Ru
11:10 / 23 Yanvar 2023

Azərbaycanda fantastik qiymət artımı - Ekspertlər çıxış yolunu nədə görür? - Rəylər

6369
Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Ət, yağ, çay, düyü, qarabaşaq, makaron və qənnadı məmulatlarının, süd məhsullarının, bir sözlə istehlakçıların gündəlik qida rasionuna daxil olan bütün ərzaq mallarının qiymətləri xeyli qalxıb. Qeyri-qida məhsullarının qiymətində də kəskin artım müşahidə olunur. Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş məcunlarının, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım var. Xaricdə istehsal olunan və Azərbaycana idxal olunan məhsulların qiymətində bahalaşma xüsusilə diqqət çəkir.

Ərzaq və qeyri-qida məhsullarının qiymətlərinin kəskin artması, insanların maddi durumunu ağırlaşdırıb, dolanışığını daha da çətinləşdirib. Qiymətlər artdıqca, təbii olaraq, insanların xərcləri də çoxalır. Aztəminatlı ailələr kəskin qiymət artımı ilə əlaqədar bir çox ərzaq məhsullarından imtina etmək məcburiyyətində qalırlar. Kasıb təbəqənin nümayəndələri əsasən, tərəvəz və qiyməti münasib olan digər məhsullara üstünlük verirlər ki, ayın sonuna kimi dolana bilsinlər.

Qiymət artımının insanlara hansı çətinliklər yaratdığını öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən respondentlərin demək olar ki, hamısı bahalıqdan şikayətləndi.

Qiymət artımından narazılığı bildirən paytaxt sakini Cümşüd Şirinov Bakupost.az -a deyib ki, qiymətlər çox bahalaşıb, yaşamaq çətinləşib, insanlar çox əziyyət çəkir:

“Qiymətlər demək olar ki, hər gün qalxır. Bahalaşmayan məhsul yoxdur. Adi qabyuyan mayedən diş məcununa qədər hər şeyin qiyməti qalxıb. Aldığımız maaşla dolana bilmirik. Marketə girib bəzi ərzaqlara baxmaqla kifayətlənirik. Hər şey çox bahadır, almaq olmur. Harda ucuz nə varsa, onu almalı oluruq. Əvəllər bir neçə kilo aldığımız məhsulları indi qramla alırıq. Maaşlar yetərincə qədər artmır. Ərzağın qiyməti isə ikiqat, üçqat qalxır. Biz ailədə 4 nəfərik. Mən, həyat yoldaşım və iki qızım. Yoldaşım işləmir, qızlarım məktəbdə oxuyurlar. Ailəyə tək qazanc gətirən mənəm. Mənim aylıq qazancım isə elə də yüksək deyil. Əvəllər yenə birtəhər dolana bilirdik. İndi bahalıq səbəbindən dolanışıq çox çətinləşib. Maaşım ancaq ərzağa və kommunal xərclərə çatır. Övladlarımın yaxşı təhsil alması üçün gündəlik xərclərini, ehtiyaclarını da ödəyə bilmirəm”.

Sorğuda iştirak edən paytaxt sakini Sənubər Əliyevanın dediyinə görə, son bir ildə demək olar ki, hər şeyin qiyməti qalxıb. Xüsusən də hansı ərzaq məhsullarına tələbat yüksəkdirsə, onların qiymətində kəskin artım olub. Qısa müddət ərzində belə bir artım xüsusilə maddi durumu aşağı olan insanlara təsir göstərir:

“Maaş az, qiymətlər isə od tutub yanır. Biz valideynlər aza da qane oluruq. Ancaq uşaqlar belə deyil axı. Onların böyüməsi və inkişaf etməsi üçün mütləq şəkildə keyfiyyətli məhsullar almağa məcburuq. Uşaqlar hər şey yemək istəyir, ət, toyuq, yumurta, süd, meyvə, şirniyyat məhsulları. Bunların qiyməti isə durmadan artır. Elə bil bütün şirkətlər bir-biri ilə yarışa giriblər. Bu bahalaşma nə zamanadək davam edəcək? Biz buna nə vaxtadək dözək? Dərmanların qiymətlərindən isə heç danışmağa dəyməz. Adam xəstələnməyə də qorxur. Bəzi dərman preparatlarının qiyməti hətta 50 faiz qalxıb. İstifadə etdiyimiz ucuz dərmanlar isə bilərəkdən satışdan yığışdırılıb. Onun əvəzinə bahalı dərmanlar satışa çıxarılıb”.
S.Əliyeva qeyd edib ki, israfçılığa yol verməmək, daha ucuz ərzaq məhsulları və geyim əşyalarını seçmək məcburiyyətində qalır.

Bahalıqdan şikayətlənən Zaur Həsənov bildirib ki, qiymət artımı ucbatından hər şeyə qənaət etmək məcburiyyətində qalıb:

“Artıq iki ildir ki, aldığım 600 manat əməkhaqqının nə qədər dəyərdən düşdüyünü anlayıram. İndiki vaxtda bu maaşla normal yaşamaq mümkün deyil. Bilmirsən, ərzaq alasan, ya kommunal xərcləri ödəyəsən. O qədər bahalıqdır ki, uşaqları da ürəyin istədiyi kimi saxlaya bilmirsən. Onları əyləncə məkanlarına aparanda bir həftəlık bazarlığın pulu xərclənir. Aparmasan da olmur. Uşaqları normal saxlamaq üçün ekonom həyata keçmişəm. Özümə yeni geyim əşyaları almır, nahar yeməyimi evdən götürür, yaxın məsafədə olan yerlərə ayaqla gedirəm. Artıq xərcim çıxmasın deyə siqareti də tərgitmişəm. Ətrafımdakı insanların demək olar ki, hamısı bu vəziyyətdədir. Hamı bahalıqdan çox əziyyət çəkir”.

Sorğuda iştirak edən digər paytaxt sakinləri də ərzaq və qeyri ərzaq-qiymətlərinin çox baha olduğundan şikayətləniblər. Sakinlərin dediyinə görə, bahalaşma insanları çıxılmaz vəziyyətə salıb. Hər şeyin ən ucuzunu alsalar da, israfçılığa yol verməsələr də, yenə də maaş ayın sonuna qədər yetmir.



Millət vəkili Fazil Mustafa bildirib ki, hər sahədə bahalaşma müşahidə olunur. Satılan bütün ərzaq məhsullarının qiymətində artım var. Bu da təbii ki, aztəminatlı ailələri çətin vəziyyətlə üz-üzə qoyur. Maaşlar artan kimi marketlərdə qiymətlər də qalxır. Ona görə də vəziyyətdən çıxış yolu yeni iş yerlərinin açılmasıdır. Bu, insanların rifahını yüksəlməsinə və dolanışıq səviyyəsinin qalxmasına səbəb olacaq:

“Yüksək əməkhaqqılı iş yerləri açılsa, insanların qazancı artar. Dolanışıq səviyyəsi bir az da olsa, yüksələr. Özəl sektor inkişaf etdirilməlidir. Sahibkarlara imkan yaradılmalıdır ki, işlərini genişləndirsinlər, daha çox işçi qəbul edib yüksək maaş versinlər. Bu, insanların sosial rifahinin yaxşılaşdırılmasına səbəb olar”.




Millət vəkili Aydın Mirzəzadə deyir ki, həqiqətən də bazarda qiymətlər bahadır. Baxmayaraq ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir, kifayət qədər meyvə-tərəvəz istehsal edilir, ancaq bahalaşma yenə də davam edir:

"Bunun bir neçə səbəbi ola bilər. Ola bilsin ki, təchizatçılar istehsalçı ilə istehlakçı arasında, yəni kəndlə şəhər arasında qiyməti qaldırırlar. Məhsulların birbaşa tarladan şəhər süfrəsinə çatdırılmasının yeni mexanizmi tapılmalıdır. Mütləq şəkildə qiymətlərin baha olmasının səbəbləri araşdırılmalıdır. Qiymətləri ancaq bir təbəqənin cibinə uyğun təşkil etmək, digər tərəfdən sahibkarı da məhsulunu ucuz satmağa məcbur etmək olmaz. Elə mexanizm hazırlanıb tətbiq edilməlidir ki, sahibkar məhsulunu aşağı qiymətə satıb, gəlirini itirməsin. Yəni kəndli ucuz qiymətlə daha çox gəlir əldə etsin”.



İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda istər ərzaq, istər qeyri-ərzaq məhsulları sürətlə bahalaşır. Rəsmi məlumata görə, 2022-ci ildə ərzaq məhsulları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz bahalaşıb. Məlumdur ki, bizdə rəsmi rəqəmlərlə real rəqəmlər arasında həmişə fərq olur. Təəssüf ki, alternativ statsitik hesablamalar aparmaq da mümkün deyil:

“Rəsmi rəqəmlərin özü belə kifayət qədər böyükdür və Azərbaycanda qiymət artımının sürətini göstərir. Dünyada qeyri-rəsmi olsa da, inflyasiyanı ölçmək üçün 30-a yaxın gündəlik tələbat mallarının qiyməti ayrıca hesablanır ki, hökumətlər vəziyyəti daha aydın görə bilsin. Bizdə belə bir yanaşma yoxdur. Əgər olsa, yəqin ki, 30 gündəlik tələbat malının qiymətinin təqribən 40-45 faizə yaxın qalxdığını görə bilərik. Bu da kifayət qədər ciddi rəqəmdir".

N.Cəfərli qeyd edib ki, qiymət artımı bundan sonra da davam edə bilər:

“Azərbaycanda qiymət artımı ölkəmizin idxaldan asılı olmasından qaynaqlanır. Hazırda ərzaq məhsulları ilə özümüzü təmin etmə faizi çox aşağıdır. Rəsmi rəqəmlərə görə, hazırda istifadə etdiyimiz ərzaq məhsullarının 50-55 faizi öz istehsalımızdır. Ancaq real rəqəm təxminən 20-25 faiz civarındadır. Rəsmi rəqəmlərdə göstəricinin belə yüksək olması xammalı xaricdən gətirilən və ölkəmizdə istehsal olunan ərzaq məhsullarının da yerli istehsal kimi qeyd olunması ilə bağlıdır. Düyü və çay məhsullarını, şəkər tozunu buna misal göstərə bilərik. İstehsal etdiyimiz bəzi məhsulların xammalının idxalı xaricdəki qiymət artımının Azərbaycana daha çox təsir etməsini şərtləndirir”.

Ekspert hesab edir ki, vəziyyətdən yeganə çıxış yolu müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergi və gömrük güzəştləri tətbiq etmək, bu yolla qiymətləri tənzimləmək mümkündür:

“Əlavə dəyər vergisi və gömrük rüsumları ləğv edilə bilər. Bu da qiymətlərin tənzimlənməsinə, əhalinin dolanışığına müsbət təsir göstərər. Hesab edirəm ki, ərzaq məhsullarına ƏDV faizi aşağ salnmalıdır. Bu qiymətlərin geri çəkilməsi və bahalaşmanın sürətinin azalmasında effektli rol oynaya bilər. Digər tərəfdən, ərzaq məhsulları ilə bağlı gömrük rüsumları sıfırlanmalıdır. Azərbaycan özünü cəmi 25 faiz ərzaq məhsulları ilə təmin edir. Ərzaq məhsulları ilə təminat belə aşağı səviyyədədirsə, niyə ölkəyə gələn ərzaq məhsullarının gömrük rüsumu 15 faiz olmalıdır?”

Natiq Cəfərli əlavə edib ki, uzun illərdir ki, ölkədə sosial müdafiə ilə bağlı addımlar atılır, minimum əməkhaqqı və sosial müavinətlər artırılır. Amma elə həmin vaxtdan Azərbaycanda inflyasiya sürətlə artmağa başlayıb:

“Bu ilin əvvəlindən isə qiymətlər fantastik dərəcədə yüksəlib. İndi biz hər həftə qiymət artımının şahidi oluruq. İnflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatda atılan addımlar normallaşmalıdır ki, qiymət artımı daha da sürətlənməsin. Əks halda, pul dəyərini itirəcək. Ona görə də hökumət sosial paketləri açıqlayarkən, yoxsul təbəqəni daha çox nəzrə almalı, paralel olaraq iqtisadiyyatda olan problemlərin həlli istiqamətində addımlar atmalıdır ki, maaş artımları insanların dolanışığına, gəlirlərinin artmasına səbəb olsun”.




İqtisadçı-ekspert Elşad Məmmədov isə deyir ki, bir sıra hallarda idxal zamanı bəzi işbazlar süni qiymət artımına yol verirlər:

“Bunlar nə gömrük rüsumları, nə də məhsulu aldıqları yerdə qiymət artımı ilə izah oluna bilər. Bunun bir səbəbi var. İşbazlar tərəfindən qiymətlərin hədsiz dərəcədə artırılması. Bəzi işbazlar maaş artımından istifadə edərək qiyməti artırmağa cəhd edirlər. Digər ərzaq məhsullarının qiymətinin bahalaşması da avtomatik olaraq meyvə-tərəvəzin qiymətinin süni şəkildə artmasına səbəb olur. Bunun qarşısını almaq üçün dövlət mexanizmi var. Ticarət şəbəkələrində də təəssüf ki, inhisarçılıq var. Ona görə də qiymətlərdə müsbət dəyişiklikərə müəyyən dərəcədə nail ola bilmirik və nəticədə proses davam edir”.




İqtisadçı-ekspert Rəşad Həsənov da qiymətlərin durmadan artmasının əhalinin gəlirlərinin dəyərsizləşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsinə, yoxsulluq səviyyəsinin artmasına səbəb olduğunu bildirib.

Onun fikrincə, ölkədə bahalaşmanın obyektiv səbəblərindən biri dünya bazarındakı bahalaşma ilə bağlıdır:

“Lakin Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin edəcək potensialı var. Ölkəmiz aqrar ölkədir: kənd təsərrüfatı məhsulları üzrə öz-özünü təmin edə bilər. Bir sıra məhsullar - meyvə-tərəvəz, quş əti, yumurta, mal əti və sair üzrə tam özünütəminata nail olunub. Amma əsas ərzaq məhsulu olan buğda təminatında idxaldan asılılıq ildən-ilə artır. Lakin bahalaşma dedikdə biz yalnız ərzaq məhsullarını nəzərdə tutmamalıyıq. Gündəlik tələbat malları var ki, onlar üzrə idxaldan asılılıq ərzaq təhlükəsizliyi qədər vacibdir. Dünyada gedən inkişaf nəticəsində gündəlik tələbat mallarının çeşidi, insan həyatında rolu ciddi dəyişikliklərə uğrayıb. Bu baxımdan, elə məhsullar var ki, onların daxildə istehsalının qurulması ərzaq təhlükəsizliyi qədər önəmlidir”.

Ekspertin dediyinə görə, Azərbaycanda istehsal mühitinin yaradılması üçün fundamental islahatların həyata keçirilməsinə ehtiyac var:

“Ən azından biznes mühiti təkmilləşdirilməlidir. Bunun üçün müvafiq institutlar formalaşdırılmalıdır. Ədalətli məhkəmə, real nəzarət səlahiyyətlərinə malik qanunverici orqan olmalıdır. Xarici investorlara ölkə iqtisadiyyatına investisiya qoymaları üçün normal şərtlər təmin olunmalıdır. Yerli istehsalın xammal idxalından asılılığı aradan qaldırılmalıdır. Bütün bunlara nail olunması üçün iqtisadi və siyasi islahatlar bir-birini tamamlamalı, qlobal inteqrasiya gücləndirilməlidir”.

R.Həsənov bildirib ki, rəsmi elan edilən inflyasiya ilə real qiymət artımı arasındakı fərq hökumətin sosial siyasətinin effektivsizliyinə gətirib çıxarır: “Qiymət aşınması yaşayış minimumunun, istehlak zənbilinin düzgün hesablanmamasına və digər hallarada yanlış hesablamalara səbəb olur”.

Sevinc
BakuPost
Şərhlər
  • Veteran

    Dərhal ÜTT üzv olmaq,manapoliyya son qoya bilər.Monopolstlikdən uzaq sahibkarlara geniş imkan vermək lazımdır.Yəqin bunada hakimiyyətdəkilər icazə verməz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər