"Əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur. İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınmışdı".
Bakupost.az xəbəbr verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə deyib.
Onun sözlərinə görə, birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib:
"Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim olunub və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub. Xatırladım ki, sonuncu partiya ölkəyə gətirilən həmin 100 təcili tibbi yardım avtomobilindən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzli idi.
Son alınan avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir. Ambulans parkı tamamilə yenilənənə kimi də yeni nəqliyyat vasitələrinin alınması prosesini davam etdirəcəyik. Bu il üçün də yeni ambulansların satınalması həyata keçirilib. Yeni alınan ambulanslar ekoloji təmiz nəqliyyat vasitəsi olacaq. Bu da “Yaşıl dünya” konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlərə uyğundur.
İnnovasiya və Təchizat Mərkəzi cari ilin 17 sentyabr 2024-cü il tarixində “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlayıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir".
Aygün, BakuPost