Ru
13:51 / 29 İyul 2022

AMEA niyə darmadağın edildi?

5913
Heç nəyi bəzəyib-düzəmədən, hər şeyi olduğu kimi adlandırmaq yaxşı olardı. AMEA haqda ötən gün verilən Prezident Fərmanı faktiki olaraq bu qurumun ləğv edilməsi, əvvəlki əzəmətinin əlindən alınmasıdır.

AMEA artıq qeyri-hökumət təşkilatı səviyyəsində bir qurumdur.


Əslində, EA, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və s. kimi qurumlar sovet dövrünün “qht”ləri idi. Amma bu qurumlara qrantlar dövlət büdcəsindən ayrılırdı və külli miqdarda vəsait sərf edilirdi.


Sovet təbliğatçıları EA kimi qurumlarla alimləri bir növ nəzarətdə saxlayır, onların öz “dövlətlərini” qurmasına şərait yaradır, o “dövlətin” maliyyəsini təmin etməklə, alimlərin ideoloji sapmalarının qarşısını almaqla bərabər, onları öz daxillərində “vəzifə” davası aparanlara çevirirdi. Həm alimlər neytrallaşır, həm də pilləli elmi adlar almaq, vəzifə tutmaq üçün çoxqatlı maneələri keçmək uğrunda ömür xərcləmək lazım gəlirdi.


“Mükəmməl sistem” idi - EA-lara möhtəşəm binalar verilmişdi, geniş torpaq sahələri, əkin-biçin yerləri, təcrübə zonaları, istirahət evləri, yataqxanalar, yaşayış evləri ayrılmışdı.


Azərbaycan Milli Elmlər Akademiyası üçün də geniş şərait yaradılmışdı və bu qurum sovet dövründə malik olduğu böyük sərvətin bir hissəsini əldən versə də, əhəmiyyətli parçasını qoruyub saxlaya bilmişdi. Ədalət naminə mütləq qeyd edilməlidir ki, AMEA-ya aid yataqxana və yaxud bağlar, torpaq sahələrinin “əlindən alınması”ndan yox, “əlləri ilə öz maraqlarına uyğun verilməsindən” danışmaq daha doğru olardı. AMEA rəhbərliyinin öz torpaqlarında MTK-lara bina tikmək üçün verdikləri qərarlar, alimlərə çatacaq evlərin mənimsənilməsi, yataqxanaları öz bildikləri kimi özəlləşdirmək və s. proseslər zaman-zaman gündəmə gəlib.





EA-lar həm də böyük intriqa yuvası olub hər zaman və AMEA da bu intriqadan kənarda deyildi. Yarımmüstəqil, ayrıca “dövlət” kimi imkan tanınmış AMEA-da Ramiz Mehdiyevin gəlişi ilə nələr yaşandığını və bu qurumun hansı həcmdə olduğunu yəqin xatırlamayan olmaz – bir neçə ay əvvəlin hadisələridir.


AMEA Azərbaycanda böyük nazirliklərlə müqayisə oluna biləcək bir qurum idi.


O ki qaldı AMEA-nın ləğv edilməsinə, bu, çoxdan baş verilməli bir proses idi: AMEA hazırkı strukturla tələblərə cavab vermirdi. Dəfələrlə bu qurumda institutların birləşdirilməsi, xərclərə qənaət, optimallaşma ilə bağlı müzakirələr aparılsa da, illər ərzində bu proses həyata keçirilmək əvəzinə AMEA-da eyni istiqamətli yeni-yeni institutlar, qurumlar yaradılması, nədənsə, daha məqbul sayılırdı. Sanki AMEA-nı şişirtməyə davam etmək, daha çox böyütmək və yeri gəldikcə dövlətlə dövlətçilik etmək yolu tutulmuşdu.


Nə qədər qəribə də olsa, “Rusiya “5-ci kolonu” adı gələn kimi də gözlər AMEA-ya dikilirdi.





Daha bir problem isə bəzi institut direktorlarının kürsülərindən istifadə etməsi və institutların imkanlarından öz bizneslərini qurması ilə bağlıdır. Bəzi institutların məhdud məsuliyyətli cəmiyyətlər yaratması, dövlət sifarişlərini öz şirkətlərinə verməklə külli miqdarda vəsaitləri talaması barədə hələ Ramiz Mehdiyevin prezidentliyi dövründə arzulanmaz faktlar ictimaiyyətə açıqlanmışdı. Bəlli olmuşdu ki, bu intriqa yuvasından öz sərvətlərini artırmaq üçün istifadə edən şəxslər kifayət qədərdir.


Özünü yeniləməyi bacarmayan, orda çalışan çoxsaylı alimin əməyini düzgün qiymətləndirməyən, onların potensialından doğru istifadə etmək əvəzinə, “ölü canlarla” pul qazanan, inventardan tutmuş çapa qədər, müxtəlif maliyyə yeyintilərinə yol verməyin sonu mütləq belə olmalıydı və hətta gecikib.


Ancaq Fərmanın qısa müddətdə hazırlandığı və təfərrüatı heç də əks etdirmədiyi də bəllidir. Bu isə AMEA haqda qərarın bu qurumun daxilində baş verən iqtisadi-elmi problemlərdən daha çox, siyasi mahiyyət kəsb etdiyini düşünməyə əsas verir.


Belə ki, AMEA-nın çoxsaylı sərvətinin bölüşdürülməsi Fərmanda incəliyinə qədər əks olunmayıb – qurumun səlahiyyətində olan binalar da daxil olmaqla, böyük ərazilər haqda qərar yoxdur; yalnız humanitar sahə AMEA-da saxlanılırsa, bu qurum artıq “Azərbaycan Milli Elmlər Akademiyası” adlana bilməz və ona görə də adı dəyişməliduir; həmçinin Rəyasət Heyətinin taleyinə aydınlıq gətirilməyib və s.


Ola bilsin ki, bütün bunlar Fərmanda nəzərdə tutulan 3 aylıq müddətdə hazırlanacaq və yeni Fərman imzalanacaq.


Elnur
BakuPost


Həmçinin oxuyun:




Şərhlər
  • t.ədalət

    "zəngəzur" adı altında gələcəkdə kürdüstan qurmaq istəyən utopik- xəyalpərvər kürdlər Azərbaycanı tam dağıtmaq,onun müstəqilliyini təhlükə altında qoymaq istəyirlər.Akademiyanın ardınca,güman ki bir başqa sahəni də dağıdacaqlar.Məsələn,İsa Həbibbəylinin Əli bəy Hüseynzadəyə qarşı hazırlatdırdığı yazılar (müəllif Bədirxan Başkeçidli) bizim türklüyümüzə atılan daşlardan biri idi.Əhalini polislə qorxudub,guya istəklərinə çatacaqlarını zənn edən seperatçılar bu yolda ermənistan,Rusiya və İranın dəstəyinə ümid bağlayırlar.Unudurlar ki,Azərbaycanın varlığının keşiyində dayanan Türkiyə kimi bir dövlət var!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər