Ru
15:56 / 29 Noyabr 2022

Binəqədinin 133 dərdi: 30 dəqiqədən bir gələn avtobus, yollarda donan camaat...

13064
Binəqədidə ictimai nəqliyyatın durumu 90-cı illərdəki mənzərəni xatırladır. Sərnişindaşıma xidməti bərbaddır, əksər avtobusların istismar müddəti çoxdan başa çatıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) “sirli”müqavilələr və yalnız özlərinə bəlli şərtlərlə marşrut xətlərini verdiyi daşıyıcı TRANS MMC pandemiyadan bəri işləməklə yox, sərnişinlərə əzab-əziyyət verməklə məşğuldur.

Artıq aylardır Binəqədi qəsəbəsinin 50 min sakini 133 saylı avtobusu səhər-axşam dayanacaqlarda yarım saatdan çox gözləməyə məcbur olur. Avtobus gələndə isə basabas səbəbindən minmək olmur.



Sərnişinlərin Bakupost.az -a bildirdiyinə görə, kart sisteminə keçəndən sonra avtobusların sayı azaldılıb.

"Yayda kondisionersiz, basabas avtobuslardan camaat təngə gətirmişdi. İnterval 20 dəqiqəyə çatanda "Çinar" MMC-nin dayanacaqlara qoyduğu işçilər yaxında təzə avtobusların gətiriləcəyini və problemin həll olunacağını vəd edirdilər. Sentyabrın 15-dən vəziyyət daha da pisləşdi. Avtobuslar yoxa çıxdı. İnterval 25 dəqiqəyə çatdı. 20 dəqiqəyə son dayanacağa gələn avtobus dolmasına baxmayaraq, yerindən tərpənmir. Sürücü düşüb siqaret çəkir, sərnişinlər əlavə 5-7 dəqiqə də son dayanacaqda gözləməli olur", - deyə qəsəbə sakinlərindən biri şikayətlənib.


Digər bir müsahibimiz isə bəzi günlərdə avtobusun 40 dəqiqədən sonra gəldiyini deyib:

"Ötən həftə bu səbəbdən az qala sərnişinlər avtobus sürücüsünü döyəcəkdilər. Havalar soyuyub, üzü qışa gedirik, amma Binəqədi əhalisi "Çinar" MMC-nin kefinin istədiyi qrafiklə hərəkət etməyə məcburdur. Səhərlər çox vaxt bir neçə interval üçün nəzərdə tutulan vaxt keçsə də, avtobuslar gözə dəymir. İlk dayanacaqda avtobus tamam dolur, sonrakı dayanacaqlarda gözləyən sərnişinlər avtobusa minə bilmir".


Qeyd edək ki, Binəqədi qəsəbəsindən bütün Azadlıq prospekti boyunca hərəkət edib "Gənclik" metrosuna gedən 133 saylı avtobus təkcə qəsəbə camaatını yox, bütün Binəqədi rayonunu, eləcə də Rəsulzadə qəsəbəsində yaşayan sərnişinləri daşımalıdır. Əhalinin sayının çox olmasına baxmayaraq, Binəqədidən "Gənclik" metrosuna cəmi bir avtobus ayrılıb.


"Bu, avtobuslar cəmi 20-24 yerlikdir. Amma hər gün özüm sayıram, bu avtobuslarla bir dəfəyə ən azı 60-70 nəfər daşınır", - deyə sakinlər narazılıq edirlər.


Sakinlər problemlə bağlı dəfələrlə BNA-nın "qaynar xətti"nə şikayət ediblər. Eləcə də avtobusların yığışdığı Binəqədi qarajına gediblər. Lakin hər dəfə onlara “avtobuslar xarabdır", "çatdırmırıq", "avtobus yoxdur", "sərf etmir” kimi cavablar verilib.


Sürücü və dispetçerlərin danışığından belə başa düşülür ki, TRANS MMC intervalı qəsdən çox qoyur. Səbəb isə daşınma xərclərinin azaldılması və daha çox gəlir əldə etməkdir. Çünki gediş haqqı azdır, sürücülərə maaş lazımdır, kart sistemi onlara sərf etmir. Dispetçetlərin dediyinə görə, əvvəl xətdə 16-18 avtobus olub. Zamanla onların bir çoxu yoxa çıxıb. Hazırda gün ərzində 133 saylı marşrut üzrə xəttə buraxılan avtobusların sayı 10-dan artıq deyil".



Sərnişinlərin dediyinə görə, qarajda kifayət qədər avtobus var, amma onlar xəttə buraxılmır:

"İctimai nəqliyyatda belə bir böhran 1990-2000-ci illərdə yaşanırdı. Onda nə BNA vardı, nə də Nəqliyyatın İntellektual İdarəetmə Sistemi".


Binəqədi sakinlərinin ən çox istifadə etdiyi marşrutlardan biri də 79 saylı marşrutdur. Onu idarə edən “Xaliq Faiqoğlu” MMC BNA ilə birgə bəh-bəhlə saytlarda yeni avtobusların gətirməsi xəbərini yayımlatsalar da, həmin avtobuslar 79 saylı xətdən yoxa çıxdı. Hazırda bu marşrut üzrə xəttə köhnə, dağılıb-tökülmüş avtobuslar buraxılıb. Onların da intervalı 20 dəqiqəni keçir.

Ümumiyyətlə, pik saatlarda 133 və 79 tapılmır. İnsanlar məcbur olub, başqa avtobuslarla Binəqədinin mərkəzinə kimi gedir, oradan ya piyada, ya da mikroavtobuslarla özlərini qəsəbəyə çatdırırlar. Belə mənzərəyə də ancaq ucqar kənd yerlərində rast gəlmək olar.

Beləliklə, sərnişinlər ən geci 1 saata evə çatmalı olduqları yolu 1 saat yarım, 1 saat 45 dəqiqəyə gedirlər. Qış aylarında hər tərəfi açıq dayanacaqlarda yarım saat gözləmək hamilə qadınlar, qocalar, xəstə və uşaqlar üçün əsl məşəqqətdir.

Amma görünən odur ki, BNA daşıyıcı şirkətlərə sözünü keçirə bilmir, bu gedişlə heç keçirə də bilməyəcək.



Aygün Musayeva
BakuPost
Şərhlər
  • abbas

    binəqədi sentiralni

  • Qonce

    Salam həqiqətən də çox pisdi yarım saat gozleyirsen sonda dolu gəlir saxlamalar belə şey olar

  • Əsədova Rəqsanə

    Salam. Çox sağ olun bu mövzuya toxunduğunuz üçün. Biz dəfələrlə qaynar xəttə zəng edib 133-dən şikayətimizi bildirmişik,amma vəziyyət düzəlmir.Sürücülər elə öz kefləriylə sürür. Dərsə işə gedənlərin vaxtı boş yerə hədər olur,gecikirik.

  • Yeganə Əliyeva

    Salam.Burda yazılanlar tamamilə doğrudu və eynəndə davam edir,bur deyişiklik yoxdu vəziyyət ancaq pisləşir.Avtobus 1.20-1.30saat gedib çatır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər