Ru
12:21 / 26 Yanvar 2022

Azərbaycan dövləti medianın sponsoru deyil - Natiq Məmmədli

1756
"Dövləti təmsil edən qurumlar jurnalistləri vaxtı-vaxtında informasiya ilə təmin etməlidir".

Bakupost.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Gömrük sistemində islahatlar: nəticələr,perspektivlər” mövzusunda keçirilən təlimlərin bağlanış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan jurnalistləri ilkin mənbədən tutarlı, dolğun məlumat əldə etmək şansı qazanıb:

“İstənilən informasiyanın 3 tərəfi var. Bu yeni bir fikir deyil. Bu 3 tərəfdən birincisi, informasiyanın mənbəyidir. Jurnalistlər üçün əsas informasiya mənbəyi rolunu oynayan qurumlardan biri dövlət strukturlarıdır. Dövləti təmsil edən qurumlar jurnalistləri vaxtı-vaxtında informasiya ilə təmin etməlidir. Bu baxımdan informasiyanın mənbəyi kimi çıxış edən Dövlət Gömrük Komitəsinin fəaliyyəti təqdir olunur. Mən deyərdim ki, tək bir komitə miqyasına sığmır, digər dövlət qurumları üçün də bir nümunə yaranır. Bu artıq 5-ci təlimdir keçirilir. 150-dən çox jurnalist həmkarlarımız bu tədbirdə iştirak ediblər. Bu o deməkdir ki, Azərbaycan jurnalistləri ilkin mənbədən tutarlı, dolğun məlumat əldə etmək şansı qazanıblar. Bu məlumatlar təkcə tədbir çərçivəsində yekunlaşmır. Burada əldə olunan informasiyalar mediada işıq üzü görəcək, jurnalist araşdırmalarının əsas axtarış bazasını təmin edəcəkdir. Mediada xüsusilə iqtisadiyyatdan yazan jurnalistlərin fəaliyyətində burada əldə olunmuş informasiyalar çox dəyərli və mötəbərdir. Çünki ilkin qaynaqdan əldə olunur. İnformasiyanın ikinci tərəfi onun ötürülməsidir. Bu ötürülmə funksiyasını jurnalistlər yerinə yetirir. Çalışırıq ki, doğru, düzgün, qərəzsiz informasiya təminatınını həyata keçirək. MEDİA məhz bu istiqamətdə çoxlu sayda təlimlər, treninqlər keçirir. Bu il də həmin fəaliyyət davam etdiriləcək. Söhbət jurnalist peşəkarlığının artırılmasından, media subyektlərinin daha da güclənməsindən, iqtisadi qaynaqlarının güclənməsindən gedir”.

Natiq Məmmədli mediaya maliyyə yardımlarının ayrılması ilə bağlı yaranan suallara da aydınlıq gətirib:

“Bu ay media subyektləri, yəni həm qəzetlərimiz, həm də veb-saytlar üçün müsabiqəni yekunlaşdırdıq. 55 media subyekti həftəlik, gündəlik qəzet, eyni zamanda xəbər saytları və idman saytları MEDİA-nin bu ilin birinci yarısı üçün dəstəyinə layiq görüldü. Çox təəssüflər olsun bizim bəzi həmkarlarımız elə başa düşürlər ki, onlar hər hansı bir media subyekti, sayt yaradıblarsa və dövlət birmənalı şəkildə bunu dəstəkləməlidir. Dövlət heç bir media subyektinin yaradılmasını sifariş vermir. Bir nüansı xüsusi olaraq bizim media cameəsı üçün qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti medianın sponsoru deyil. Dövlət Azərbaycanın informasiya mühitinin sağlamlaşdırılması, onun rəqabətə davamlılığının artırılması istiqamətində ictimai və dövlət maraqlarından irəli gələn layihələr də həyata keçirir. Bizim media subyektləri də bu layihələrdən faydalanmalıdırlar. Bizim göstərdiyimiz dəstək hər hansı bir media subyektinin fəaliyyət göstərməsi üçün onun xərclərinin təxminən 10%-ni təşkil edə bilər. Əsas məsuliyyət media subyektinin üzərin düşür. Azərbaycanın hər bir qəzetinin, saytının öz siması olmalıdır. Azərbaycan jurnalistinin hörməti, nüfuzu digər peşə sahiblərindən fərqlənməməlidir. Məhz bu hörməti jurnalist öz sözü, siması ilə qazanır”.

Natiq Məmmədli vurğulayıb ki, bu yaxınlarda Milli Məclisin 3 oxunuşundan keçmiş və geniş ictimai müzakirə olunmuş Media Haqqında Qanunun Azərbaycan informasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq:

“Bəzilərinin belə qısqanclıqla qarşılamasına baxmayaraq, Media Haqqında Qanun ifadə azadlığına tam təminat verir. Onun bütün maddələri Azərbaycan mediasının gələcək inkişafı üçün hesablanıb. Bu həyata keçdikcə bizim mediamız bunu öz fəaliyyətlərində hiss edəcəklər. Nəhayət informasiyanın üçüncü tərəfi onu qəbul edəndir. Bu da bizim yaralı yerimizdir. Bizim cəmiyyətin informasiyanın qəbul edən kəsimi intellektual savadını, media savadlılığını o qədər artırmalıyıq ki, bizim cəmiyyətimiz “fake news” ilə doğru xəbəri fərqləndirə bilsin. Yəni, cəmiyyətimiz düzgün, mötəbər xəbərlə yanlış informasiyanı fərqləndirə bilsin. Belə olduğu təqdirdə də bu üç kompanentin hər bir istiqamətində biz əl-ələ verib işləsək, səylərimizi əsirgəməsək, məhz bu həm peşəkar mediaya, həm peşəkar informasiya qaynağına gətirib çıxaracaq, həm də cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsi ilə nəticələnəcək. Xüsusi vurğulayaraq qeyd etmək istəyirəm ki, ümumiyyətlə Dövlət Gömrük Komitəsinin media ilə işi digər dövlət qurumları üçün də nümunə olmalıdır. Bu nümunədən nə qədər çox istifadə olunsa, bəhrələnsə Azərbaycan mediasında ilkin mənbədən informasiya əldə etmək imkanı o qədər artacaqdır”.

Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər