Bakının mərkəzində yerləşən tarixi binalara müdaxilə edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu paylaşım edib.
O, vurğulayıb ki, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsindəki tarixi binalar ikimərtəbəli olub:
"Şəhərin mərkəzində, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli kücəsinin kəsişməsində, tarixi binaları görün nə günə salıblar. Bina iki mərtəbə olub, üstünə əlavə iki mərtəbə tikiblər. İştah azalmayıb hər tərəfə balkonlar artırıblar, iştah bir az da artıb, keçən səkiləri də bağlayıblar".
Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov münasibət bildirib.
O, qeyd edib ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil:
“Paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib”.