Quranda deyir ki, biri sizə xəbər gətirdiyi zaman onu mütləq araşdırın. Araşdırmadan hansısa qərar vermək doğru deyil. Bu, qaranlıqda daş atmaq kimi bir şeydir, yəni kimə dəydi, dəydi. Quranda ən böyük zülm olaraq adlandırılan, məsələn, Allaha şərik qoşmaqdır. Yəni Allahdan başqa varlığı – insanları, digər canlıları, heykəlləri Allahın adına istifadə etməkdir. Bu gün ən böyük zülmü insanlar özləri pirlərə gedərək edirlər, Allaha şərik qoşurlar. Allah deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Biz deyirik ki, yox, sən bizə şah damarımızdan yaxın deyilsən; biz gedək, filankəs ağanın qəbrini ziyarət edib onun vasitəsilə Səndən nəsə istəyək. Beləcə Allahın dediyinə zidd gedirik. Allaha qarşı hörmətsizlik budur. Allahın kimliyi ilə bağlı məsələləri gündəmə gətirmək əvəzinə, pisliyə qarşı yaxşılıq etmək əvəzinə, bu cür davranışlar sərgiləyirik. İslamın yeganə mənbəyi Qurandır. Quranı açıb baxaq. Burada Allah başqalarının tanrılarını söyməyi belə qadağan edir ki, siz onları söydüyünüz zaman onlar da sizin tanrınızı təhqir edəcəklər. Amma bunun müqabilində heç bir cəza forması qeyd olunmayıb. Ümumiyyətlə, belə bir hadisənin olub-olmadığını dəqiq bilmirik”.


İlahiyyatçı Tural İrfan isə bildirib ki, Allahın təhqir edilməsi yolverilməzdir:





“Hindistanda inəyə ibadət edirlər. Ona qarşı xoşagəlməz hərəkət etdikdə həmin şəxs cəmiyyətdə mənfi qarşılanır, qanun qarşısında isə məsuliyyət daşıyır. Azərbaycanda, ümumiyyətlə, müsəlman xalqlarında müqəddəs varlıq kimi Allaha pərəstiş olunur. Təbii ki, bu baxımdan Allahın təhqir edilməsi yolverilməzdir Bu, islam dinində küfr kimi qəbul olunur. Amma burada bir məsələ var. Bu iddianı kim edibsə, 4 şahidi olmalıdır. İslam dinində, şəriətində və bizim qanunumuzda da belədir. Bir hadisə iddia edilibsə, ya təhqir edən etiraf etməlidir, ya da 4 şahid gözü ilə gördüyünü, qulağı ilə eşitdiyini təsdiq etməlidir. Əks halda bu bir iddiadır. Bu cür məsələləri manipulyasiya hesab edirəm. Belə bir məsələ varsa, aidiyyəti orqanlara müraciət olunmalı idi. Bununla bağlı da qanuni bir qərar qəbul olunardı. Dini baxımdan bunu iddia edən insanların da sübutu olmalıdır. Təsdiq də, inkar da sübutla olmalıdır. Sübut yoxdursa, kimsə haradasa deyibsə, yuxuda görübsə, bu özü elə Yaradanın hörmətdən salınması deməkdir”.


Aynur
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Allahı söyən adamlar daha çox Basarkeçərin Zər-zibil(Zər kənd) kəndindən olan kürdlər idi.Onlar bir-biri ilə rastlaşanda "Allahını belə-belə edim" deyimi ilə görüşürdülər.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər