Ru
11:25 / 09 Dekabr 2021

Azərbaycan dünyaya örnək bir ölkə olacaq - Vaterlo Universitetinin prezidenti - MÜSAHİBƏ - FOTO

13347
Enerji məsələləri üzrə nüfuzlu alim, dünyanın qabaqcıl universitetlərindən biri, Kanadada yerləşən Vaterlo universitetinin prezidenti (2011-2021), sonuncu beynəlxalq təhsil sammitinin əsas spikerlərindən biri, Türkiyədə doğulan azərbaycanlı Feridun Həmdullahpur Bakupost.az -a eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Xoş gördük sizi Feridun bey. İllər sonra sizi yenidən Azərbaycanda görmək çox xoşdur. Sizi Azərbaycana bağlayan nədir?

- Hər birinizi salamlayıram. Xüsusilə də doğma insanların arasında olmaq böyük xoşbəxtlikdir. Bura mənim ata-baba yurdumdur. Öz yurdumuza gəlmişəm.

Çünki damarlarımda Azərbaycan qanı axır. Ona görə də Azərbaycanla təbii bağlılıq var. Amma mənim anam-atam, onların valideynləri İranda yaşayan azərbaycanlı olaraq Türkiyəyə köçüblər. Mən də Türkiyədə doğulub böyümüşəm. Artıq 40 ildir Kanadada yaşayıram, amma heç vaxt Azərbaycan əsilli olduğumu unutmadım. Həmçinin azəri türklüyüm də mənimlə yaşayır. Ona görə də qəlbimdə Azərbaycana olan sevgim çox özəldir və hər gün hiss etdiyim bir duyğudur.

- Azərbaycan 44 günlük haqq savaşında 30 ildən sonra Zəfər qazanaraq öz torpalarını geri qaytardı. Zəfərimiz haqqında sizin də fikirlərinizi öyrənmək istərdik…

- Mənim və dünyanın bildiyi Azərbaycan çox dərin kökə, mədəniyyətə malik sülhsevər ölkədir. Lakin Azərbaycanın torpaqları təcavüzə məruz qaldığı halda, bu mövzuda Azərbaycan heç vaxt aqressiv olmayıb. Həmçinin haqqı olan əlindən alınmışdı. Dünya buna başqa bir şəkildə baxırdı. Bu mövzuda Azərbaycana hörmətim çox böyükdür. Çünki Azərbaycan prinsiplərindən vaz keçmədi, heç vaxt geri addım atmadı və haqqı olanı geri qaytardı. Bu başqasının malı-mülkü deyil, öz haqqı olan torpaqlarını geri qaytardı. Buna görə çox xoşbəxtəm. Düşünürəm ki, bu məsələ artıq geridə qaldı və gələcəkdə Azərbaycanı daha uğurlu addımlar gözləyir. Zəfərdən sonra Azərbaycan Qarabağda yenidənqurma işlərini çox sürətlə həyata keçirir. Bu nöqteyi- nəzərdən Azərbaycanın görməli olduğu uğurlu işlər çoxdur. Əminəm ki, bunun da öhtəsindən çox layiqli şəkildə gələcək.



- Feridun bəy, Azərbaycanda Qərbi Kaspi Universitetində “Gələcəyin enerji həftəsi” ilə bağlı layihə həyata keçirilir. Bu hansı zərurətdən yarandı?

- İlk olaraq “Gələcəyin enerji həftəsi”ni təşkil edən Qərbi Kaspi Universitetinə və digər qurumlara təşəkkür edirəm. Enerji hər zaman önəmli bir məsələ olub. Lakin son 10 ildə, xüsusilə keçdiyimiz bir neçə ildə enerjinin önəmi daha çox artdı. Çünki iqlim dəyişikliyi səbəbindən yaranan böhranı bu gün bütün dünya açıq şəkildə görür və artıq bunun üçün hərəkətə keçməliyik. Ətrafda iqlim dəyişikliyinin enerjiyə olan bağlantısı çox açıq şəkildə görünür. Bu gün bizim gördüyümüz çox böyük temperatur artımları, quraqlıq, digər tərəfdən sellər, fırtınalar, yəni ekstrim dediyimiz şeyləri görürük. Artıq daha çox sübuta ehtiyac yoxdur, bunları çox açıq şəkildə görürük. Sırf özümüz üçün yox, bizdən sonrakı nəsillərin gələcəyi üçün çox qarışıq bir rəsm görürük. Bunu düzəldə bilmək üçün enerjinin bir çox istiqamətlərini bilməliyik. Bu səbəbdən nə qədər çox alternativ enerji qaynaqları gətirə bilsək, o qədər dünyaya kömək etmiş olarıq. Əlbəttə ki, hədəflərimiz və bu istiqamətdə çox konkret addımlar var. Azərbaycanda Qərbi Kaspi Universiteti belə bir layihəni həyata keçirməklə, məsələnin çox önəmli bir parçası olublar. Uğurlu ola bilmək üçün ən önəmli ünsürlərdən biri bunu daha yaxşı başa düşməkdir. İnsanların yaratdığı karbon dioksidin atmosferdə çox yüksək miqdarda olması və onun səbəbindən temperaturun yüksəlməsi müşahidə olunur. Bundan çıxış yollarının hər birini bu gün “Gələcəyin enerji həftəsində” açıqlayırıq. Ümid edirik ki, bunlar hamı tərəfindən başa düşüləcək.

Azərbaycanın bu məsələdə özünəməxsus yeri var. Eyni zamanda Azərbaycan neft ölkəsidir. İqtisadiyyatı çox böyük formada buna bağlıdır. Təbii ki, bu Azərbaycan üçün bir problemdir. Amma əminəm ki, bunu indi anlayıb ona görə bir strateji qurub və öz xeyrinə çevirə bilmək təbii ki, mümkündür. Bu məsələləri də müzakirə edirik.

- Enerji layihələrinin iqtisadi əhəmiyyəti ilə bağlı nə deyə bilərsiz?

- Bu gün alternativ enerji mənbələri çox önəmlidir. Bunun içərisində önəmli ünsürlərdən birincisi Günəş, ikincisi külək, üçüncüsü hidrogen enerjisi və dördüncüsü də bunları “batareya” şəklində toplaya bilməkdir. Bunların hamısı böyük ölçülərdədir. Məsələn, 2030-cu ilə qədər 630 “Giqa Bat” Günəş enerjisi toplana bilər. Eyni zamanda elektriklə işləyən maşınların bu gün satışı 100%-dən 2-3%-dir. Biz bunların 60%-ə çatmasını gözləyirik. Bunların hamısı trilyon dollar məbləğ tutur. Lakin bunların hamısını möhtəşəm iş imkanları, investisiya kimi görmək mümkündür. Bunların hər birini rəqəm formasında sizə deyə bilərəm. Məsələn, Günəş enerjisinə 2030-cu ilə qədər ediləcək yatırımlar aşağı-yuxarı 800 milyard dollar həcmindədir. Buna görə də Azərbaycan kimi neft hasil edən ölkənin qarşıdakı vəziyyətini görüb ona görə strategiyasını artırıb, məsələni təhdid yerinə böyük avantaja çevrilə bilər.

- Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə yaşıl enerjidən, eyni zamanda “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. Sizin Azərbaycanda və azad edilmiş Qarabağda enerji məsələsilə bağlı bir planınız varmı?

- Hazırda bu məsələni müzakirə etməkdən başqa hansısa bir layihəmiz yoxdur. Bu gün Qarabağın düşmən tərəfindən dağıdılması haqqında şəkillər və məlumatlar göstərildiyində çox üzüldüm. Amma Azərbaycan oranı sıfırdan diriltməyə başlayıb. Eyni zamanda alternativ enerji, “Smart City” deyilən şəhər və kəndlərin olması isə çox sevindiricidir. Tutaq ki, normal bir evin gündə istifadə etdiyi enerji miqdarı 60-70 kVat-dır. Əgər hər evdə günəş kollektorlar varsa və onlar 100 kilovat enerji hasil edirsə, bu həm öz ehtiyaclarınızı qarşılayacaq, həm də ehtiyatda saxlaya bilirsiz. Buna görə də başqa şəbəkələrə bağlanmadan öz ehtiyacınızı özünüz həll edə bilirsiz. Bunların olması mümkündür və əminəm ki, Azərbaycan Qarabağda bunları çox yaxşı şəkildə quracaq. Dediyim kimi başlansa, məncə qarşıda Azərbaycan “Smar City”, “ ağıllı kənd” və “ağıllı şəhər” olaraq dünyaya örnək bir ölkə olacaq.



- Dünya təcrübəsində ən çox hansı alternativ enerjidən istifadə olunur?

- Bu gün məlum olan günəş, külək, çox böyük hidrogen enerjisi yeni istifadə olunan alternativ modellərdir. Amma əminəm ki, bu gün bilmədiyimiz, amma gələcəkdə ola biləcək alternativ enerjilər var. Bu gün bütün dünya ən kiçik, amma ən uzun müddət saxlaya biləcək batareyaların hazırlanması ilə məşğuldur. Maşınlarda, evlərdə alternativ enerjini qoruyub saxlaya biləcək yeni işlərin görülməsinə çalışılır.

- Yaxın gələcəkdə dünya alternativ enerjiyə əgər keçsə, neft hasilatının vəziyyəti necə olacaq?

- Neft hasilatı olduğu kimi davam edəcək, amma mütləq azalacaq. Bu əsasən insanlardan qaynaqlanır. Dünyada məşhur maşın kirayələmə firması var, iki həftə əvvəl Teslaya 100 min elektriklə işləyən maşın sifariş veriblər. Çünki onlardan maşın kirayələyən insanlar elektriklə işləyən maşın istəyirlər. Buna görə də insanlar bunu diqtə edir. İnsanlar artıq hər şeyin fərqindədir, ona görə də ağıllı addımlar atmağı seçirlər.

- Azərbaycan alternativ enerji istehsalında nələr qazana bilər?

- Azərbaycan çox şey qazana bilər. Dediyim ki, Azərbaycanın əlində bu gün təbii qaz və neft var. Bunu dəyişik və daha yaxşı şəkildə analiz edib, alternativ enerjiyə ya ortaq olaraq bağlaya bilər, ya da alternativ enerjinin yüksəlməsinə kömək edə bilər. Əminəm ki, alimləriniz, araşdırmacılarınız, dövlət qurumları bununla bağlı Azərbaycan üçün çox yaxşı günəş və külək xəritəsi hazırlayıblar. Əgər diqqət yetirsəz görərsiniz ki, dünyaca məşhur investorlar tamamilə kömür, neft və sairə məhsullardan uzaq dururlar. Ona görə də sizə investisiya qoymayacağını bildiyiniz halda istehsalı davam edərsiz, yoxsa o yatırımların daha çox alternativ enerji qaynaqlarına və ondan istehsal edilən məhsullara yönələcəyini bilsəniz ona görə iqtisadi planlarınızı edəcəksiniz. Dünyadakı bir çox neft firmaları, məsələn SHELL neft istehsal etməsinə rəğmən alternativ enerjilərə investisiya qoyan bir nömrəli firmadır. Eyni şeyi Azərbaycanda da görə bilərik.

- Feridun bey, sonda tövsiyələrinizi alaq..

- Azərbaycanda olmağım həm universitetlərə, həm də Azərbaycana az da olsa xeyrim olarsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Bu, Azərbaycana ikinci gəlişimdir. İlk dəfə 2013-cü ildə Azərbaycanda olan bir konfransa qatılmışdım. Ümid edirəm ki, bundan sonra Azərbaycana daha tez-tez gələ bilərəm və qarşılıqlı şəkildə böyük işlərimiz olacaq. Eyni zamanda Azərbaycan Qarabağ problemini həll edib. Öz haqq olan torpaqlarını geri qaytarıb və bundan sonra Azərbaycan üçün gözəl, işıqlı, parlaq günlərin olmasını diləyirəm. Əminəm ki, Azərbaycan dünya səviyyəsində daha böyük uğurlara imza atacaq.


F. Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər