Ru
17:05 / 10 Avqust 2022

Balasanyan Azərbaycan generalları ilə görüşüb? - Laçında nə baş verir?

7650
Bu günlərdə bir sıra Ermənistan KİV-ləri Qarabağın “Təhlükəsizlik Şurasının katibi” general Vitali Balasanyanın Azərbaycan nümayəndələri ilə birlikdə Laçına və Zabux kəndinə səfər etdiyi barədə yazılar dərc edib.


Bakupost.az -ın məlumatına görə, yazılarda qeyd olunur ki, o, oradan köçürüləcək ermənilərin evlərini göstərib. Bildirilir ki, Balasanyan Azərbaycan tərəfini köçürülən ermənilərin evlərə ziyan vurmayacaqlarına əmin edib. Xatırladaq ki, bundan əvvəl Kəlbəcər rayonu işğaldan azad edilən zaman orada qeyri-qanuni məskunlaşan erməni sakinlər azərbaycanlılara qalmasın deyə evlərini yandırmışdılar.


Bəzi erməni KİV-ləri Laçın və Zabux sakinlərinə istinadən yazır ki, yerli hakimiyyət ev sahiblərini evlərini yandıracaqları təqdirdə 10 milyon dram (41 min manat) kompensasiyadan məhrum edəcəyi ilə hədələyib. Bu pulla köçürülən ermənilərin özlərinə yeni mənzil almaları nəzərdə tutulub.


“Kəndin mərkəzinə toplaşan sakinlər birdən Vitali Balasanyanın azərbaycanlı generallarla gəldiyini gördürlər. Yeri gəlmişkən, o, birinci dəfə deyil türklərlə gəzir. Onu türklərlə Şuşadakı postlarda da görürdük. Balasanyan türklərlə mehriban danışırdı. Azərbaycanlılar isə artıq evlərimizə baxırlar. Vitali evləri onlara göstərdi, əmin etdi ki, heç kim mənzilləri yandırmayacaq, dağıtmayacaq, hər şey qaydasında olacaq Vəziyyətimizi təsəvvür edirsiniz?” - “Aravot” nəşri yerli sakin Satik Asatryandan sitat gətirir.


Bu gün Ermənistan tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə birlikdə Laçına və Zabux kəndinə səfərini rəsmən təsdiq edib. Xəbərdə deyilir ki, səfər 2020-ci ilin noyabr ayında imzalanan Üçtərəfli Bəyanatın icrası çərçivəsində həyata keçirilib. Vitali Balasanyan Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub.


Qeyd edək ki, Vitali Balasanyan Ermənistan hakimiyyətini Azərbaycanla danışıqlara görə xəyanətdə ittiham edən ən odioz erməni generallarından biridir. Balasanyan hazırda sülhməramlıların nəzarətində olan Əsgərandandır. O, ən fəal Qarabağ separatçılarından biri olub və Qarabağda azərbaycanlıların etnik təmizlənməsinə şəxsən rəhbərlik edib. Bu səhra komandirinin Ağdam və Füzulinin işğalında mühüm rolu olub. O, erməni birləşmələrindən birinə komandanlıq edərək azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə fərqlənib.


Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər