Ru
15:07 / 16 May 2022

Azərbaycan Avroviziyanı boykot edə bilər - "Siyasiləşmiş yarışmaya çevrilib" - Osman Gündüz

2117
“Ötən gün başa çatan "Avroviziya 2022" yarışmasının rəsmi resursunda​ Azərbaycan münsiflərinin Ukraynaya 6 səs veridiyi görsənir. Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir. Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan​ edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb. ​ O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib. Qarşı tərəf, "Avrovizion 2022" təşkilatçıları, Avropa Yayım Birliyi​ isə bununla bağlı rəsmi açıqlama veriblər. ​ Onlar Azərbaycan da daxil olmaqla 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər. Avroviziya kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın​ münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək​ münsiflərimizi​ yarışdan​ kənarlaşdırıb”.


Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Forum prezidenti hesab edir ki, ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı​ fikir ayrılığı olub və​ bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq​ informasiya sızıb. Yarışın qaydalarına görə​ bu tip hallarda nəticələr nəzərə alınmır:

“Güman etmək olar ki, münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar. ​ Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər. Nə etməli? AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir.

Fikrimcə, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin​ bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi, münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi​ və yekun nəticələr əsasında​ rəsmi açıqlama verməsi doğru olardı. Əgər yuxarıdakılardan birinci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər”.


Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər