Ru
15:37 / 12 May 2022

“Aytənin yazdıqları ya mafiyanın xoşuna gəlməyib, ya da hansısa məmurun” - Ekspert

2559
“Azərbaycanda bir neçə dəfə jurnalistə hücum hadisəsi olub, amma üstü açılmayıb. Məsələn, Elmar Hüseynov qətlə yetirildi, bu günə qədər də üstü açılmayıb. Aytən Məmmədovaya qarşı olan cinayətin üstünün açılacağına da böyük ümidim yoxdur. Amma burada jurnalistlərin peşə fəaliyyətini daha təhlükəsiz davam etdirə bilmələri üçün hüquq-mühafizə orqanları bu cinayəti tezliklə açmalıdırlar”.


Bunu Bakupost.az -a təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl deyib.

Ekspert deyib ki, bu cinayətin üstü açılmasa, təkrarlana bilər:


“Jurnalist Aytən Məmmədova nədən yazırdısa, ona baxmaq lazımdır. Deməli orada hansısa məqamlar kiminsə xoşuna gəlmir: bu, sıravi şəxs, mafiya üzvü, oliqarx ya da vəzifəli məmur ola bilər. Kimin xoşuna gəlmədiyinə dair iki-üç versiya irəli sürülür, onun ətrafında araşdırma aparılır və tapılır. Bunu tapmaq elə də çətin məsələ deyil.


Bu cinayətin üstü açılmasa, jurnalistlər də çox ürəksiz olacaqlar. Düşünəcəklər ki, bunu araşdırsam, məni də vura, öldürə bilərlər. Bu isə Azərbaycan jurnalistikasını məhvə doğru aparan məsələdir. Hüquq-mühafizə, təhlükəsizlik orqanları bu məsələnin üzərinə getməlidir ki, Azərbaycan mətbuatı, Azərbaycan jurnalistikası gələcəkdə rahat işləyə bilsin”.


Ekspert jurnalistlərin təhlükəsizliyi ilə bağlı məsələyə diqqət çəkib:


“Jurnalistin hər birinin ayrı-ayrılıqda təhlükəsizliyini təmin etmək mümkün deyil. Amma jurnalistə qarşı olan hər hansı bir cinayət hadisəsini törədən şəxs cəzalandırılarsa, bu elə ən böyük təhlükəsizlik və profilaktika deməkdir. Əks halda jurnalist özünü qoruya bilməyəcək. Özünü qorumaq üçün gərək yazmasın. Xüsusilə araşdırmaçı jurnalist öncədən bilə bilməz ki, ona kimsə hücum edəcək və yaxud kiminsə hədəfində olacaq. Lakin təhdidlər, hədələr olarsa, hüquq-mühafizə orqanlarını xəbərdar edə bilər”.


Fərid
Baku Post


Həmçinin oxuyun:











Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər