Ru
11:31 / 06 Oktyabr 2022

Azərbaycan Diasporunun müasir çağırışlara adekvat reaksiyası: təbəddülat və təzadlar

2517
Yeni dünya nizamının formalaşması prosesi sürətli və qeyri-müəyyən hadisələrin fövqündə gedir. Bu xüsusda, etnik-milli təmayüllü problemlər planlı şəkildə qabardılaraq müxtəlif maraqların aləti kimi istifadə olunur.


Dəyişən dünya və Azərbaycan reallığı digər sahələr kimi diasporal fəaliyyətdə də yeni münasibəti və yanaşmanı diktə edir. Dövrün tələb və təkliflərinin dəyişməsi, habelə ənənəvi metodların qeyri-ənənəvi üsullarla əvəz olunması bu məsələnin həllində optimal idarəetmə mexanizminin qurulmasını qaçılmaz edir.


Məhz indiki mərhələdə Azərbaycan diasporunun təşkilatlanması və mütəşəkkilliyi istiqamətində məqsədyönlü və təqdirəlayiq addımların atılması, bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsini, müasir dövrün meylləri və çağırışları fonunda kompleks islahatın aparılmasını və əlavə tədbirlərin görülməsini şərtləndirir.


Maraqlıdır!


Belə həssas və həyacanlı situasiyada Azərbaycan diasporunun ideoloji xətti və koordinasiyası Azərbaycan Prezidentinin unikal hərəkət-fəaliyyəti ilə uzlaşırmı, müəyyənləşdirdiyi siyasətlə paralel xarakter daşıyırmı və ya atdığı addımlarla ayaqlaşa bilirmi?!

Bu xüsusda, hələlik milli maraqlarımız və təhlükəsizliyimiz üçün 3 həyati vacib əhəmiyyətli məqamı analitik təhlil etsək kifayətdir:


1. Azərbaycan Respublikasının xarici siyasət xəttinə uyğun olaraq hücum mövqeyində irəliləyərək beynəlxalq institutlarla işləyir və mövcud mənzərənin tablosunu yarada bilirikmi, yoxsa lokal məkanda özümüz deyib özümüz eşidirik?!


Biz yenə erməni diasporunun arxasındanmı gedirik, yoxsa hansısa parametrlərlə ondan irəlidəyik?!


2. Ənənəvi - bənzər metodlardan (şablon aksiya, mitinq və s.) istifdə edərək səsimizi lazımlı yerlərə çatdırırıq, yoxsa ekektron resurslardan və mediadan, habelə lobbi qruplarının potensialından faydalanırıq?!


3. Ümumilikdə, biz hansı yoldayıq, planımız və proqramımız varmı və nədir? İntellektual diaspora strategiyamızın hədəfi müəyyənləşibmi! Bu çərçivədə, institusional inkişaf varmı, hər hansısa yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq və əməkdaşlıq edilirmi?!


Qloballaşmanın təzahürləri, beynəlxalq aləmdə baş verən situasiyalar, iki və çoxtərəfli münasibətlər kontekstində, eləcə də diaspor məfhumuna müxtəlif yanaşmalara və baxışlara, bu fəaliyyətin spektrinə - “ictimai diplomatiya” - “yumşaq güc” faktoruna keçid edə bilmişikmi?!


Bir sözlə, biz öz içimizdə olan intiriqaları aradan qaldıra bilmişikmi, erməni diasporuna daşımışıqmı, yoxsa əksinə daha da gücləndirmiş və narazı qüvvələri çoxaltmışıq?!


Təbiidir ki, diaspora sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın diasporu üçün universal kadrların hazırlığı məsələsi xüsusi aktuallıq kəsb edir. Burada, strateji planlaşdırma, analitik təhlil və kommunikasiya bacarığına malik şəxşlərin yetişdirilməsi ümummilli məqsədlər sırasındadır.


Qeyd: Biz gərək öz könül xoşluqları, vicdanları və vətənpərvərlikləri ilə təmənnasız Vətənə xidmət edən soydaşlarımızı və həmvətənlərimizi yormayaq, onları təhlükə altına qoymayaq. İndiaksiya əsri deyil, indi informasiya və sosial şəbəkə əsridir. İndi “ağıllı şəbəkələşmə” və “süni intellekt” dövrüdür.


Biz ata-babalarımızın bizə əmanət etdiyi əzəmətli “Qarabağ Atı” ilə öz zəmanəmizdə çapdıq, Ali Baş Komandanın rəhbərliyi ilə döyüşdük, müzəffər olduq və zəfər çaldıq. Bu nəticədə dövlət və diaspora əməkdaşlığının öz yeri və rolu vardır.


Nəticə etibarilə bu ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən qaynaqlanır, Onun “… müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik” fikirinin təzahürdən və Dövlət Başçısının “… mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” prinsipindən ilham alır.


İndi müasir çağırışlara adekvat reaksiyası verməsək, təbəddülat və təzadlar bizi yorar! Amma absurd teatr mövsümündə oynamaq bizi geriyə aparar. Gerçək ssenari üzərində işləmək gərəkdir.


Məsəli bizdən uzaq - atalar sözündə deyildiyi kimi, “Yorğun ata şallaq vursan, şıllaq atar”.


Davamı var…

Yəhya Babanlı,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər