Ru
17:10 / 10 Mart 2023

Azərbaycanlı tələbəni İran kəşfiyyatı həbs edib - Versiya

2046
Xəbər verdiyimiz kimi, fevralın 20-də Tehrana səfər edən azərbaycanlı tələbə Fərid Səfərli itkin düşüb.

Yaxınları martın 4-dən etibarən onunla əlaqənin tamamilə kəsildiyini bildiriblər. Ehtimal edilir ki, Fərid Səfərli İranda həbs edilib. Almaniyada yaşayan azərbaycanlılar, eləcə də Fərid Səfərlinin anası onun müəmmalı şəkildə itkin düşməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib və tədbir görülməsini xahiş ediblər.




Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov da azərbaycanlı tələbənin İranda həbs olunduğunu ehtimal edir.


O, Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün İran tərəfinə nota verib:

"Fərid Səfərli ilə bağlı hər hansı məlumat yoxdur. Onun telefonu söndürülüb. Görünür, İran kəşfiyyatı tələbənin azərbaycanlı olduğunu biliblər. Düşünürəm ki, tələbədən xəbər çıxmamasında onların əli var. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə məşğuldur. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ ilə bağlı açıqlama veriləcək".


Samir Hümbətov qeyd edib ki, bu müəmmalı hadisə ölkəmizə qarşı mesaj xarakteri daşıyır:


"İndiki vəziyyətdə azərbaycanlının orda girov saxlanılması siyasi qalmaqala səbəb ola bilər. Bu məsələnin siyasi tərəfləri də var. Bu günə qədər Azərbaycana qarşı bir sıra təxribatların arxasında məhz İran dayanıb. Ola bilər ki, İran tələbənin kəşfiyyatçı olduğunu iddia etsin. İrandan bu cür absurd iddialar gözlənilə bilər. Orada təkcə azərbaycanlılara deyil, digər ölkələrin vətəndaşlarına qarşı da belə hallar çox olub. Azərbaycan tərəfi açıq şəkildə İrandan tələbənin taleyi ilə bağlı açıqlama verməsini tələb edib. Fərid Səfərli mütləq Azərbaycana təhvil verilməlidir".


Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin



Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər