Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Bakupost.az -ın məlumatına görə, Zəlim Kotsoyev 9 avqust 1998-ci ildə Beslanda anadan olub.
O, beynəxalq turnirlərdə birinci uğura 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında imza atıb. Həmin turniri bürünc medalla başa vurub. Bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında Zəlim Kotsoyev bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi olub.
2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilib. 2015-ci ilin iyulunda o, Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib olub. Həmin ilin avqustunda Zəlim Kotsoyev həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.
2023-cü il də Zəlim Kotsoyev üçün uğurlu mövsüm olub. Fransa, İsrail və Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində 1 qızıl və 2 bürünc medala sahib olan Zəlim Kotsoyev mayda Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurub. Noyabrda isə Zəlim Kotsoyev Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qızıl medalına sahib olub.
Zəlim Kotsoyev 2024-cü ilin mayında BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya çempionu olub.