Ru
11:44 / 18 Yanvar 2022

Azərbaycanda gənclər niyə gec evlənir? - Maddi imkansızlıq, qorxu... - Ekspertlər

7197
“Xüsusilə maddi təminatı az olan ailələrin övladlarında gec evlənmə halları müşahidə olunur. İkinci səbəb kimi qarşı tərəfin toyla bağlı gözləntilərinin çox yüksək olması, evliliklə bağlı xüsusi tələblərin qoyulmasıdır ki, buna daşınmaz əmlak, toy hədiyyələri, toyun keçiriləcəyi məkanla bağlı narazılıqların yaranması da evlilik yaşının gecikməsinə böyük təsir göstərir”.

Bu sözləri Bakupost.az -a sosioloq Lalə Mehralı “Azərbaycanda gənclər niyə gec evlənir?” sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, problemin ən birinci səbəbi sosial təminatın zəif olmasıdır:



“Ölkəmizdə minimum əmək haqqı 300 manat təyin olunub. Eyni zamanda, gənclərimiz ya 300, maksimum 500 manat ətrafında işləyirlər. Gənc valideynləri ilə yaşayırsa, bu məbləğ onu qismən qane edir. Çünki ailədə tək çalışan özü deyil və ailəyə məxsus evdə yaşayır. Amma sabah evlənəndə həyat yoldaşı ilə birlikdə ayrıca ev almalı, ya da kirayə tutmalıdır. Bu halda ailə qayğıları çoxalır və birbaşa olaraq ailənin yükü həmin gəncin öz üzərinə düşür. Əgər ayrı evi yoxdursa, kirayədə qalmaq məcburiyyətində olacaqsa, o zaman alacağı maaşın demək olar ki, böyük faizi kirayənin təminatına gedəcək. Yerdə qalan məbləğlə ailə saxlamaq mümkün deyil. Bu qorxular da gəncləri evləndirməkdən çəkindirir”.



Sosioloq qeyd edib ki, gec evlənən oğlanların sayı günü-gündən artır:

“Qızların qarşı tərəfdən gözlədiyi çox şey var. Qızlarımız kirayə həyatı yaşamaq istəmədiyi üçün evi olan oğlanla evlənmək istəyirlər. Amma bu da həmişə reallaşmır. Nəticədə yaşı evlilik çağını ötmüş nəsil meydana çıxır. Dövlət evlilik yaşında olan gənclərə, evləndiyi təqdirdə xüsusi güzəştlərlə ev təminatına kömək etməlidir. Düzdür, bizdə yeni evlənən gənclərə ipoteka ilə bağlı güzəştlər təyin edilib və bunun bir neçə örnəyini gördük. Lakin bu ailədə gəlir faizi yüksək olan və dövlət işində çalışan gənc ailələrə şamil edilib. Bu özəl sektorda işləyən gənclərin ailələrinə də şamil edilməli və tələblər yumşaldılmalıdır. Gənclərimizin sosial evlər layihəsinə böyük ümidi var idi. Amma olmadı deyə, gənclik bir növ ümidsizliyə qapıldı. Dövlət bu məsələyə “əl atmalıdır”. Gənclərin evlilik yaşının ötməsi gələcəkdə demoqrafik problemlərin təməlini qoya bilər. Odur ki, bu məsələ üzərində işlənməli və ciddiyə alınmalıdır”.

Psixoloq Səbinə İsmayılova isə mövzunu belə şərh edib:



"Bu suala cavab vermək birmənalı olaraq, mümkün deyil. Müasir dünyada çox şey dəyişib, o cümlədən ailə institutuna münasibət. Bunu təkcə gənc nəsildə deyil, yaşlı insanlarda da görmək olar. Cəmiyyətimiz bir çox cəhətdən daha infantilləşib.

Bu, o deməkdir ki, insan yetkinlik yaşına gec daxil olur, yəni o özü üçün məsuliyyət daşımalı olacağı vaxtı təxirə salır. Yetkinlik yaşı çox gec gəlir və buna görə də çox az adam ailənin məsuliyyətini öz üzərinə götürməyə tələsir.

Çox zaman nəyəsə münasibətimiz və ya fikrimiz yaşadığımız təcrübədən formalaşır.

Bu, ailədəki münasibətlərin nümunəsi və ya şəxsi travmatik təcrübə ilə formalaşır. Bunlar mənimsədiyimiz münasibətlər və şəxsi sərhədlər hissidir. İndi emosional asılı münasibətlərin vaxtıdır. Yalnızlıq isə özünüzə və arzularınıza sadiq qalmağın bir yolu kimi qəbul edilir. Ailə dedikdə sanki özünüzü unudub tamamilə başqasına həsr etməlisiniz. Səhv elə burdadır. Çünki iki nəfərin birliyi, bir-birinə dəstək, qayğı, hörmət və sevgisi ilə hədəflərə doğru birgə addımlaya bilməkdir.

İndiki gənc nəslin evlənmək istəməməsində həyat tərzini və ya hər şeyi günahlandıra bilərik. Ancaq problem çox vaxt əsas təcrübələrdə gizlənir. Valideynlərimiz qohumluq əlaqələrində xoşbəxt idilər? “İndiki gənclərin əksəriyyəti ailədəki qeyri-funksional münasibətləri müşahidə edərək böyüyüb. Təbii ki, alınan psixotravma ilə əlaqədar olaraq bu çətin təcrübəni təkrarlamaq istəmirlər. Beləliklə, "uşaqları tərbiyə etmə, özünü tərbiyə et!” sözünü yada salmaq lazımdır”.



S. İsmayılovanın fikrincə, müasir dünyada pul mühüm rol oynayır:

"Xoşbəxtlik pulda deyil, onların miqdarındadır" atalar sözünün davamını artıq hər kəs bilir, buna görə də çox adam evliliyə faydasız bir şeyə pul xərcləmək kimi baxır. Ailə yeni bir xərcdir, yaxud ailə sahibi olmaq cibə ciddi zərbə vuracağına inananlar var. İnsanlar daim elə bir şəraitdə yaşayırlar ki, onlar düşünür həyat bahalaşır, qazanc isə azalır. Ona görə də bəziləri üçün tək yaşamaq, ailə yükünü üzərilərinə götürməkdən daha asan gəlir".


Qeyd edək ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Son 30 illik statistikaya əsasən bu ən yüksək göstəricidir.

Aparılan təhlillərə əsasən, bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınıb.
Amma 2020-ci ildə qeydə alınan göstərici həmin rekordu da yeniləyib.
Belə ki, ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərin orta yaşı isə 30 olub.

Fəridə
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər