Ru
10:38 / 25 May 2022

Biz hamımız, Xoşqədəm tək!

14819
Çingiz Özgür



Bu bizim uşaqlıq oyunlarımızın yazılmamış qaydası idi. Bəzən bizim hamımızın toplamından fiziki cəhətdən bir xeyli üstün, nəhəng biri və ya biz balacalardan yaşda xeyli böyük biri peyda olardı. Min əziyyətlə, yüz zülümlə düzəltdiyimiz oyun meydançasına girib, özünün üstünlüyünü göstərircəsinə elan edərdi:


“Bu dəqiqə buranı dağıdıram”. Ardınca da, bizim soruşmağa cürət etmədiyimiz “Axı niyə?” sualının cavabını verən şərtini açıqlayardı: “Ya da ki, mən də oynayacağam!”. Bizim yenə də ağzımızı açıb etiraz etməyə, “Axı bu oyun meydançası bizim üçündür. Axı biz səninlə oynaya bilmərik, sənin olduğun komanda bizə bircə dəqiqədə qalib gələcək axı…” deməyə cəsarətimiz olmazdı. Heç bu cəsarətə vaxtımız da olmazdı, çünki “nəhəng adam” özü məsələnin həll yolunu tapardı:


“- Siz hamınız bir, mən tək!”


Böyüdük… Tənqidlər gördük, kimin kiməsə təhqirlərini eşitdik, dava-şavalarda, ya eləcə, dava-şavasız edilən söyüşlərin şahidi olduq. Yaşa dolduq, yaşlandıq. Di gəl hələ də, uşaqlığımızdakı “nəhəng adam” travmasından qurtula bilmədik. Bütün eşitdiyim, şahidi olduğum, bildiyim sözləri üst-üstə qoysam, yenə də dünyanın ən ağır kəlməsi sandığım o cümlənin altında əzilər! Bircə dəfə xatırlamağım bəs edir ki, uşaqlığımdakı bütün mənfi yaşantılarım gözlərim önündən film kimi keçsin. Mənim üçün dünyanın ən ağır cümləsidir bu: “ Siz hamınız bir, mən tək…”


Yenə neçə gündür beynimin ta ortası öz-özünə “cızığa düşmüş val kimi” təkrar edir bu cümləni. Səksənirəm, diksinirəm. Əzilirəm…
Neçə gündür gözlərimi hər yumanda, hər açanda, hər yumub-açanda bir cüt göz mənə baxır. Rəngini bilmədiyim bir cüt göz. Rəngini bilmək üçün diqqətlə baxmağa cürət etmədiyim bir cüt göz. Hələ iki yaşı bitməmiş, həyata doğru dürüst “salam verməmiş” bir balanın gözləri. Bu qədər gözəl baxan, bu qədər saf körpə gözləri məni niyə narahat edir ki?


Bu körpə mənim uzaqdan-uzağa tanıdığım, həmyerlimin övladıdır. Bütün övladlar kimi, gəlişi ilə öz ailəsinə, qohumlarına sevinc gətirib, xoşbəxtlik bəxş edib bu körpə. Di gəl, artıq siz də anladınız, bu xoşbəxtliyin ömrü uzun çəkməyib. Körpənin səhhətində baş qaldıran narahatlıqların çarəsini axtaran gənc ailə qardaş Türkiyənin ən gözəl şəhəri İstanbulda öz həyatının ən böyük faciəsini tapıb. Uşaq nadir xəstəliklərdən birinə yaxalanıb. Müalicəsi çox çətin və həddən artıq məsrəflidir.


Qısacası, “ilik nəqli” lazımdır deyiblər, hocalar. Hansı ki, nəyinki bizim ölkədə, heç müasir Avropa ölkələrində belə bu xəstəliyə tutulan insana təkcə öz ailəsinin maddi gücü yetmir. Belə xəstələr yardımla, dəstəklə qurtarılır. Əgər söhbət Avropadan gedirsə, əlbəttə ki, dövlətin yardımı, sığortanın dəstəyi ilə. Amma uzaq getməyək, hadisə bizdə baş verir, Azərbaycanda.


Kor-peşman Vətənə dönən ailə möcüzə gözləməkdə, maddi dəstək axtarışındadır. Qohumlara hay salınıb, dostlara xəbər verilib. Ellilər, həmvətənlər yada düşüb. Vatsap profilləri, Feysbuk qrupları, xeyriyyə cəmiyyətləri xəbərdar olunub. Elə mənim özümə də xəbər beləcə çatıb. Nəticə?


Məbləğ böyükdür. Böyük deyəndə ki, bizim üçün, ailə üçün böyükdür. Təqribən 150-170 min manatdan söhbət gedir. Kiminçünsə bir qonaqlıq, əzizinə alacağı bir hədiyyə pulu. Di gəl bu qədər adamla, bu qədər tanışla, elliylə, qohumla bu rəqəmin heç onda biri də yığıla bilmir.


Və sizcə, bu vəziyyətdə olan körpənin valideynlərinin, yaxınlarının ilk ağlına kim gəlir? Düz tapdınız. Əlbəttə ki, Xoşqədəm. Deyəcəksiniz ki, bəs Zaur? Yox əşşi, sonuncu dəfə bütün rəqiblərinə göz dağı verib 4 milyona yaxın rəqəmi toplayan Zaur əfəndi belə kiçik məbləğlər üçün heç xəyala belə gəlmir. “Kişini xırda işlərlə məşğul etmək düzgün olmaz”. Ailənin kömək istədiyi, təmas etdiyi, ağız açdığı insanlar işində onlarla ziyalı, biznesmen, iş adamı və sairə var. Di gəl ki, onlar da pulu bir başa verməz axı. Verəcəksə efirdə, kameralar aracılığıyla, adı çəkilib alqışlanaraq verər.


Bu dərdi dinləyəndən, o körpənin gözlərini görəndən yol axtarıram. Düşünüb, daşınıram. Dağı-arana, aranı-dağa daşıyıram. Yüzlərlə ziyalı gəlir gözüm önünə. Yazıçı, şair, jurnalist, alim, həkim, iş adamı… Beynimdə hamını bir yerə yığıram. Düşünürəm ki, böyük bir komanda düzəldək, əl-ələ verək, çalışaq. Ömründən hər günü gün gedən, hər keçən dəqiqə ilə ömrü azalan körpə balamızı xilas etmək üçün köməklik edək. Elə bu vaxt haradansa Xoşqədəm xanım peyda olur. Mənim xəyal dünyamdakı alimlər, yazıçılar, ziyalılar bir anda balacalaşır, bapbalaca adamlara dönür. Hörmətli Xoşqədəm xanım bizə yuxarıdan baxıb acı təbəssümlə deyir: “SİZ HAMINIZ, MƏN TƏK! Dİ GƏLİN!”


Qurduğum xəyal uşaqlıqda qurduğumuz oyun meydançası kimi bircə anda dağılır. Ortada tək-tənha qalıram. Düşünürəm… Kişinin qızı yalan demir a, bizim cəmimizin görə bilməyəcəyimizi o təkcə görür. Deyilənə görə yekə bir siyahısı var, o siyahıya düşməyin özü ümiddir, xoşbəxtlikdir. O, edir. O, bacarır!


Bəs biz? Biz bir insan ömrünə toxuna bilərikmi? Ey içi mən qarışıq, Zauru, Xoşqədəmi bəyənməyən insanlar. Ey yenə də içi mən qarışıq, ölkə televiziyasına baxmıram deyən, yerli televiziyaları bəyənməyən dostlar. Biz bircə körpənin ölümə gedən yolunu həyata tərəf çevirə bilərikmi? Bilirəm, deyəcəksiniz ki, bunu biz yox, sığorta etməlidir. Deyəcəksiniz ki, Səhiyyə Nazirliyi məsələyə əl qoymalıdır, filankəslər filan cür etməlidir. Mən də bilirəm onları. Sığortaya da, Səhiyyə Nazirliyinə də, lazımi orqanlara da müraciət olunub. Hamısının xəbəri var. Elə onların da, “Hamısı bir, Xoşqədəm tək” olsa, yenə “Xoşqədəm udar” bilirsiniz…


Bax belə… Böyüdük, dünyaya qafa tutduğumuzu düşündük. Amma uşaqlığımızın ən böyük travması bizdən əl çəkmədi ki, əl çəkmədi. Hara əl atdıqsa, hara üz tutduqsa, qurduğumuz “oyun meydançasını” dağıdacağı ilə hədələyən bir nəhənglə baş-başa qaldıq. “Siz hamınız, mən tək”, deyib bizi sındırdılar. Uddular…


Sonda. Bu yazı bir həyat hekayəsidir. Yazıda bəhs etdiyim körpə də, onun ailəsi də həqiqətdir. Və yaşadığımız bu günlərdə o ailə o körpə naminə bütün varlığı ilə mücadilə aparır. Mənsə yazıda körpənin və ailənin adını çəkmədim. Bilirsiniz niyə? Yaxşılıq etmək istəyərkən, pislik etməkdən qorxdum. Qorxdum ki, işdi-şayət birdən tale üzlərinə gülsə, Xoşqədəm xanıma, lap elə Zaur bəyə bir yol tapa bilsələr, o adamlar bu yazıdan hirslənib, yəni mənə əsəbiləşib çarəsiz ailəni əliboş geri çevirməsinlər. Ümid onlara qalıb axı…


Hə, bir də ki, birdən kimsə kömək etmək istəsə, ailəni tapmaq məni tapmaq qədər asandır. Mən bircə dəqiqədə kömək etmək istəyəni o ailə ilə tanış etməyə hazıram.


Bir ümid…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər