Ru
14:34 / 06 May 2022

Azərbaycanın dünya birliyinə inteqrasiyası: görülən işlər, əldə olunan nəticələr

33869
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların fəal üzvünə çevrilmək və ölkənin dünyaya inteqrasiyasını təmin etmək idi. Qarşıya qoyulan məqsədə çatmaq üçün keçən dövr ərzində çox mühüm addımlar atılıb.



Prezident İlham Əliyev deyib ki, Azərbaycan dünya birliyinə inteqrasiyanı daim öndə vəzifələrdən biri kimi tutub. Ölkəmizin dünya birliyinə inteqrasiyası dövlətimiz üçün, onun inkişafı üçün, müasir dövrün tələblərinə uyğun texnologiya, elm-təhsil əldə etmək üçün vacib addımlardır:




“Bu, təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Çünki dünya dövlətlərinin də Azərbaycandan əldə edəcəyi, öyrənəcəyi çox şeylər var. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlər ölkəsidir. Daima güclənərək, inkişaf edərək bir çox dövlətləri geridə qoyan Azərbaycan artıq güclü orduya da sahibdir. Elə təkcə 44 günlük Vətən Müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha dünya dövlətlərinə göstərdir”.




Azərbaycanın dünya birliyinə inteqrasiyası olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB), kimi beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq münasibətləri qurub. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verib. Məhz “Əsrin müqaviləsi” və sonrakı illərdə bir-birinin ardınca imzalanan neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib.



Millət vəkili Tamam Cəfərova deyir ki, ümumilli lider Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan ən mühüm addımlardan biridir. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olub. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir:




“Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycan üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub, Azərbaycan dünya birliyinə qovuşub.Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib”.



Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasında son illərdə həyata keçirilən beynəlxalq layihələr, bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması, Azərbaycanın təşəbbüsü və vasitəçiliyilə TAP, TANAP kimi iri transmilli enerji marşrutları ölkəmizi əksər dünya ölkələrinin diqqət mərkəzinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri , Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi kimi mühüm layihələr Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirib.




Eyni zamanda həyata keçirilən bütün beynəlxalq tədbirlər Azərbaycanıb dünya miqyasında nüfuzunun daha da artırılmasın təmin edib, dövlətlərarası əlaqələrini gücləndirərək Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətinə çevirib. Hazırda BMT, ATƏT, NATO, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar və Türkiyə, ABŞ, Rusiya, İngiltərə kimi digər güclü dövlətlərlə sıx əməkdaşlığımız mövcuddur.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, müstəqillik qazandığı dövrdən bu günədək Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirib. Bu gün Azərbaycan müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvdür. Azərbaycan, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir:




“Azərbaycan dünya birliyinə inteqrasiya etməyi və beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb. Azərbaycan artıq dünyada etibarlı tərəfdaş kimi böyük nüfuza sahibdr. Ölkəmiz dünyanın üzləşdiyi qlobal problemlərin həllinə mühüm töhfə verməklə beynəlxalq aləmdəki etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla, ölkələrlə əlaqələri gücləndirir”.


Millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan region dövlətləri, Avropa ölkələri, beynəlxalq təşkilatlarla inteqrasiyası yüksək səviyyədə davam edir. Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir:





“Bütün bu proseslər Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcəkdir”.


Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünya iqtisadiyyatına inteqrasiya yolunu seçib. Bir ölkənin dünya iqtisadiyyatına inteqrasiyasının üç əsas yolu var. Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq, regional iqtisadi təşkilatlarla əməkdaşlıq və ikitərəfli xarici iqtisadi əlaqələrin qurulması. Keçən dövr ərzində Azərbaycan əksər beynəlxalq və regional iqtisadi təşkilatlarla sıx əməkdaşlıq edib. Ümumilikdə, qeyd etmək olar ki, Azərbaycan xarici iqtisadi siyasətində həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr baxımından ikitərəfli iqtisadi əlaqələrin inkişafına çox önəm verib. Azərbaycan 20 oktyabr 1995-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür. FAO 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir. Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO) BMT-nin Baş Assambleyası tərəfindən 1966-cı ildə yaradılıb. Azərbaycan 1993-cü ildən Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatının, 2002-ci ildən isə Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramına (SPECA) üzv qəbul edilib. 1965-ci ildə BMT-nin Texniki Yardım üzrə Genişlənmə Proqramı və BMT-nin Xüsusi Fondunun birləşməsi əsasında yaradılıb. Baş Ofisi Nyu-York şəhərində yerləşir. Dünyanın 177 ölkəsində fəaliyyət göstərir. 1992-ci ilin payızından etibarən Azərbaycanda fəaliyyət göstərir və BMT-yə üzvlükdən sonra ölkədə fəaliyyətə başlayan ilk BMT qurumudur. Ölkəmizin həmçinin 1992-ci ildən Beynəlxalq Valyuta Fondu (IMF) ilə əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin Azərbaycan Dünya Bankının, Asiya İnkişaf Bankının (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankıının, İslam İnkişaf Bankı və Almaniya İnkişaf Bankının (KfW) üzvüdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) əməkdaşlıq edir.


Millət vəkili Vüqar Bayramovun dediyinə görə, müstəqillik əldə etdikdən sonra ölkədə dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox mühüm addımlar atılıb, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib. Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinindaha da genişlənməsinə səbəb olub. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib:





“Hazırda ölkədə mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında çoxlu sayda saziş imzalanıb.Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.Dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir, ölkənin dünyada nüfuzunu daha da artırır”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər