Ru
20:00 / 01 Avqust 2022

Belə insanların başa keçməsi elmi boğmaqdır - Şahlar Əsgərov

11385
“Elmə baxışımızı dəyişməliyik. Elm alimin özünüifadə formasıdır. Əgər bu potensial varsa, alim özünü ifadə edəcək. Əgər yoxdursa, istər alim, istər padşah, istərsə də milyarder oğlu olsun, özünü ifadə edə bilməyəcək. Belə insanların elmin başına keçməsi elmi boğmaqdır. İnkişaf etmiş ölkələrin hamısı elmə əsaslanaraq inkişaf edirlər. Dünyanın 200 aparıcı universitetinin 186-sı inkişaf etmiş ölkələrdədir. Yerdə qalan 14-ü isə ikinci dünya dövlətlərindədir. Elm yeni texnologiya, yeni texnologiya isə yeni məhsul yaradır. Deməli, bazarı zəbt edən məhsulların 60-80 faizi intellektual məhsuldur. Ancaq nəzərə almaq lazımdır ki, elm çox bahalı sahədir”.


​Bu fikirləri Bakupost.az -a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.


Onun sözlərinə görə, hər ölkə elmin bütün istiqamətlərini inkişaf etdirə bilməz. İnkişaf etməkdə olan dövlətlərdə bəzi sahələr (silahqayırma, hərbi sənaye) istisna olmaqla texnologiya yarada bilmir. Bu səbəbdən də yeni texnologiyanın yaradılması zəifdir:


"Misal üçün, qardaş Türkiyənin ixracatında intellektual məhsulların payı 10 faizdən azdır. Texnoloji sinqulyarlıq dövründə yaşayırıq. İstehsal olunan məhsulların çoxu intellektual məhsulardır. Texnologiyaya təsir edən güclü faktor elmdir. Bu faktorun təsiri altında Sinqapurun istehsal etdiyi intellektual məhslun həcmi Rusiyadakından çoxdur. Bizim kimi ölkələrin də Sinqapur, Cənubi Koreya kimi sürətlə inkişaf etməsi nəzəri cəhətdən münkündür. Bunun üçün vacib şərtlər ödənilməlidir".


Şahlar Əsgərov qeyd edib ki, elmin başına kvazi-alim yox, milli mənafeni yüksək tutan həqiqi alim təyin edilməlidir: " Elmimizin fəlsəfəsinə yenidən baxılmalıdır. Həm məzmun, həm də struktur baxımdan Azərbaycan Milli Elmlər Akademiyası modernləşməlidir. O elm sahələri və ya istiqamətləri inkişaf etdirilməlidir ki, onlar ölkəmizə, xalqımıza xeyir gətirər. SSRİ tərkibindəki və bu günkü Elmlər Akademiyası eyni məqsəd daşımamalıdır. İmperiya üçün elmin hər istiqaməti əhəmyyətlidirsə, bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri əhmiyyətlidir. Bunun fərqinə varmaq lazımdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər