Ru
10:34 / 17 Dekabr 2021

Böyük Sülh Sazişinin imzalanmasına olan ümidlər doğrulur

6515
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


İkinci Qarabağ – Vətən Müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirmişdir.

Eyni zamanda postmüharibə çağırışlarını da nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin bir daha dönməz olduğu xarakterizə olunur. Bu prosesə şəxsən Prezident İlham Əliyevin rəhbərliyi bundan sonrakı bütün görüşlərin də məsuliyyətini artırır.

Soçi görüşündən sonra 14-15 dekabr tarixlərində Cənab Prezidentin Avropa İttifaqı tərəfindən təklif və təşkil olunan Brüssel səfəri bir daha Azərbaycana sülhə əsaslanmış mövqeyini açıq elan etmə imkanı verdi.

14 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli və üçtərəfli görüşləri məhz Azərbaycanın əsaslandığı və təklif etdiyi sülh təklifinin əsasında müzakirələrin davam etdirilməsidir.

Böyük əmək sərf olunan bu görüşlərin yekun bəyanatında Azərbaycanın maraqları demək olar ki, tam olaraq təmin olunmuşdur.
Belə ki, bəyanatda istər sülhün təmin edilməsi, itkin düşmüş şəxslər və onların taleyinə aydınlıq, humanitar mina təmizləmə səylərinə dəstək, istərsə də sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı edilən bütün çağırışlar ölkəmizin ədalətli mövqeyini ortaya qoyaraq regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır.

Xüsusi olaraq itkin düşmüş şəxslərin və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi Azərbaycan üçün olduqca vacibdir, çünki Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4000-dən artıq şəxsin taleyi naməlumdur.

Əslində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel cari ilin 17-18 iyul tarixlərində Cənubi Qafqaza səfəri zamanı Azərbaycanın Avropa üçün önəmli bir tərəfdaş olması ilə və regionda sülh, əməkdaşlıq, quruculuqla bağlı fikirlərini aydın ifadə etmişdir. Və bu, bəyanatda da Azərbaycanın de-yure qələbəsinin reallaşdığını ifadə edir.

Brüsselə səfər çərçivəsində Prezident İlham Əliyevin NATO-nun Baş Katibi Yens Stoltenberqlə görüşündə NATO ilə etibarlı tərəfdaşlıq əlaqələri, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətləri, NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə birgə hərbi təlimləri, habelə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu bir daha mətbuat konfransı vasitəsilə vurğulanmışdır.

Prezident İlham Əliyevin “Azərbaycan regionda yeni reallıqlar yaradıb” fikirləri artıq Avropa İttifaqı ölkələrinin rəhbərləri tərəfindən də qəbul olunmaqdadır və Cənab Prezidentin səfər çərçivəsində keçirilən Şimali Atlantika Şurasının iclasında da iştirakı bir daha təsdiq edir ki, bütün Avropa ölkələrinin rəhbərləri və siyasətçilərinin artıq yeni reallıqdan çıxış edərək öz dəstəklərini ifadə etməsi fikri formalaşdırılır.

Əsası 2009-cu ildə Praqada qoyulmuş Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Azərbaycan Prezdientinin iştirak etməsi və çıxışı bir daha Avropa İttifaqının üzv dövlətlərlə, xüsusən də Azərbaycanda nəzərdə tutulacaq layihələrin hədəflərinin müəyyən olunmasına kömək göstərəcəkdir. Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsinin 11-ci bəndinin formalaşması ilə bağlı Prezident İlham Əliyevin xüsusi təkliflə çıxışının Avropa ölkələri liderləri tərəfindən nəzərə alınması Azərbaycan Prezidentinə olan diqqətin göstəricisidir.
Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.

Postmüharibə mərhələsinin başlanğıcında Azərbaycanın xarici siyasəti və diplomatiyasında demək olar ki, bütün dövlət maraqlarının nəzərə alınması Prezident İlham Əliyevin əldə etdiyi növbəti qələbədir və 2022-ci ildə Böyük Sülh Sazişinin imzalanmasına böyük ümidlər verir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər