Ru
14:25 / 10 Yanvar 2022

Azərbaycanda 16 jurnalist koronavirusdan ölüb - Ötən ilin hesabatı

878
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb.

JuHİ sədri Müşfiq Ələsgərli Bakupost.az -a bildirib ki, hesabat 60 KIV redaksiyasını əhatə edən jurnalistlər arasında keçirilən sorğu, həmçinin, 2021-ci il ərzində aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2021-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq aşağıdakı nəticələr əldə edilib.


Sorğunun nəticələri göstərir ki, redaksiyalarda işçilərin 30-40% ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır.

Hesabatda jurnalistlərin 2021-ci ildəki əmək haqqına da yer verilib. Rəyi soruşulanlardan:

- 54 faizi aylıq gəlirlərinin 700-1000 manat;

- 31 faizi aylıq gəlirlərinin 500-700 manat;

- 15 faizi aylıq gəlirlərinin 250-500 manat civarında olduğunu bildiriblər.

Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb.

Media sahəsində 2021-ci ildə diqqət çəkən hadisə və tendensiyalara gəldikdə, hesabatda

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğvi, “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi”nin yaradılması xatırladılıb.

Eyni zamanda “Media haqqında” yeni qanun layihəsinin hazırlandığı qeyd edilib.

“COVİD-19 pandemiyasının təsirləri 2021-ci ildə də özünü göstərib. Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə 117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.


Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində 800 nəfərdən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib”,-deyə hesabatda qeyd olunub.


Bildirlib ki, Ermənistanın yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlərin ciddi insidentlərlə üzləşməsi halları davam edib. 2021-ci ildə bu səbəbdən Azərbaycanın 2 media işçisi- AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov -Kəlbəcər rayonu ərazisində minaya düşərək həyatlarını itiriblər.

2021-ci ildə özünü jurnalist, KİV qurumu işçisi kimi tədim edərək sui-istifadə hallarına yol verən, şantaj, hədə yolu ilə vətəndaşlardan qanunsuz vəsait tələb edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. Onların sayı 18 nəfər olub . Bu sırada “Bəyaz TV” adlı Youtube kanalının, “Cia.az” informasiya portalının, “Azadinfo.az” MMC-nin, “Xəbər kanalı” səhifəsinin, "Ltv -7” xəbər kanalının, Şəhid ailələrindən “çəkiliş aparmaq” adı ilə maddi vəsait alan “İnform Xəbər TV”nin (Azər Kazımov, Rübabə Vəliyeva), “www.sheffaf.az” xəbər portalının, “www.azinfo.tv”-nin və digərlərinin (ümumilikdə 18 KİV qurumu) adları xüsusilə diqqət çəkib.


"Qərb bölgəsi press" adlı qəzetin təsisçisi Bəxtiyar Əliyev isə Aslanov Vasif Elman oğlu tərəfindən qətlə yetirilib. Rəsmi məlumatda qeyd edilib ki, Vasif Aslanov Bəxtiyar Əliyevi KİV adından şantaj əməlləri ilə məşğul olduğuna, onu şantaj etdiyinə görə qətlə yetirib.


2021-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından biri - Lider TV - öz fəaliyyətini dayandırıb.

Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2021-ci ildə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. "Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla əfv edilib. “Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) da azadlığa çıxıb. Jurnalist Elçin Həsənzadə isə həbs cəzasını tam çəkdikdən sonra azadlığa çıxıb.


Jurnalistlər üçün tikilən 3-cü binanın Şəhid ailələrinə verilməsi ilə bağlı təşəbbüs gündəmə gətirilib. Bu məqsədlə Prezidentə müraciət edilib. Müraciəti 38 nəfər KİV, jurnalist təşkilatı və QHT rəhbəri imzalayıb. Təşəbbüs birmənalı qarşılanmayıb. 132 nəfər jurnalist bu təşəbbüsün əleyhinə çıxıb. Mövzu qərar verilməmiş saxlanılıb.


2021-ci ildə bəzi rəsmi qurumlar tərəfindən jurnalistlərin informasiya almaq hüququnu zorakılıqla məhdudlaşdırma halları da qeydə alınıb. Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin rəhbəri mayor Rövşən Cahangirovun “Baku TV”nin əməkdaşlarına qarşı fiziki təzyiq göstərməsi ciddi tənqidlə qarşılanıb.


Yazdıqları yazılara görə “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Həmidin yüksək məbləğdə cərimələnməsi, “Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin uzun müddətli sorğu-sual edilməsi, "Kanal 13"-ün əməkdaşı Əvəz Hafizlinin reportaj hazırladığı anda fiziki zorakılığa məruz qalması media məkanında neqativ hadisələr kimi qeydə alınıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər