Ru
10:30 / 07 Oktyabr 2022

Azərbaycan yeni eranın Prometeyidir - Şölət Zeynalovun yazısı

17450
Şölət Zeynalov
Fəlsəfə üzrə fəlsəfə doktoru



Həqiqət çılpaq da, sərt də, qırmızı, kobud və ya nəcib olsa da ləyaqətli olur! İnsanın yaratdığı ən böyük dəyər budur - ləyaqət! Təsadüfi deyil ki, ulularımız düz acını, şirin yalandan üstün tutublar.


Acı həqiqəti deyim: hazırda dünya şəxsiyyət qıtlığı yaşayır. Görünən budur ki, biz insan olaraq müasir miflərik, əsatirik, dramıq, şər kaleydeskopuyuq, acımız şirin, şirinimiz acı və kif dadır, suyumuz yuduqca paklığı deyil, çamuru artırır.


Bu yolu biz mübarizə və həyati çaba adlandırırıq. Ən böyük İnsani aldanış! Dünya topa-topa kül yığınağına bənzəyir, elə bil ki, yağış da, günəş də yer üzünə kül ələyindən kül ələyir...


Amma Sizə bir ümid dolu, arzu-həqiqəti də demək istərdim: elə bir zaman gələcək ki, gələcək nəsillər bizə oxşamayacaqlar, (bu inam anlayan insana həyat və yaşamaq eşqi verir - ikinci bir ümid yoxdur) onlar daha dürüst, daha ağıllı, daha insani olacaqlar.
Həmin dünyada şər şər kimi, xeyirsə özü kimi tanınacaq, ola bilər ki, heç orada şər də olmayacaq. İnsanlar mimikanı, jesti, hisləri, "mən" və kimlikləri ölçə bilən cihazlar icad edəcəklər. Hamı yaratmaq, yaradıcılıq eşqiylə yarışacaq, sevgi tanrı kimi dərk ediləcək. Ruhlar kimi hər şey pak olacaq.


Qocalar həqiqi müdrik, cavanlar comərd, idarə edənlər daha aqil olacaqlar, siyasət oyun, ritorika, fürsət əldəetməni deyil, səmimiyyəti ifadə edəcək! Orada analar ağlamayacaq, bacılar qardaş dərdilə, atalar oğul hüznüylə qocalmayacaqlar, körpə uşaqlar uzaqvuran raketlərin, mərmilərin altında tikə-parça olmayacaq, şəhərlər, kəndlər, gül-çiçək bağçaları məsum insanların al qanıyla suvarılmayacaq!
Tanrı insani şərin, yalan və riyanın yükündən azad və hürr olacaq, bir növ "yükü" azalacaqdır. İnsanlar öz keçmişlərindən - bizdən dərs alacaq, aqressiv olmayacaqlar.


O insanlar bizi xatırlayanda sadəcə köks ötürəcək və bizə tanrıdan bağışlanmaq əfv diləyəcəklər.


Tanrı bağışlayacaqmı?
Ümid sona kimi boy atır!

* * *

Nüvə, manqus, və kobra - Zərdüştün soncu nitqindən fraza...
(ağıldankəmlik və bilik bir arada)

Eşidin, İnsanlar!


Varlı və ya kasıb olsun, fərqi yoxdu, adam ağıldankəm oldusa, onun əməlləri ətrafa pis şeylər gətirir, hər şey - həyat, payız günəşinin qürub çağında olduğu kimi sonuncu zərrələr altında ilğım kimi görünür. Kilsə zəngi, müəzzinin naləsi, İsanın həyata doğru uzanmış müqəddəs barmaqları, yaşıl ağac cücərtiləri Şopenin əsərlərindəki kimi, inildəyir... dayanın, susun, adamlar...


Fəqət kimdi eşidən, kimdi dayanan. Bu səhnə elə bir şeydir ki, süstlük, qıcolma və ilğıma məftunluq kimi zəkanı sehrin felinə uydurur. Sehrin gücü biliyi və ağıldankəmliyi bir meyarda birləşdirir, hamı ovsunlaşır.


Vay ondadır, həmin ağıdankəmin biliyi - bicliyi çox ola, onda məsələ bir az da qəlizləşəcək - dünya sirk səhnəsinə dönəcək. Bax, indi həmin vaxtdır sirkdə "Vojaklar", "Vojdlar" oynayır.


Bilirəm, çoxu fikirləşir ki, mən nə deyirəm, nə yazıram? Bilik və ağıldankəmlik bir araya sığmır axı. İnanın, sığır, vallah sığır, indi dünya özü tam ağıldankəm vəziyyətə düşüb, bu məntiqdir, yol və ağıldankəmlik bizi mənzil başına yaxınlaşdırır, Nüvə silahı çoxu üçün uşaq oyuncağı kimi assosiasiya olunur. Məsələn, ağıldankəmlər minbir cəhdlə Rusiyanı müharibəyə sürüklədi ki, onu iqtisadi, siyasi, maliyə və s. cəhətdən zəiflətsinlər. Əvəzində həm özləri, həm də dünya naqolay vəziyyətə düşdü və indi girdabın sonu görünmür. Amansız bataqlıq hamını udmaq üzrə olsa da, hamı gülür, şənlənir, tamaşanın ən gözəl yerində oturmaq üçün bilet alır - fəqət bilmir ki, bu bilet sonuncudur, bəşəriyyətin ən böyük dram səhnəsində sonuncu əsər oynanılacaq! Aktyorlar, dublyorlar, tamaşaçılar - hamı iş başındadır, səhnə tam quraşdırılıb, total məzarlığın mollası, vaizi də iş başındadır - hər kəsin "işi" var, gücü var, hamı işləyir, - tərəqqi "əsrində" dünya hekayətinin sonunu gözləyir.


O, sözünə davam etdi, inanın, indi biz Nüvə fəlakətinin bir addımlığındayıq, bilikli ağıldankəmlik sivilizasiyanın son zənglərini çalır, Şeytanın son şousunun tamaşaçıları sonuncu dram səhnəsinə biletləri satıb qurtarmaq üzrədir, ssenari artıq fiziki anlamda oynanılır.
Manqus və Kobra ölüm - qalım savaşına hazırlaşır. Kütlə hay salır, Zərdüşt işığı söndür, bu işıq bizi kör edir!


Dünya indi keçid mərhələsindədir, obrazlı desək o, doğum ağrılarını keçirir, hər kəs bu doğuşu gözləyir. Dəccalmı, yoxsa Sülhün ağ atlı elçisimi doğulacaq?


Prometeyi, - rəvayətə görə - tanrılar Qafqaz dağlarında zəncirə vuraraq cəzalandırdılar. O, tanrılardan izinsiz insanlara odun kəşfini, əmək və biliyin yollarını öyrətmişdi, bu azadlıq və "özbaşınalıq" ona ciyərinin qartal dimdiklərinə hədiyyə edilməsiylə mükafatlandırıldı!
Tarixdə Prometey qalacaq - Azərbaycan bu gün yeni eranın Prometeyidir! O, indi Qafqazı Sülh evinə çevirə bilər!

Hamı Tanrıların - Qərbin qərarını gözləyir!


Şərhlər
  • t.ədalət

    Şölət müəllim,yazınız pofosludur.Ancaq bəzi məqamlara yaxınlaşa bilməmisiniz.Əvvala,Azərbaycan Ruysiyanın,yəni Putinin tabeliyində olan bir qurumdur.Sübut kimi ,onu demək olar ki,böyük cinayətlər törətmiş,xeyli hərbiçilərimizin qətlini düşünülmüş şəkildə təşkil etmiş Nacmuddin Sadıkov kimi dılğır gədəni həbs etməyə gücümüz çatmır.İkincisi,Azərbaycan bir-birinin üzərinə yüklənmiş iki gərəksiz marağın - rus müstəmləkə siyasətinin və yaranmış zəifliyi öz xeyirlərinə yönəltmək istəyən seperatçı kürdlərin qurbanına çevrilmişdir.Azərbaycan,sizi dediyiniz yeni eranın prometeyinə yox,piqmeyinə çox yaxındır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər