Ru
08:56 / 11 Fevral 2023

Bakıda zəlzələ olsa… Görün, nə baş verə bilər - Böyük təhlükə

31663
Bakıda zəlzələ ehtimalı varmı-yoxmu: kimisi israr, kimisi istisna edir.

Xatırlayıram, 1999-cu il İzmit zəlzələsindən sonra da analoji müzakirə başlamışdı. Seysmoloqlarımız o zaman məşhurlaşdı, silkələndilər və Bakıda belə bir zəlzələ ehtimalının olmayacağını, şayiə yaymağı dayandırmağı tələb etdilər.

Bir ildən sonra Bakıda İzmit zəlzələsi həcmində, ancaq daha az intervallı bir zəlzələ baş verdi.

Yəni kimsə “olacaq” kahinliyi edə bilmədiyi kimi, kimlərsə istisna da edə bilməz.

2000-ci il 25 noyabr zəlzələsindən sonra Bakıda nə dəyişdi? Biz o zəlzələdən ciddi nəticələr çıxara bildikmi?

1. Bakıda kifayət qədər qəzalı binalar var. Müşahidə etdiklərim sırasında Nərimanov rayonunda ötən əsrin 30-cu illərindən qalan 3-4 mərtəbəli binalar liderlik edir. Bu binalara xüsusi zəlzələ-filan lazım deyil, zatən hər gün bir hissəsi qopub tökülməklə məşğuldur.

Binalardan bəziləri “qəzalı” kimi dövlət qeydiyyatına da alınıb və “yaxın gələcəkdə” sökülməsi planlaşdırılır.

Daha mən deyə bilmərəm, “yaxın gələcək” olaraq nəzərdə tutduğumuz zamana qədər Bakıda zəlzələ olacaq, ya yox! Bununla bağlı zəlzələ ilə “anlaşma memorandumu” imzalamışıqmı?

2. 2007-ci ilin avqustun 28-də Yasamal rayonu, Murtuza Muxtarov-185 ünvanında “Mütəfəkkir” MTK-nın tikdiyi bina çökmüşdü. Ən son 15 nəfərin öldüyü bildirildi. Tikinti şirkətinin sahibi Əli Muradov həbs də edildi, səhv etmirəmsə, 74 yaşlı şəxs idi, həbsxanada da dünyasını dəyişdi.

O binanın uçması üçün heç bir zəlzələyə-zada ehtiyac olmamışdı – bina sadəcə çökmüşdü. Ondan sonra nəzarət artırıldı, bəzi səlahiyyətlər bir il əvvəl yaradılan FHN-ə verildi və s.

Lap tutaq ki, 2007-ci ildən sonrakı binalar bir az fərqlidir. Axı Bakıda göydələnlərin qarışıq, basmaqəlib tikintisi 2000-ci ildən start götürmüşdü. Yəni o vaxta qədər ən azı 7 il keçmişdi. O binalar zəlzələyə dözəcəkmi?

3. Bakının Baş planının qəbul edilməsi sanki qəsdən gecikdirilir, kimlərsə buna imkan vermir ki, mümkün qədər Bakıda ayaq qoymağa yer qalmasın, yalnız bundan sonra Baş plan qəbul ediləcək. Yəni Baş plan qəbul ediləndə daha onun “işləyəsi sahəsi” olmayacaq.

İndi olan-qalan nə varsa, icra hakimlərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəfsinə qalıb: icra hakimləri olanları da satır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə fərqli formada icazə verir, yerlərdə isə tamamilə ayrı layihə üzrə tikinti icra edilir, dövlət “fakt” qarşısında qoyulur və s.

Guya, məktəbin hasarının içərisində, ən sıx yerlərdə, evlərin həyətində və s. bina tikilməsindən rayon polisinin, icranın xəbəri-zadı olmayıb. Bina tikiləndən və hətta mənzillər təmir olunub, insanların içinə köçməsindən sonra “sənədləşmənin nizamlanması mərhələsi” başlayır.

Xətai rayonunda satılmayan ərazi, kəsilməyən ağac qalmayıb. Hətta fərdi evlər magistral su, qaz xəttinin üstündə, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilir.

Xatırlayırsınızsa, ötən il Xətai rayonunda magistral su xəttində qəza baş vermişdi və bəlli oldu ki, o magistral xəttin üstünü 2015-ci ildə Xətai rayon icra hakimi satıb, BTİ isə o tikintiyə hətta kupça da verib. Adamın artıq şəxsi mülküdür. O şəxsin mülkünün hasarını uçurub, həyətinə girməkdən başqa çarə olmadı.

“Azəriqaz”, “Azərsu” və ya “Azəristiliktəchizat” yeni variant təklif ediblər: magistral xətləri dəyişdirək. Çünki başqa yolu yoxdur, əks halda gərək insanların kupçalı evləri sökülsün.

Amma magistral xətti hara dəyişdirsinlər? O xətlərin keçməsi üçün yer qalıbmı? Yeganə əlac yollardır – gərək qazıb, avtomobil yollarının altı ilə çəksinlər.

O torpaqları satan, sonra da kupçasını verən kimdir?

4. Bakının geniş, azad küçələrindən, göz oxşayan mənzərəli sahələrindən söhbət gedə bilməz. 20 il əvvəlki Yeni Yasamal ilə indiki Yeni Yasamalı müqayisə edənlər bunu dəqiq müşahidə edə bilər.

O geniş ərazidə indi bircə ağac əkməyə fürsət yoxdur: binalar bir-birinin içində, bəli, məhz içində tikilib: bu binanın pəncərəsini açanda ehtiyatlanırsan ki, qarşı bınanın açıq pəncərəsinə toxunmasın; əl-qolla danışmağa qorxursan ki, birdən, üzbəüz binada fikirli dayanan qonşunun gözünə girər barmağın...

Xətai rayonunda da belədir – olan-qalan əraziləri satıb, təcili, Baş plan qəbul edilənə qədər, tez-tələsik göydələnlər tikirlər: həyət yox, maşın saxlamağa yer yox, uşaqların oynaması üçün kiçicik meydança yox.

Bakı bu günə qoyulub.

2000-ci il zəlzələsi zamanı hamı evindən qaçaraq, binanın həyətinə düşmüşdü ki, dağıntılardan qorunsun.

İndi Bakıda dağıntıdan qorunmaq üçün düşəcək həyət yoxdur. Həyətlər binanın içindən daha təhlükəlidir.

Bakının bütün rayonlarında vəziyyət belədir - ən geniş Nizami, Xətai, Yasamal rayonları isə indi daha bərbad günə qoyulub. Bu ərazilərdə yaşayanlar artıq evlərinə gedə bilmirlər.

Zəlzələ olsa, bu insanlar evlərindən qaçıb, harda dayanacaqlar? Bunu təsəvvür edirsinizmi?

Əgər 2000-ci il zəlzələsi təkrarlansa və allah eləməmiş, bircə bina uçsa, bəsdir – o bir bina Bakıdakı bütün binaları uçuracaq – domino effekti...

Qaçmağa yer olmadığından isə hamımız qırılacağıq!

Hələ bir utanmadan “9 ballıq zəlzələyə davamlı binalardan” bəhs edirlər.

Qısacası, dua edin, zəlzələ olmasın – duanızın qəbul ediləcəyinə inanmıram, doğrusu. Çünki ağzınızın içində bina tikib, sizi həyətdən məhrum edəndə səsini çıxarmayan zatlarsınız...

Anar Niftəliyev
Şərhlər
  • Pael ev sakini

    Bakıda sovet vaxtı tikilmiş "Leninqrad" lahiyəli 9 mərtəbəli panel evlərdə 5 otaqlı mənzillər var. Həmin mənzillərin sahiblərinin çoxusu mənzillərin içərisində konstruksiya dəyişilikləri edərək 2 otaq arasında dayaq divarlarını söküb zal düzəldiblər. Bununla da binaların möhkəmliyini zəiflədiblər. Əgər Bakıda zəlzələ olarsa binalarda sakinlər tərəfindən edilmiş konstruksiy dəyişiliklər nəticəsində həmin binalarda mütləq dağıntılar olacaq. Dövlət orqanları təcili surətdə bütün mənzillərdə sakinlər tərəfindən konstruksiya təyişiliklərinin edilib edilməməsini yoxlamalıdırlar. Sonra gec olacaq.

  • Veteran

    Allah bunların bəlasını versin.

  • t.ədalət

    Elə Nərimanov rayonunda da eyni mənzərədir.Rayonun keçmiş İH başçısı Abidin Fərzəliyev əraziləri tam satıb.Ətrafını da özü kimi kürdlərdən təşkil edən Abidin Fərzəliyevin,deyilənə görə hər yeni tikilidən üç mənzil götürdüyü söylənir.Atatürk parkının ərazisi də A.Fərzəliyevin başqa adlar altında olan obyektləridir.Bəylər Əyyubovun,Məhərrəm Əliyevin himayədarlığı ilə rayonun məktəblərinin də əraziləri yeni tikintilərin meydanına çevrilib.Mane olmaq istəyənləri polisin əli ilə şərləyib həbsxanalara salırdılar.Nəzarət yox,cəza yox.Hüquq-mühafizə orqanları asayişi qorumaqdan çox,yuxarıda adlarını çəkdiyim adamların qanunsuz əməllərinin qoruqçularına çevriliblər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər