Ru
16:05 / 02 Dekabr 2022

Avropaya ixracı artıran Azərbaycan niyə Rusiyadan qaz alır? - Açıqlama

5910
Məlum olduğu kimi, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında enerji müqaviləsi imzalanıb. Rusiyadan qaz idxalına dair sazişlə Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış enerji müqaviləsini müqayisə etdikdə suallar ortaya çıxır.

Avropa İttifaqı ilə bağlanan sazişdə ilkin olaraq, Avropaya 10, sonra isə 12 milyard kubmetr qaz tədarük olunacağı bildirilir. Hələ sentyabr ayında Energetika naziri Pərviz Şahbazov Bakının bu il Avropaya cəmi 11,5 milyard kubmetr qaz tədarük edə biləcəyini bəyan etmişdi.


Belə olduğu təqdirdə Avropaya bu həcmdə qaz tədarükünün Azərbaycanın qaz sektoruna hansısa mənfi təsirləri ola bilər? Azərbaycan bu sazişi tam həcmdə həyata keçirə biləcəkmi?



Mövzu ilə bağlı Bakupost.az -ın suallarını cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Avropa qarşısında götürdüyümüz öhdəliklərlə bağlı Azərbaycanın qaz təsərrüfatında yerli istehlak həcminin ödənilməsində heç bir çətinlik yaranmayacaq:

“Biz Rusiyadan əlavə olaraq Türkmənistanla da belə bir qarşıqlıqlı mübadiləyə aid müvafiq anlaşmaya gedəcəyik. Artıq bu barədə danışıqlar gedir. Yerli istehlak həcminin qarşılanmasında fasilələrə yol verməmək, çətinliklərlə üzləşməmək üçün swap müqavilələr hesabına Avropa qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirə biləcəyik. Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Bu barədə İlham Əliyev dəfələrlə konkret rəqəmlər söyləyib”.

P. Heydərov həmçinin qeyd edib ki, ölkəmizin Avropa qarşısında alternativ qaz ixracatçısı rolunda görünməsi heç də təsadüfi deyil:

“Avropa əmindir ki, Azərbaycanın bunun üçün hər cür potensialı var. Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdi. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildəkindən 40 % çox olub. Artıq başa çatmaqda olan bu il üçünsə 22 milyard kubmetr ixrac etmək nəzərdə tutulub ki, bunun da 11,5 milyard kubmetri Avropaya çatdırılacaq. Avropa Komissiyası ilə Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər bunu iki dəfəyə qədər artırmaq planlaşdırılıb. Odur ki, TANAP-ın buraxılış gücünü 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın gücünü isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndiriməklə bağlı məsləhətləşmələr aparılır. Azərbaycana Rusiya qazının nəqlinə başlanması faktı fikirləri çaşdırmalı deyil. Belə ki, bu nəql 2023-cü ilin mart ayınını sonundək həyata keçiriləcək ki, tədarük həcmi 1 milyard kubmetrədək təşkil edəcək”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanın Rusiyadan qaz tədarük etməsi ölkəmizin Aİ qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsində çətinlik yaşadığına dəlalət etmir:

“Bu, yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə də Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutan iki ölkə arasında təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair 2021-ci ildə əldə olunan razılığa əsaslanır. Və heç bir halda ölkəmizin qaz sarıdan potensialının kifayət etmədiyi və Avropa qarşısında götürdüyümüz öhdəliyin yaratdığı çətinliklərlə əlaqədar deyil”.

Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər