Ru
23:12 / 07 Dekabr 2022

Ay mənsiz dözə bilməyən, ay narahat, darıxma - Salam Sarvan

3554
Bakupost.az "Gecə pıçıltıları" rubrikasında Salam Sarvanın bir neçə şeirini təqdim edir:


MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA


Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.



HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ


Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı  oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum  atıram.
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.



AY NARAHAT, DARIXMA


Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.


Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.


Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.



ATANDA BİR BAXAYDIN DA…




Bir gün məni axtararsan,

məndən gen düşən sevdiyim.

Nağıldan sonra alma tək

gözümdən düşən sevdiyim.




Axtararsan, axtararsan

tapa bilməzsən sən məni.

Atanda bir baxaydın da

hayana atmısan məni.




İşdən də xəbər alarsan,

«yerində yoxdu» deyəllər…

Özünü divardan asıb

harasa çıxdı – deyəllər.


Şərhlər
  • t.ədalət

    Salam Sarvanın şeirləri özünəməxsusluğu ilə seçilir.Ancaq şeirlərində zərif bir narahatlıq,daha çox giley var.Elə bilirəm ki,şair nə vaxtsa misraların istisi ilə könülləri darayan ,oxucunun gözü qarşısında təbiət lövhələrinin,insan qəlbinin mənzərəsini şəkilləndirən şeirlər də yazacaq.Şeirdəki soyuqluğu,güman ki isti ilə əvəz edəcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər