Ru
14:36 / 27 Aprel 2022

Azərbaycanda vətəndaş hüquq və azadlıqları

38192
Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təminatı və müdafiəsi dövlətin ümdə vəzifələrindən biridir. İnsan, vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasına əsasən təmin olunur.


Prezident İlham Əliyev deyib ki, hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanıb və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilib:




“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin respublikamız müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya yeni konstitusiyanın qəbul edilməsini mümkünsüz edirdi. Azərbaycan vətəndaş qarşıdurması astanasına sürüklənmiş, milli dövlətçiliyimiz isə məhv olmaq təhlükəsi altında idi. Mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Məhz belə bir çətin məqamda, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyimizin tarixi səhifələrini yazdı.


Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılıb. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli-mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkan yaratdı.


Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyanın demokratik dəyərlərini əks etdirir”.






Hüquqşünas Pərvin Əliyeva deyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqları və azadlıqları barədə müddəalar öz əksini tapıb. Qeyd olunub ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəliklər insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də, həyata keçirmək vəzifələrini ehtiva edir: “İnsan hüquqları, azadlıqları dedikdə, bütün insanların malik olduğu hüquqlar başa düşülür. Bu hüquq və azadlıqları insan doğulduğu andan əldə edir. Konstitusiyanın müvafiq maddəsində qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz, toxunulmaz hüquq və azadlıqları var, bu hüquq və azadlıqlar onların cəmiyyət və digər şəxslər qarşısında öhdəliklərini ehtiva edir. Bu, insan hüquqlarının təbii mənşəyə malik olmasını tanıyır. İnsan hüquqları içərisində ən mühümü yaşamaq hüququdur. Bütün digər hüquqlar yaşamaq hüquqları ətrafında cəmləşir. Hüquqi dövlətdə bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə olunur. Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə əlaqədar beynəlxalq konvensiyaya qoşulmuş ilk MDB ölkələrindən biridir. İnsan hüquqları içərisində şərəf və ləyaqət – özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Konstitusiyaya əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Konstitusiyada insanların əsas hüquq və azadlıqlarının müdafiəsi əhəmiyyətli yer tutur. Orada vətəndaşların digər hüquqları ilə yanaşı, onların mülki hüquqlarının, xüsusilə, mülkiyyət hüququnun qorunmasına da yüksək səviyyədə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyası öz sistemli strukturu ilə, ayrı-ayrı bölmələrin və fəsillərin bir-birini tamamlaması ilə tam təkmil və mütərəqqidir. Burada dövlət hakimiyyətinə münasibətdə hüququn aliliyi, hakimiyyətin mənbəyi, xalq suverenliyi, insan hiiquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması məsələsi və s, məsələlərin təsbiti öz əksini tapıb.İnsan hüquq və azadlıqlarının təminatı, müdafiə mexanizmi ilə bağlı dünyanın demokratik dövlətlərinin təcrübəsində olan bütün müddəalar da Konstitusiyada öz əksini tapıb”.


Onun sözlərinə görə, insan hüquqlarının, azadlıqlarının təminatı dedikdə, onların dövlət tərəfindən qorunması başa düşülür. Dövlət hüquqları, azadlıqları qorumaq üçün müəyyən tədbirlər nəzərdə tutur və müəyyənləşdirir: “Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi elan edib, ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa şərait yaradıb. Ölkədə daim iİnsan və vətəndaş hüquq və azadlıqları rınm təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində konstitusiya nəzarətinin belə mərkəzləşdirilmiş modeli olduqca demokratikdir. Bir mühüm cəhət də odur ki, konstitusiya nəzarəti sırf formal-hüquqi prosedurlarla həyata keçirilir. Konstitusiyanın əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalq tanınır. Əsas Qanunda ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar öz əksini tapıb. Konstitusiyamızın daha bir üstün cəhəti sosialist nəzəriyyəsi üçün xarakterik olan dövlət mənafelərinin şəxsiyyətin mənafeyindən üstün olması prinsipindən imtina edilməsidir. İnsan və vətəndaşın hüquq və azadlıqlarının bərabərliyi onu bildirir ki, o, bütün insanlar üçün eyni dərəcədə tanınır, hansısa bir şeyə görə hüquqlardan istifadədə diskri-minasiyaya yol verilmir. Hüquq və azadlıqların bərabərliyi dilindən, dinindən, cinsindən milliyətindən, irqindən, mənşəyindən, əqidəsindən, əmlak vəziyyətindən, yaşayış yerindən, qulluq mövqeyindən və s. cəhətlərdən asılı olmadan hamı üçün tanınır: “Konstitusiyanın müvafiq maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin ali məqsədidir. Eyni zamanda Konstitusiyada təsbit olunan insan və vətəndaş hüquq və azadlıqların Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara uyğun olaraq tətbiq olunduğu da qeyd olunur. Bu, Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına konstitusion qaydada çox böyük önəm verməsinin göstəricisidir”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sözlərinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında məhz vətəndaş hüquqlarının, azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib.1998-ci il iyunun 18-də təsdiq olunan və ölkədə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ümumbəşəri dəyər olaraq daim yüksək qiymət verilən insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. O vurğulayıb ki, Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində son illərdə böyük irəliləyişlər əldə olunub. Vətəndaş cəmiyyətinin və demokratik hüquqi dövlətin bərqərar olunması, habelə hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı sahəsində mühüm addımlar atılıb: “Dövlətin insan hüquqlarına verdiyi dəyərin bariz təzahürüdür ki, Prezident İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənəd hesab olan həmin Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsmanın da əsas qayəsi - hər bir kəsin ayrı-seçkiliyə yol vermədən bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolunu oynayaraq, nəticədə demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin bərqərar olunması ilə dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə etməklə sistemli, dinamik iş aparılır. Azərbaycan Respublikasının Konstitusiyasına və milli qanunvericiliyə, qoşulduğumuz beynəlxalq müqavilələlərə uyğun olaraq dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir, hər bir kəsin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə xidmət edir”.





Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyanın bütün bir fəsli məhz insan hüquq və azadlıqları və onun qorunmasının təminatlarına həsr olunub. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, dövlətin əsas ali məqsədi insanların hüquq və azadlıqlarının qorunması və ləyaqətli həyat yaşamasını təmin etməkdir. Bütün öhdəliklər də məhz bu istiqamətdə qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra bütün beynəlxalq insan hüquq və azadlıqları ilə bərabər beynəlxalq konvensiya və bəyannamələri qəbul edib: “Azərbaycan dövlətinin əsas fəaliyyəti istiqamətlərindən biri insan hüquq və azadlıqlarının qorunması və layiqli həyat səviyyəsini təmin etməkdir. O baxımdan da Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb və davamlı alaraq da bu addımlar atılır.






Əliməmməd Nuriyev vurğulayıb ki, dövlət orqanlarının əsas vəzifəsi insan hüquq və azadlıqlarının qorunmasıdır. Bununla yanaşı ölkədə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı ombudsman institutu təsis olunub: “Azərbaycanda üçpilləli məhkəmə sistemi var ki, onun da əsas vəzifələrindən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Ümumiyyətlə, insan hüquq və azadlıqları Azərbaycan milli qanunvericiliyindən üstün hüquqa malikdir. Hətta Azərbaycan bunlarla bağlı beynəlxalq hüquq və qanunları ratfikasiya etməsə belə, həmin insan hüquq və azadlıqlarının təminatı ilə bağlı normalar əgər Azərbaycan qanunvericiliyi ilə hər hansı bir ziddiyət təşkil edərsə, beynəlxalq qanunvericilik tətbiq olunur. Bu da insan hüquq və azadlıqlarına verilən qiymətlə bağlıdır”.



Fond prezidentinin dediyinə görə, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətdə mühüm işlər görülüb. Eyni zamanda bu sahədə nəinki ölkə daxilində qanunvercilik bazasının formalaşdıraraq, institusional strukturlar yaradıb, həmçinin bu istiqamətdə olan bütün beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan dövləti insanların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində konkret addımlar atıb. Bugün də insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlətin əsas hədəfi vətəndaşlarının hüquq və azadlıqlarını qoruyub, onların layiqli həyat tərzini təmin etməkdir. Qeyd edim ki, insanların hüquq və azadlıqlarının müdafiəsi davamlı bir proses olduğundan ölkəmizdə bu sahədə dövrün tələbinə uyğun olaraq təkmilləşdirmə işləri həyata keçirilir: İnsan hüquq və azadlıqlarını pozanlar cəzalandırılır. Hesab edirəm ki, dövlət bu sahədə qarşıya qoyulan bütün məqsədlərə, vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına, layiqli həyat tərzini təmin olunmasına nail olacaq”.


Millət vəkili Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir:





“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlarla əfv sərəncamı imzalanıb, amnistiya aktları qəbul edilib. Bu sərəncam və aktlar on minlərlə insana şamil olunub. Bu, bir daha onu sübut edir ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir. İnsan hüquq və azadlıqlarının qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əsas prioritetlərindəndir”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.






Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər